ƏLİ KƏRİMLİNİN MÜAVİNİNDƏN MÜTTƏFİQLƏRİNƏ SƏRT CAVAB
Razi Nurullayev: “Blokun aparıcı qüvvəsinin AXCP olduğu heç kəsin nəzərindən qaçmamalıdır”
“Azadlıq” blokunun adından keçirilən mitinqlərə və tədbirlərə blokdakı üç partiyadan ikisinin-Liberal Partiya ilə Vətəndaş İnkişaf Partiyasının qatılmamasından sonra yaranan blokdaxili narazılıq davam edir. ALP-nin sədr əvəzi Əvəz Temirxanın neçə gün öncə mediaya açıqlama verərək Əli Kərimlidən izahat istəməsi, ALP ilə VİP-in aksiyaya qatılmamasının günahını AXCP-nin üzərinə yıxması isə cəbhəçilərin narazılığını daha da artırıb. Əli Kərimli hələ də Əvəz Temirxanın tələbini yerinə yetirməyib. Çünki Əli bəyin Temirxana mətbuatda izahat verməsinə rast gələn yoxdur.
AXCP sədrinin müavini Razi Nurullayev dünən bizimlə söhbətində bu mövzu ilə bağlı sualımıza cavabında bildirdi ki, Əli Kərimli hansısa yanlış və ya anlaşılmaz addım atmayıb ki, kiməsə izahat versin: “Bu bir faktdır ki, keçirilən bütün aksiyaların aparıcı qüvvəsi AXCP olur. Bunu ”Azadlıq” blokundakı müttəfiqlərimiz də çox gözəl bilirlər. Mitinqdə iştirak səviyyəsini araşdırmağa, aydınlaşdırmağa ehtiyac varsa, bunu etmək olar. Ümumiyyətlə, biz istəməzdik ki, müttəfiqlərimiz arasında o cür dedi-qodular olsun. Blokun aparıcı qüvvəsinin AXCP olduğu heç kəsin nəzərindən qaçmamalıdır. Partiyamızın sədri də neçə illərdir ki, bu müttəfiqliyin qorunması üçün çaba göstərir. Odur ki, Əli bəydən izahat tələb olunması məsələsinə yaxşı baxmıram”.
AXCP ilə müttəfiqləri arasında narazılıq yarandığı bir vaxtda bəziləri belə iddialar səsləndirirlər ki, “Azadlıq” blokunu Müsavat Partiyası parçalamağa çalışır. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə bu iddiaları absurd sayır: “Bu iddiaları irəli sürən adamlar bircə fakt göstərə bilməzlər. Müsavatın ”Azadlıq” bloku problemi yoxdur və biz həmin blokun dağılmasında maraqlı deyilik. Sadəcə kənardan görünür ki, onların daxilində müəyyən problemlər yaranıb. Biz buna da qarışmırıq. Müsavat ancaq AXCP ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bunu bizim həmin bloku dağıtmağa çalışmamız kimi qələmə vermək əsassızdır. Əvəz Temirxan AXCP-yə qarşı açıqlama ilə çıxış edir. Məgər bu, Müsavatın günahıdır? Müsavat Əvəz Temirxanı danışdırır? Yəni, iddia irəli sürən şəxslər öncə bir məntiqə varsınlar”.
T.Yaqublu “Azadlıq” blokunun üzvlərinə tövsiyə etdi ki, problemi Müsavatda yox, öz aralarında axtarsınlar. O zaman problemi kimlərin yaratdığını görəcəklər.
Etibar SEYİDAĞA
Yeni Müsavat qəzeti