Articles

ABŞ-ın “Cənubi Qafqaz planı”

12.05.2011 | 11:16

Razi Nurullayev

Son aylar dünyada baş verən siyasi proseslər ən praqmatik siyasətçilər üçün belə gözlənilməz oldu. Dünya siyasi düzənində son illər müşahidə olunan yeni cərəyanlar aşkar hiss olunsa da, etiraf etmək lazımdır ki, bu cərəyanların ərəb inqilabları kimi bir dalğanı özü ilə gətirəcəyini heç kəs gözləmirdi. «Əl-Qaidə» liderinin qəflətən zərərzişləşdirilməsi də Obama adminstrasiyasının çoxşaxəli planlarının işə salındığından xəbər verməkdədir. Artıq, bu planların nədən ibarət ola biləcəyi və necə həyata keçiriləcəyi barədə bəzi məqamlara söykənib fikir bildirmək olar.

Beləliklə, bir müddət zəifləmiş kimi görünən Amerika xarici siyasəti hərəkətə keçib.
Məsələyə düzgün prizmadan yanaşmaq üçün heç unutmaq olmaz ki, ABŞ-ın ilk müsəlman prezidenti Barak Obama Demokrat Partiyasına mənsubdur. Keçmiş MDB ölkələri və digər demokratiyanın tam oturuşmadığı ölkələrdən fərqli olaraq Amerika kimi ölkələrdə siyasətçilər mənsub olduqları ideyalara uyğun siyasət yürüdürlər. Obamanın da demokrat kimi həyata keçirəcəyi planlar, əsasən dünyada demokratiyanı bərqərar etmək olacaq. Bu artıq birmənalıdır.

Yeri gəlmişkən, burada Obama adminstrasiyasının həyata keçirməyə başladığı yeni siyasəti Amerikanın ənənəvi dünyaya sahiblənmək siyasəti kimi yozmaq, heç düzgün deyil. Sual oluna bilər, İraqa və Əfqanıstana girən ABŞ üçün indi xalqların azadlıq tələbləri ilə lərzəyə gəlmiş ərəb ölkələrinə hər hansı bir bəhanə ilə girməsi çoxmu əlçatmaz idi? Liviya təcrübəsi göstərdi ki, yox. Lakin Obama adminstrasiyası tamamilə başqa yol seçdi. Əzilən xalqlara dəstək olmaqla, prosesi öz öhtələrinə buraxmaq. Beləliklə, istiqamətlərdən biri Obamanın seçkiqabağı vəd verdiyi kimi zülmə məhkum olan müsəlman xalqlarına demokratiya uğrunda mübarizədə yardımçı olmaqdır.

İstiqamətlərdən biri də və bizimçün ən vacib olanı da təbii ki ABŞ-ın Cənubi Qafqaz planıdır. Artıq məlum olur ki, ABŞ bu plana görə Cənubi Qafqaza ümumi region kimi yanaşır və burada yerləşən Gürcüstan, Azərbaycan, Ermənistanla bağlı hansısa vahid bir siyasət yürüdülməsi nəzərdə tutulur. Bu siyasət isə yuxarıda qeyd etdiyimiz kimi, yenə də demokratiya tələbləri üzərində qurulub. ABŞ diplomatlarının Gürcüstanda toplaşması isə göstərir ki, Amerika Cənubi Qafqazda demokratik ölkə kimi Gürcüstana hələ də güvənməkdədir. Deməli, qalır Ermənistan və Azərbaycan.

Təsadüfi deyil ki, Gürcüstandakı görüşdən dərhal sonra Rusiya İslam Komitəsinin sədri Heydər Camal belə bir iddiayla çıxış etdi ki, Gürcüstanda Azərbaycanla bağlı hakimiyyət çevrilişi hazırlanır. Bunun ardınca isə Kremlə yaxınlığı ilə seçilən Gürcüstanın Leyboristlər partiyasının baş katibi Soso Şatberaşvili də bənzər iddia ilə çıxış etdi. Əlbəttə ki, bu yalan iddialardır. Sadəcə olaraq söhbət ondan gedir ki, yuxarıda qeyd etdiyimiz məsələlər, ABŞ diplomatlarının Cənubi Qafqazla bağlı toplantısı Rusiyanı çox narahat edir.

Bəs əslində Tbilisidə nədən danışılıb? Tbilisidə ABŞ diplomatları Ermənistanda və Azərbaycanda insan haqları, demokratiya, iqtisadi vəziyyəti, və əlbəttə, münaqişələri, o cümlədən Azərbaycanda elan olunmuş islahatlar kampaniyasının nəyə xidmət etdiyi müzakirə olunub.

Ermənistandakı vəziyyət barədə birinci danışmaq istərdim. Ermənistanla bağlı, daha dəqiq desək, Ermənistan hakimiyyətiylə bağlı Amerikanın və qərbin planları nədir? Məlumdur ki, Ermənistan hakimiyyəti həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Moskva ilə çox sıx bağlıdır. Bu hakimiyyətin əsas siyasi dayaqları hərbdir. Məhz bu baxımdan bu hakimiyyətin prioritetləri ölkədəki əsas müxalifətin keçmiş prezident Ter-Petrosyanın başçılıq etdiyi müxalif qüvvələrin prioritetlərindən fərqlidir. Levon Ter-Petrosyan bu görüşlərini Qərbin və ABŞ-ın diqqətinə açıq şəkildə çatdırıb. Elə bu yaxınlarda BBC-i radiosuna müsahibəsində qeyd etdi ki, o Ermənistanın gələcəyini pozitiv görür və əmindir ki, Ermənistan yaxın qonşularıyla normal münasibətlər qura bilər. Bu Qərbə və Amerikaya bir mesajdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə, bu ölkənin Qarabağ probleminə yanaşması da dəyişə bilər. Ter-Petrosyan dedi ki, o, mərhələli planın tərəfdarıdır. Hazırda isə Ermənistanda mitinqlər başlayıb. Maraqlıdır ki, Ermənistan prezidenti Serj Sarkisyan bu hərəkata qarşı heç bir müdafiə planı yoxmuş kimi görünür. Sarkisyan heç bir islahatlar kampaninyası barədə vədlər vermir, maaşları artıracağından danışmır, xırda məmurların həbsi ilə müşaiyət olunan hansısa kampaniyalara başlamır. Bunun iki səbəbi ola bilər. Ya Moskvadan direktivlər alınmayıb, ya da daxili parçalanmadan qorxaraq, kiçik çaplı tədbirlərə belə getmək istəmir. Digər tərəfdən, Ermənsitanın ciddi layihələrə başlamaq üçün büdcəsində pulu da yoxdur.

Bununla bərabər, əgər Ermənistanın müharibəpərəst hakimiyyəti dəyişsə, Rusiya Dağlıq Qarabağdakı status-kvonun saxlanması məsələsində sanki bir qanadını itirmiş olar. Bununla indiyədək siyasi oyunbazlıqla məşğul olan, danışıqlarda əldə edilmiş razılıqlardan geri çəkilməsi barədə tez-tez danışılan Sarkisyan hakimiyyətini itirən Rusiya Dağlıq Qarabağ məsələsində demək olar ki, əsas rıçaqdan məhrum olmuş olar.

Indi isə, Azərbaycan barədə. Yuxarıda qeyd etdiyimiz bir fikri təkrarlamaq istərdik ki, ABŞ-ın və qərbin Gürcüstana, Azərbaycana və Ermənistana yanaşması eynidir. ABŞ istəyir ki, bu ölkələr demokratik yolla inkişaf etsinlər və ABŞ-ın, Avropa Birliyinin yaxın müttəfiqləri olsunlar. Və bu ölkələrin Gürcüstana münasibətləri göstərir ki, onlar Cənubi Qafqaz ölkələrində mütləq hakimiyyət çevrilişləri həyata keçirməyi planlamırlar. Xüsusən də Azərbaycanda sabitliyin pozulması onların maraqlarına cavab vermir. Ona görə də ABŞ və Avropa qurumlarının islahatların dərinləşdirilməsiylə bağlı Azərbaycan hakimiyyətinə yönəlik çağırışlarını səmimi qəbul etmək lazımdır. ABŞ və Avropa dövlətləri doğurdan da Azərbaycanda sakit bir tərzdə demokratiyaya keçid arzulayırlar. Müxalifətin də ölkədə qarşıdurma yaratmaq, qanlı inqilablar törətmək fikirləri yoxdur və hətta belə məsələlər müzakirə mövzusu da ola bilməz. Lakin, köklü və kardinal siyasi dəyişikliklərə ehtiyac var və bu onlar da elə ABŞ və Avropa dövlətlərinin, zənnimcə istəklərinə uyğundur. Köklü dəyişiklik deyən zaman isə müxalifət olaraq nələri nəzərdə tuturuq?

Mənim düşündüyüm budur:

1) sərbəst toplaşmaq azadlığının tam və mütləq formada təminatı,
2) keçən il keçirilən Parlament seçkilərinin nəticələrinə yenidən baxılması,
3) bütün siyasi və vicdan məhbuslarının qeydsiz və şərtsiz dərhal azad edilməsi,
4) qanunsuzluqlara yol vermiş və adı yüksək korrupsiya məsələlərində hallanan yüksək vəzifəli şəxslərin istintaqa cəlb edilməsi,
5) hakimiyyət bölgüsündə müxalifətin iştirakının təmin edilməsi – bir sıra nazirliklərin müxalifətə verilməsi.
6) tədricən ölkədə siyasi barışıq və siyasi mədəniyyətin formalaşdırılması və bu nümunənin də tam azad və demokratik seçkilər keçirilməsi ilə yoluna qoymaq.

Related Articles

Back to top button