Interviews

Qarabağla bağlı ciddi addımlar atılmazsa, unudulma prosesi gedəcək

Bu gün Laçının işğalından 19 il ötür. Çox təəssüf ki, bu dəfə də Azərbaycan insanı hər il olduğu kimi Laçının işğalının ildönümünü ürək ağrısı ilə qeyd etdi. Amma getdikcə insanlarda bu hadisəyə öyrəşmə, biganələşmə tendensiya halını almaqdadır.

Bununla bağlı “Deyerler.org”a AXCP-nin sədr müavini Razi Nurullayev şərh verib: “Əlbəttə ki, insanlarda bu məsələyə kifayət qədər öyrəşmə yaranıb. Biz bir il keçir 17 il, 18 il, bu il də 19 il deyirik və sabah da 20 il deyəcəyik. Əlbəttə ki, bu, öyrəşmə yaradır. Eyni zamanda Azərbaycanda elə bir ciddi vətənpərvərlik və müharibə əhval-ruhiyyəsinin də təqdim olunma prosesi getmir. Əksinə sülh yolu ilə torpaqların azad olunması, Azərbaycanın götürdüyü öhdəliklər və heç cür müharibəyə başlaya bilməyəcəyi və s. də insanlarımıza belə təsir edir ki, onsuz da müharibə başlamayacaq və hətta əgər biz müharibəyə başlayarıqsa, nə buna Ruisya, ABŞ, Fransa və nə də digər ölkələr icazə verməz. Bu da psixoloji olaraq insanların ruhiyyəsində rol oynayır. Hesab edirəm ki, Azərbaycan iqtidarı Dağlıq Qarabağın qaytarılması ilə bağlı hər hansı praktik addımlar atmazsa, unudulma prosesi gedəcək. Bundan sonra hətta bəzi insanlarda belə bir hal yarana bilər ki, Qarabağ ümumiyyətlə, bəlkə, heç bizim olmayıb. Hətta mən belə bir insanlara rast gəlmişəm. Amma əvvəllər belə bir cümlə işlədən insalar böyük ictimai qınağa səbəb ola bilərdi, həmin insana qarşı nifrət oyanardı. Amma müəyyən mənada adiləşir. Bu adiləşmə məni çox qorxudur. Həm siyasətçi kimi, həm vətəndaş kimi narahatlıq keçirirəm. Hesab edirəm ki, ciddi addımlar atılmazsa və insanlarda ölən ruh qaytarılmazsa, o zaman bizi təhlükələr gözləyir”.

/Deyerler.org/

Related Articles

Back to top button