Interviews

Qarabağ məsələsi müəyyən bir qismə deyil, milyonlara çatdırılmalıdır

Bu gün Laçının işğalından 19 il ötür. Azərbaycan insanı hər il Laçının işğalının ildönümünü ürək ağrısı ilə qeyd edir. Lakin təssüflər olsun ki, insanlarda bu ildönümlərinə öyrəşmə prosesləri getməkdədir. Bu hallara öyrəşməmək və daim mübarizə ruhunu canlı tutmaq üçün nə etməliyik? Bu haqda “Deyerler.org”a AXCP sədrinin müavini Razi Nurullayev çıxış yollarını deyib: “İndi biz küçədə sorğu keçirsək ki, tutulan rayon nə vaxt işğal olundu, nə qədər şəhidimiz var, bir neçəsinin adını sayın. Mənə belə gəlir ki, insanların buna cavab verməsi bir qədər çətin olacaq. Hazırda müəyyən vətənpərvərlik layihələri həyata keçirilməkdədir, ancaq bu yetərli deyil. Bunun kütləvi hal alması lazımdır, bunu milyonlara izah etmək lazımdır. Yoxsa yüz nəfər, əlli nəfər, iyirmi nəfər yığıb onlara nəsə deməklə bir iş olmaz. Digər bir tərəfdən Azərbaycanda partizan hərəkatının yaradılması ilə bağlı konkret addımlar atıla bilər, hətta bunu həyata keçirməsək belə, insanlarda ruh yaratmaq üçün bu edilməlidir. Qarabağla bağlı ictimai təşkilatların, hərəkatların yaradılması, bununla bağlı daim yürüşlərin keçirilməsi və əlbəttə ki, bunların televiziya vasitəsilə yayınlanması insanlardakı ruhu dirildə bilər. Əvvəllər belə yürüşlər keçirilirdi”.

/Deyerler.org/

Related Articles

Back to top button