Interviews

2012 proqnozları

Razi Nurullayev

22.12.2011. 2011-ci ilin son 10 günlüyünü yaşayırıq. Bununla belə, gələn il üçün indidən proqnozlar və fikirlər səsləndirilməyə başlayıb. Bütün ictimai-siyasi dairələr indidən öncədən görməlik edərək, Azərbaycanın ictimai həyatında bir sıra hadisələrin baş verməsini proqnozlaşdırırlar. Bunların nə dərəcədə doğru olub-olmaması barədə indidən fikir söyləmək çətindir. Yalnız onu deyə bilərik ki, Azərbaycanda hansısa proseslərin baş verməsi o qədər də diqqəti cəlb etmir. Diqqəti cəlb edən isə odur ki, ölkəmizdə artıq müəyyən proseslər başlayıb və bunun davamı gələn ildə də baş verə bilər.

Bəs siyasilər necə, 2012-ci ildə Azərbaycanın siyasi həyatını necə görürlər?

AXCP sədrinin Xarici Siyasət məsələləri üzrə müavini, politoloq Razi Nurullayev Bia.az agentliyinə açıqlamasında gələn il bu aktivliyin ən azı 2-3 dəfə artmasını proqnozlaşdırıb. Onun sözlərinə görə, Azərbaycanda hələ də passiv mövqe tutan siyasi partiyalar və təşkilatlar, sivil toplumlar siyasi və ictimai məsələlərdə daha aktiv mövqe sərgiləyəcəklər: “Azərbaycanda xalqın narazı hissəsinin etiraz aksiyalarına qoşulacağını da proqnozlaşdırıram. Əgər ölkədə köklü islahatlar başlamasa və xalqın vəziyyətinin müəyyən qədər yaxşılaşdırılması, onun pul qazanmaq imkanlarının genişləndirilməsi üçün addımlar atılmasa əhali küçələrə çıxa bilər. Daha çox isə bir sıra sahələrdə, xüsusilə xarici şirkətlərdə çalışan fəhlələrin, kənd təsərrüfatında çalışan insanların qalxması gözləniləndir. Mənə elə gəlir ki, müəyyən sahələrdə çalışan insanların qazanc imkanları daha çox azalıb və indiki inflyasiya şəraitində onlar öz ailələrini dolandırmaq imkanlarından mərhum olublar. Müəyyən mənada orta təbəqədən aşağı səviyyədə olan bir çox kiçik biznes strukturları artıq öz bizneslərini itirmiş vəziyyətdədirlər və əhalinin kasıb hissəsinə qoşulmağa vadar olublar. Belə bir şəraitdə əhalinin narazı hissəsinin gələn il öz səslərini qaldıracaqları qaçılmazdır”.

Politoloq gələn il siyasi partiyaların daha çox aktiv olacaqlarını da diqqətə çatdırıb: “Gələn il Azərbaycan partiyalarının gücü 2005-ci il parlament seçkilərindəki səviyyədə pik nöqtəyə çatacaq. 2012-ci ilin sonuna qədər isə bu aktivliyin daha da artması gözlənilir. Ola bilsin, Azərbaycanın siyasi sistemində kifayət qədər dəyişikliklər baş versin. Bu, həm “Keçmiş prezidentlər haqqında” qanunun, həm də “Siyasi Partiyalar haqqında” qanunun qəbulundan sonra baş verə bilər”.

“2013-cü ildə gözlənilən prezident seçkiləri ərəfəsində, yəni gələn il siyasi partiyalar istər vahid namizədlik, istərsə də tək namizədlik məsələlərində nə kimi fəaliyyət sərgiləyə bilərlər” – sualımızı cavablandıran AXCP yetkilisinin fikrincə, ola bilsin ki, 2012-ci ildə prezidentliyə namizədlərin artması prosesi baş versin: “Bu il də hələ də prezident olmaq iddialarını ortaya qoymayan insanlar da namizədliklərini verə və ətraflarında olan insanların aktivləşməsi üçün əllərindən gələni edə bilərlər. Bununla da Azərbaycanın siyasi gündəmi daha da zənginləşəcək. Bununla yanaşı mətbuat orqanlarının da satışının artmasını gözləyirəm. Ancaq gələn il vahid namizəd məsələsində qərarların qəbul edilməsini mümkün saymıram. Amma, danışıqlar aparılacaq. Müxtəlif qütblü insanların əsas namizədlərin ətrafında birləşməsi məsələsi aydınlaşacaq”.

Azərbaycan gənclərinin bu ili həm də “Aksiya ili” elan etməsi ilə bağlı sualımızı cavablandıran siyasi ekspert bildirdi ki, indiki gəncliyimizi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki gəncliyimizlə müqayisə etmək olar: “Həmin vaxtdan bəri gənclərimizi bu qədər fəal görməmişdim. 2012-ci ildə gənclərin aksiyalarının artması prosesi daha da artacaq. Yeni gənclər bloklarının yaradılması və passiv gənclərin də onlara qoşulması mümkün ola bilər. Yeni dünya düzəninin formalaşması və dünyada baş verən proseslərin , bu aktivizm artıq qaçılmaz görünür. 2012-ci ildə 10 minlərlə Azərbaycan gəncinin aksiyalar keçirməsinin şahidi ola bilərik”.

“Sizcə, bu aktivləşmə ölkəmizə “ərəb baharı” və “rus qışı”nın davamını gətirə bilərmi” sualına cavabında R. Nurullayev, partiyasının Azərbaycanda insanları meydanlara sürükləyəcək qanlı inqilabların baş verməsinin əleyhinə olduğunu diqqətimizə çatdırdı: “Biz hakimiyyətlə danışıqlar və seçkilər yolu ilə köklü dəyişikliklərin tərəfdarıyıq. Bu gün ölkədə kifayət qədər narazılıqlar var və bu narazılıqlar istənilən vaxt meydanlarda aksiya və hətta, qanlı toqquşmalara gətirib çıxara bilər. Xalq ayağa qalxıb, narazılıqlarını ifrat formada gerçəkləşdirə bilər. Bəlkə də, müxalifətə sağ ol deyilməlidir ki, o, xalqın qarşısında bu məsələdə sədd sədd çəkib. Xalq, müxalifətin nəsə fövqəladə bir addım atacağını və hakimiyyəti dəyişikliklərə vadar edəcəyini düşünür. Xalq bunun havadan, sudan, möcüzədən baş vermədiyini görüncə, özü aşağıdan qalxa və hər şeyi süpürə bilər. Narazılıqları isə nə müxalifət, nə də iqtidar tənzimləyə bilər. Buna görə də, ən yaxşı yol 2012-ci ildə ciddi siyasi və sosial islahatların aparılmasıdır”.

Related Articles

Back to top button