Interviews

PUTİNİN AVRASİYA İTTİFAQI VƏ AZƏRBAYCAN

Razi Nurullayev
Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

Politoloq hesab edir ki, Azərbaycan Türkiyənini yanında yer almalıdır

Rusiyanın baş naziri Vladimir Putin 2012-ci ildə yeni president seçiləndən sonra xarici siyasətdə atacağı addımlar haqqında “İzvestiya” qəzetində yazdığı məqaləsində postsovet dövlətlərini “Avrasiya Ittifaqı” adı altında birləşdirmək istədiyini deyib.

AXCP sədrinin müavini Razi Nurullayev məsələni “Yeni Müsavat” qəzetinə şərh edərkən deyib ki, Putin “Avrasiya Ittifaqı” yaratmaq ideyasını çoxdan gerçəkləşdirmək istəyir və birliyə gedən yolda artıq bir neçə addım atıb: “Bu addımlar Rusiyanın Belarusiya və Qazaxıstanla mövcud olan gömrük birliyi və vahid iqtisadi məkandır. Sonuncu artıq 2012-ci ilin yanvar ayının birindən qüvvəyə minəcək və iyul ayından isə faktiki işləməyə başlayacaqdır. Bu birliklərin yaradılması və sonrakı dövrdə bu birliklərin “Avrasiya Ittifaqı” kimi inteqrasiya edilməsi 1-ci Pyotrdan başlanan və inkişaf edən Rusiya imperiyasının yeni formada təzahürüdür. XXİ-ci əsrdə zor və güc diplomatiyasi işləmədiyindən, mədəni, iqtisadi və sülh diplomatiyası xalqları bir yerdə saxlamaq gücündədir. Putinin bu təşəbbüsü Türkiyənin xarici siyasətində etdiyi dəyişiklik və “Yeni Osmançılıq” ideyası ilə eynilik təşkil edir. Həm Türkiyə, həm də Rusiya vaxtilə imperiyalarına daxil olan dövlətləri yenidən qanadları altına almaq istəyirlər. Formalar və yanaşmalar isə fərqlidir”.
“Rusiya və Türkiyənin yeni ideyaları hədəf ölkələr üçün nə qədər xeyirli və zərərlidir” sualına R.Nurullayev belə cavab verib: “Həm “Avrasiya Ittifaqı”, həm də “Yeni Osmançılıq”da Rusiya və Türkiyənin hegomonluğu kifayət qədər görünən olacaq. Amma, artıq nə Rusiya, nə də Türkiyə ölkələri müstəmləkə kimi idarə edə bilməyəcəklər. Əksinə, onları birlikdə saxlamaq üçün, onlara daha çox iqtisadi imkanlar yaratmağa, maliyyə köməklikləri göstərməyə çalışacaqlar. Onlar çalışacaqlar ki, birliklər iqtisadi cəhətdən daha cazibəli olsun. Əks halda, hədəf ölkələr Avropa Birliyi ilə bir yerdə olmağa üstünlük verəcəklər. Yeni iqtisadi birliklər ölkələrə Avropa Birliyinin təklif etdiyi mənfəətdən daha çox fayda vəd edəcəklər. Bu baxımdan, birliklərdə təmsil olunmaqda böyük faciə görmürəm. Sadəcə, ağıllı xarici siyasət vasitəsilə, birliklər arasında manevr etmək və iqtisadi və siyasi cəhətdən daha da möhkəmlənmək olar. Ölkələr iqtisadiyyatlarının diversifikasiyana böyük əhəmiyyət verməyə başlayıblar və eyni münasibəti də xarici siyasətə bəslənməlidirlər”.
Azərbaycanla bağlı suala cavab olaraq, AXCP sədrinin müavini qeyd edib ki, “ölkəmiz ciddi xarici siyasət yeritməli və siyasətini də Türkiyə ilə uzlaşdırmalıdır. Azərbaycan “Yeni Osmançılıq”da yer almalı və “Avrasiya Ittifaqı” ilə bağlı isə ciddi düşünməlidir. Tələsmək olmaz. Hazırda, Avropaya inteqrasiya haqqında düşünməli və Putinin təklif etdiyi birliklə isə Avropa Birliyi dövlətlərinin çərçivəsində əməkdaşlıq etməlidir. Xüsusən, Türkiyə Putinlə anlaşaraq, Avropa Birliyi ilə ciddi manevrlər edə bilər. Türkiyənin belə addım atmasını gözləyirəm və bu AB üçün ciddi imtahana çevriləcək. Digər tərəfdən, regionda liderlik üçün siyasi müstəvidə Türkiyə ilə Rusiya arasında ciddi rəqabət baş verəcəkdir”.
Politoloq daha sonra qeyd edib ki, “çox güman ki, Putin dönəmi başladığından Rusiya Dünya Ticarət Təşkilatına qoşulmaq üçün də səylərini zəiflədəcək. 18 illik  danışıqlarının sona çatdığı bir dövrdə Putinin yeni ideyası Rusiyanın ÜTT-yə üzvlüyünü arxa plana keçirəcək.”
R.Nurullayev daha sonra qeyd edib ki, “Putin yeni prezidentlik dönəmində ideyalarını tam olaraq həyata keçirə bilməyəcək. Çünki, digər dövlətlər Putinin simasında İ-ci Pyotru görməkdədirlər. Vaxtilə Pyotr hazırki İstanbulu Rusiya İmperiyasının paytaxtı kimi görürdü. Putin isə Vahid İqtisadi Məkanın Lissabondan başlayaraq Vladivostokda qurtarmasını istəyir. O istəyir ki, 400 milyonluq Avropa İttifaqı 200 milyonluq Avrasiya Ittifaqı ilə inteqrasiya etsin. Avropa İttifaqı 40 ilə formalaşıb, Putin isə Avrasiya Ittifaqını 5-10 ilə formalaşdırmaq istəyir. Putin Avrasiya Ittifaqının yaranmasına müəyyən miqdarda nail ola biləcək və bu sürətlə baş verərsə, Avropa İttifaqı istər-istəməz Rusiya ilə hesablaşmalı olacaq. 2012-ci ildə ilk olaraq, Türkmənistan və Tacikistanın, o cümlədən Qırğızstanın da bu birliyə qoşulacağını düşünürəm”.

Related Articles

Back to top button