Statements

Azərbaycan müxalifəti: siyasi partiyalar və QHT-ləri nələr ayırır?

21 Fevral 2012 [08:00] – MİLLİ.AZ
Razi Nurullayev: “Onlar düşünürlər ki, QHT-nin tədbirinə qatılmaq onların siyasi çəkisini azaldar, heç bir dividend qazandırmaz”.

 

Azərbaycan siyasətinin müxalifət düşərgəsində siyasi partiyalarla qeyri-hökumət təşkilatları və ictimai strukturlar arasında hələ də normallıqdan çox uzaq münasibətlər hökm sürür. Bəzi müxalifətçi siyasətçilər birləşmə, bütün qüvvələrin bir araya gəlməsi və vahid mərkəzin yaradılmasından uzun-uzadı, sürəkli danışsalar da, QHT-lərlə əməkdaşlıq məsələlərində dözümsüzlük, hətta volüntarizm və eqoizm nümayiş etdirirlər.AXCP sədrinin müavini Razi Nurullayev də müxalifət düşərgəsindəki siyasi partiyalarla qeyri-hökumət təşkilatları və ictimai strukturlar arasındakı münasibətlərin yetərli səviyyədə olmadığını vurğuladı. 

O, Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirdi ki, QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı bir sıra müxalifət təşkilatları yolverilməz, anormal sayırlar.

“Belə siyasətçilər qəti əminliklə bildirirlər ki, QHT-lərlə işbirliyi quran, tərəfdaşlıq edən siyasi təşkilatlar bu minvalla xarici təşkilatlardan və dövlətlərdən donor yardımları alırlar. Onlar bir qədər də irəli gedərək iddia edirlər ki, QHT-lərlə əməkdaşlıq edən siyasi partiyalar xaricdən maliyyələşmənin yollarını arayırlar. Bu yanaşmalar çox yanlış düşüncədir. Siyasi partiyalarla QHT-lər arasında sağlam münasibətlərin yaranmamasının əsas səbəblərindən də biri budur. Siyasi partiyalar ya QHT-lərlə işbirliyindən çəkinir, ya da qeyri-hökumət təşkilatları siyasi partiyalarla əməkdaşlığın perspektivsiz və üzücü məsələ olduğunu düşünürlər”, – R.Nurullayev dedi.

R.Nurullayevin fikrincə, halbuki Azərbaycan müxalifətinin Qərbdən əxz edə biləcəyi ən mühüm məqamlardan biri QHT-lərlə siyasi partiyaların əməkdaşlıq məqamları ola bilərdi. Belə əməkdaşlıq siyasi partiya funksionerlərinin bilik və bacarıqlarının artırılması, onların dünyəvi dəyərlərlə bağlı biliklərinin güclənməsində ciddi rol oynaya bilər: “Digər məqam isə müxalifətdəki siyasi partiyaların əksəriyyətinin özündən çox razı görünməsidir. Bizim bəzi siyasətçilər nədənsə, hesab edirlər ki, onlar hər şeyi hamıdan yaxşı bilir, bu və digər məsələ ilə bağlı hər hansı təlim, yaxud da seminara və ya dəyirmi masaya qatılmasına heç bir ehtiyac yoxdur. Onlar düşünürlər ki, QHT-nin tədbirinə qatılmaq onların siyasi çəkisini azaldar, heç bir dividend qazandırmaz. Hətta “Onlar kimdir ki, gəlib mənə nə isə öyrədirlər?!” düşünənlər də az deyil. Halbuki Qərb mədəniyyətində hər şey diametral olaraq əksinədir: siyasətçilər və siyasi liderlər QHT tədbirlərinə həvəslə qatılır, müzakirələrdə aktiv iştirak edirlər, ictimai strukturların toplantılarına baş çəkirlər”.

AXCP sədrinin müavini daha sonra bildirdi ki, Azərbaycan müxalifətində vətəndaş cəmiyyəti strukturları və siyasi partiyalar arasındakı münasibətlərdə qısqanclıq və inamsızlıq yolverilməz olmalıdır.

“Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa belə münasibət həmin siyasi partiya liderlərinin totalitarizm və avtoritarizmə meylini gücləndirir. Halbuki beş və ya on il öncəyə baxsaq, müxalifət düşərgəsindəki siyasi partiyalarla qeyri-hökumət təşkilatları arasındakı əlaqələr daha sıx idi. Sonra bu strukturlar aralı düşdülər, siyasi partiyalar QHT-ləri qeyri-şəffalıqda və s. əməllərdə heç bir əsas olmadan suçlamağa başladı. Amma indi İctimai Palata var və düşünürəm ki, bu qurum müxalifət düşərgəsində sağlam ənənənin təməlini qoyub. Yolumuzdan sapsaq, vətəndaş cəmiyyətinin fikirlərindən uzaqlaşsaq, müxalifət düşərgəsində totalitar meyllər güclənə bilər”, – R.Nurullayev dedi.

Orxan Hun
Milli.Az

URL: http://www.milli.az/news/politics/98299.html

 

Related Articles

Back to top button