Interviews

İranda siyasi dəyişikliklər baş verəcək və bu gedişatda Azərbaycan türkləri öncül olacaqlar

 

Razi Nurullayev

Razi Nurullayev: “İranda siyasi dəyişikliklər baş verəcək və bu gedişatda Azərbaycan türkləri öncül olacaqlar”

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Xalq Cəhbəsi Partiyasının beynelxalq məsələlər üzrə müavini, politoloq Razi Nurullayevdir.

– Razi bəy, İran rejimi nə zamana kimi, azərbaycan türklərinin hüquqlarının pozmağa davam edəcək və hadisələrin sonunu necə görürsünüz?

– İran İslam Respublikası (Cümhuriyyəti) Azərbaycan türklərinin hüquqlarını pozması iddiası  ilə razılaşmır. Onlar üçün, İranda yaşayan bütün xalqların hürriyyəti var. Bu hürriyyət ilə onlar istədiklərini İran qanunları və islam şəriəti zəminində edə bilərlər. Fakt isə gözümüz önündədir. Onların hüquqları pozulur. Hüquqlar demişkən, bunları da ayırmaq lazımdır. Əsasən, Azərbaycan türklərinin mədəni hüquqları sıxışdırılır. Siyasi hüquqların sıxışdırılması məsələsində isə bir az ehtiyatlı danışmaq lazım gəlir. Təkcə, bizim soydaşlarımızın yox, bötövlükdə, İranda yaşayan əhalinin siyasi hüquqları ilə bağlı ciddi problemləri var. Bunun da qayəsində dayanan əsas səbəb, İran İslam İnqilabının qurduğu siyasi özülün dağılmasının qarşısını almaq istəyidir. Əgər, siyasi azadlıqlara azacıq da olsa, sərbəstlik verilsə, o zaman İran dövlətinin təlatümlər yaşaması qaçılmazdır. Hələ ki, bu istəklərin qarşısı zopa ilə alınır. Amma, bu da uzun çəkə bilməz. İranda siyasi dəyişikliklər baş verəcək. Siyasi dəyişikliklərin baş verməsi zamanı isə, məhz Azərbaycan türkləri öncül olacaqlar. Bir qayda olaraq, İran inqilabları Azərbaycan mahallarından başlayıb və inqilabi dalğaların başında da mütərəqqi, çağdaş inkişafa meyllənən Səttarxan, Pişəvəri kimi cəsur insanlar olub. Bu gün də belə insanlar var.

İran dəyişəcək. Artıq Soros Fondunun prezidenti Corc Soros, həm də ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) keçmiş dövlət katibi Bjezinski də qeyd ediblər ki, bir il ərzində İranda inqilab baş verəcək və hazırkı siyasi sistem yıxılacaq. Ərəb inqilablarının növbəti dayanacağının İran olması gözlənilir. Əlbəttə, biz istəməzdik ki, İran təlatümlər yaşasın, inqilablar yaşasın və insanları əzab-əziyyət çəksin. İran bizim yaxın qonşumuzdur, milyonlarla soydaşlarımızın yaşadığı məkandır. Buna görə də, biz maraqlıyıq ki, İranda çağdaş islahatlar getsin, siyasi azadlıqlar təmin olunsun və Azərbaycan türklərinin mədəni hüquqları bərpa edilsin. Əlbəttə, soydaşlarımızın da bu məsələnin həllində birmənalı mövqe tutması vacibdir. Faktdır ki (gərçəkdir ki), İranda yaşayan Azərbaycan türklərinin psixologiya və davranışlarında farslaşma meylləri güclü hiss olunmaqdadır. Bu faktorun özü də Azərbaycançılıq məhfumunun qavranılmasında sorunlar yaratmaqdadır. Bütün bunlara baxmayaraq, əminəm ki, Azərbaycan türkləri mədəni, sosial və siyasi hüquqlarına qovuşacaqlar. Bu yaxın bir neçə il ərzində baş verəcək. Həm də, əminliyimi bildirmək istəyirəm ki, bu qarşılıqlı dialoq (barış) və anlaşma mühitində baş verəcəkdir. Digər tərəfdən, Azərbaycan Türklərinin də bundan öncə buraxdıqları səhvləri də təkrarlamamasını da arzulardım.

– Sizcə, İranda demokratik sistem bərqərar olsa Azərbaycan türkləri bundan pay ala biləcəklərmi? Çünki İranda hansısa siyasi dəyişiklik baş verəndən sonra Azərbaycan türkləri prosesdən kənarda qalırlar. Halbuki, hadisələrin əsas hərəkatverici qüvvəsi soydaşlarımız olur…

– Yuxarıda ötəri olsa da bu məsələyə də toxundum. Azərbaycanlı türk qardaşlarımız səhv etməkdən çəkinməlidirlər və ya əvvəlki səhvlərdən nəticə çıxarmalıdırlar. Əlbəttə, Azərbaycan dövlətçiliyi, Azərbaycan türkləri İran dövlətinin formalaşmasında birbaşa iştirak edən şəxslərdir. Azərbaycan türkləri İranda mühüm dövlət vəzifələrində çalışırlar. Əsrlərcə, İranı Azərbaycan türklərinin idarə etməsini də tarixdən bilirik. Buna görə də, İranı Azərbaycanlı Türklərsiz təsəvvür etmək, Ərəbistanı qumsuz təsəvvür etmək kimi bir şeydir. Azərbaycan Türklərinin İranda doğal haqları var və bu haqlardan heç kim onları məhrum edə bilməz. Amma, tələsərək, düşünülməmiş bəyanatların verilməsinin, hadisələri sürətləndirməyin də lehinə deyiləm. Bu çox vaxt ziyana işləyir. Zamanın küləyi hər kəsi və hər şeyi öz yerinə qoyacaq. Bu külək də artıq əsməyə başlayıb. İndi ən mütərəqqi yol, əsən küləyin səmtində addımlamaqdır. Ümidvaram ki, İran da səmt küləyinə qarşı getməkdən çəkinəcək və istiqamətini də doğru seçəcəkdir.

– Amerikanın İran layihəsində müharibə varianti (seçənəyi) gözlənilirmi?

– Mən, bütövlükdə, müharibə variantını istisna edirəm. ABŞ İranla müharibə aparmayacaq və yaxın perspektivdə (çeşməndaz) də bunun çalarları görünmür. İrana dəyişiklik, Azərbaycan türkləri daxil, İranda yaşayan xalqlar vasitəsilə gələcək. ABŞ-ın hal-hazırda İraq və Əfqanistandan sonra 3-cü cəbhə açmaq üçün əsasları yoxdur. Dünyanın düzəni də dəyişib və heç bir ölkə digərinə əsaslı səbəb olmadan hücum edə bilməz. Əgər İranda da Ərəb hadisələrinə bənzər ssenari baş verərsə, ABŞ BMT-nin (Birləçmiş Millətlət Təşkilatının) TŞ-nın (Təhlükəsizlik Şurasının) mandatı (hökmü) çərçivəsində NATO ilə birlikdə hərəkət edə bilər. Hətta, bu halda belə. ABŞ kənardan dəstək verən bir qüvvə kimi qalar və İrana müdaxilə etməz. İstisnalar da var. Bu da İranın nüvə silahını malik olmaq niyyəti ilə bağlıdır. Əgər ABŞ və müttəfiqləri, İranın nüvə silahına malik olacağına əmin olsalar, və bunun təzahürləri göz qabağında olarsa, o zaman heç bir tərəddüdsüz İranın hərbi və nüvə obyektləri (təsisatı) bombalanacaq. İsrail gözəl başa düşür ki, İranın nüvə silahına malik olması onun bir dövlət kimi yer üzündən silinməsinə də gətirib çıxara bilər.

Məncə, İran da uranın zənginləşdirilməsi ilə bağlı proqramına yaxın zamanlarda dəyişikliklər edəcək və ola bilsin ki, bundan imtina da etsin. Çünki, regionda (bölgədə) heç bir dövlət İranın nüvə silahına malik olmasını arzulamır. Ərəb dövlətləri isə, İranın bu niyyətinə qarşı o qədər acıqlıdırlar ki, hətta digər dövlətləri İrana hücuma da təhrik edə bilərlər. Ərəb dövlətləri son 5 ildə sürətlə silahlanmağa başlayıblar və bunun da əsasında İrandan gələn təhlükəni dəf etmək niyyəti durur. İran yaxın Şərqdə öz rolunu lider kimi görür. Amma, onun liderliyini ərəb dövlətləri heç cür qəbul etməyəcəklər.

İranın müharibəyə cəlb olunması bizim üçün də böyük təhlükədir. Müharibə olarsa, Azərbaycan böyük sınaqlar qarşısında qalmış olar. Buna görə də, bizim üçün müharibəsiz İran məqbuldur. Ən gözəl və sakit yol İranın dünyəviləşməsi və demokratikləşməsidir.  Bu yolu isə İran xalqı özü secəcək. Hakimiyyət və dini qurumlar isə xalqların bu istəyinə liberal yanaşmalıdır.

Söhbətləşdi: Elnur Eltürk

www.GunAz.Tv | 20-İyun-2011, 10:41

Related Articles

Back to top button