Interviews

“Bu gərginliyin sonu üç cür inkişaf edə bilər”-Müsahibə

23.05.2012 | 13:00

“REGİON” Beynəlxalq Analitik Mərkəzin İH-nin rəhbəri Razi Nurullayev qhtxeber.az və III Sektor FB Qrupunun birgə layihəsi olan VİRTUAL DEBAT-ın qonağı olub.

R.Nurullayev müxtəlif sualları, o cümlədən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinlinin suallarını cavablandırıb. “Qafqazinfo” debatın həmin parçasını təqdim edir:


– Azərbaycanın təhlükəsizlik və müdafiə siyasətinin əsas sənədləri olan Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyasını ölkənin milli maraqları baxımından necə qiymətləndirirsiniz? Bu sənədlərdə dəyişiklik zərurəti varmı?

– Cəsur müəllim, bu məsələni Siz daha yaxşı bilirsiniz. Fikirlərimi açıqlaya bilməyəcəm. Bununla bərabər, düşünürəm ki, son keçən ildə dünyada yeni şərait və düzən yaranıb. Bu dəyyişikliklərə uyğun elementlər daxil edilərsə, yaxşı olar. Digər yandan, Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyası tam olaraq həyata keçirilmir. Mənə belə gəlir ki, sürətlə həyata keçirilməli və nəticədə ortaya çıxan boşluqlar praktikada yerinə yetirilməlidir. Nəzəriyyəni praktika bərkitməlidir.


– Sizcə, Xəzərin hüquqi statusu necə həllini tapmalıdır ki, Azərbaycanın milli maraqlarına uyğun olsun?

– Zənnimcə, milli sektorlara bölünməsi bizim maraqlarımıza cavab verir. Dənizin dibi milli sektorlara bölünməlidir. Suların isə bərabər istifadəsi məqbuldur. Bu məsələ ilə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev maraqlı təklif verib. Balıq ovu və ticarətlə bağlı ümumi sular müəyyənləşə bilər. Bu yanaşma da bizə sərf edən variantdır.

– İranın ətrafında yaranmış gərginliyin sonunu necə görürsünüz? Hərbi əməliyyatlar ehtimalı nə dərəcədə ciddidir?
– Bu gərginliyin sonu üç cür inkişaf edə bilər. Birincisi İran nüvə iddialarından əl çəkir və İsrail dövlətini hədələməkdən vaz keçir. Bu zaman əsəblər boşala və barış üçün zəmin yarana bilər. Bu az olunan ehtimaldır. İkincisi, İran bu şəkildə davam edir və bu zaman müharibə qaçılmazdır. Əgər, İran nüvə silahını əldə etməyə yaxınlaşarsa, hərbi əməliyyatlar qaçılmaz olacaq. Hal-hazırda, İrana hücumun olacağını ehtimal etmək daha uyğundur. Çünki, NATO-nun Çikaqo sammiti də Əfqanıstandna qoşunların çıxarılmasını iki ilə tamamlayacaq. Yollar açılır. Üçüncü yol isə, İran nüvə silahına malik olur və iş-işdən keçir. O zaman, artıq hərbi əməliyyatların başlaması məqbul deyil və İran dünya güclərindən birinə çevrilir.


– Azərbaycan münasibətlərindəki gərginlik nədən qaynaqlanır və nə zamanadək davam edəcək?

– Bu Azərbaycanın müstəqil siyasət yeritməsi, ABŞ və İsrail dövlətləri ilə dostluq etməsidir. Azərbaycan tərəfinin narazılığı isə İranın Ermənistanla yaxından əməkdaşlıq etməsidir. Məncə, bu, İranın Azərbaycanın müstəqil dövlət olmasını həzm etməsindən sonra baş verəcək.


– Qəbələ RLS-in taleyini necə proqnozlaşdırısınız? Azərbaycan bu stansiya ilə bağlı hansı qərarlar qəbul etməlidir?

– Yəqin ki, Rusiya ilə anlaşma olacaq. Bu məsələ ilə bağlı çox danışmışam və təkrar etmək istəyirəm ki, Rusiya stansiyadan Ermənistana və Azərbaycana dost olmayan heç bir ölkəyə məlumat ötürə bilməz. Bu məsələlər əvvəlcədən dövlətlərarası danışıqlarda öz həllini tapır və həmin məlumatların digər ölkələrə ötürülməməsi və yaxud da həmin ölkələrlə əməkdaşlığın edilməməsi zəmnində müəyyən öhdəliklər irəli sürülür. Azərbaycan yaxşı olardı ki, ABŞ və Türkiyənin bu stansiyada iştirakını və əməkdaşlığını təmin etsin. Ən böyük uğur bu olardı.


– Gürcüstan və Azərbaycan arasında yaranmış son gərginliklərin əsas səbəbini nədə görürsünüz? Sərhədlərin delimitasiyası üzrə yaranmış anlaşılmazlığın həlli necə mümkündür?

– Bu məsələnin detallarını bilmirəm. Söhbət ərazi bölgüsündən və “Keşikçi dağ” tarixi abidəsindən gedir. Məsələ ancaq danışıqlar yolu ilə həll olunmalıdır. Emosiyalara uymaq vəziyyəti daha da gərginləşdirir. Gürcüstan tərəfindən artıq bunu siyasiləşdirən və gərginləşdirən qüvvələr var.


– Çikaqo sammiti ilə bağlı ən geniş prqonozlar verən ekspertlərdən biri də siz idiniz. Milaz.info-ya verdiyiniz gözləntilərin məncə çoxusu reallığa uyğun oldu. Necə düşünürsünüz, Çikaqo sammitindən sonra NATO-nun dünya düzəninə təsiri artacaqmı?

– Doğru buyurursunuz. Həmin proqnozlarımda hər şeyi ətraflı deməyə çalışmışdım. Digər fikirlərim yoxdur. Bundan sonra NATO daha mobil və operativ olacaq. Zənnimcə, NATO-nun dünya düzəninə təsiri artan xətt üzrə inkişaf edəcək.


– Azərbaycanın gələcəyini hansı hərbi-siyasi alyansda görürsünüz?

– Birmənalı olaraq, NATO-da görürəm!

Related Articles

Back to top button