Azərbaycan ordusu rayonların ən azından yarısını azad edə bilərdi…

Posted by on 13 April, 2016
This post was filed in Müsahibələr and has no comments yet

0
Razi Nurullayev, AXCP sədri

Razi Nurullayev, AXCP sədri

Müharibə, iqtidar-müxalifət münasibətləri, şəbəkədəki informasiya müharibəsi və daxildəki gülünc hadislərlə bağlı AXCP sədri Razi Nurullayevlə söhbətləşdik.

Ölkə.Az Razi Nurullayevlə olan həmin müsahibəni sizə təqdim edir:

– Salam Razi bəy. Necəsiniz?

– Salamlar. Yaxşılıqdır. İşimiz-gücümüz cəbhədən gələn xəbərləri izləməkdir.

– Cəbhədə bir neçə gün döyüşlər getdi. Bir neçə strateji yüksəkliyi ələ keçirdik. Bundan sonra sülh danışıqlarında baş verən proseslər Azərbaycanın xeyrinə olacaq?

– Təbii ki, Azərbaycan bundan sonra baş verəcək danışıqlarda fərqli rakursdan çıxış edəcək. Son proseslərdə Azərbaycanın əlini gücləndirəcək bəzi hadisələr baş verdi. Bu xüsusən də Azərbaycanın Ermənistandan daha müasir silahlara malik olmasıdır. Əlavə olaraq dünya mətbuatının da yer ayırdığı Naqor pilotsuz təyyarələri ilə bağlıdır. Videosundan da gördük ki, həmin təyyarələr hədəfi görür, sonra kamikadze rolunda iştirak edərək həmin hədəfi məhv edir. Azərbaycanın çoxlu sayda müasir silahları var. Bu döyüşlər həm də, həmin silahların bir çoxunun sınaqdan keçirilməsi üçün poliqon oldu. Bu döyüşlər zamanı Azərbaycanın üstünlüyünü pərdələyəcək proseslər də baş verdi. Hadisələrin sonunda diplomatik dildən loru dilə çevirsək Rusiyanın sanki Azərbaycandan atəşi dayandırmaq və işğal altında olan ərazilərin işğaldan azad etməmək tələbi oldu. Belə göründü ki, Azərbaycan əməliyyatları dayandırmasa Rusiya Ermənistana açıq şəkildə kömək edəcək və yaxud Azərbaycanı digər bir yolla cəzalandırmağa çalışacaq. Düşünürəm ki, Azərbaycan məcburən döyüşü dayandırdı. Əldə edilən yüksəkliklərdən sonra Azərbaycan ordusu irəliləyib işğal altında olan rayonların ən azından yarısını azad edə bilərdi. Ancaq Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ Azərbaycana kifayət qədər təzyiqlər göstərdilər. Onlar münaqişənin dondurulmuş qalmasında maraqlıdırlar.

– Döyüşlər baş verən zaman bir çoxları maskalandı, “vətən”, “millət” deməyə başladı. Əməliyyatlar dayanan kimi geri qaytardığımız strateji yüksəklikləri təpə adlandırdılar. Şəhid olanlarımızı isə “niyə qırğına verdilər?” dedilər. Bu nə qədər doğru idi?

– Əgər müharibə varsa, şəhidlər də olacaq. Bununla bərabər, atəşkəs pozulmuşdu, Azərbaycan ordusu hücuma keçmişdi. Bu hücum nəticəsində qurban verdiklərimizə görə daha çox ərazini işğaldan azad etmək istəyimiz var idi. Ordumuz hücuma keçən zaman insanlarda böyük gözlənti əmələ gəldi. Bunun bir nömrəli günahını qeyri-peşəkarcasına fəaliyyət göstərən, ucuz İP arxasınca qaçan, ucuz sensasiya yaratmaq istəyən sayt və qəzetlərdə görürəm. Məsələnin bu həddə çatmasının da günahkarı o sayt və qəzetlər oldu. Bəziləri yazırdı ki, artıq Xankəndinə çatmışıq. İnsanlarda gözlənti yarandı və sonunda məlum olanda ki, Azərbaycan ordusu cəmi bir neçə yüksəkliyi alıb, insanların beyni çevrildi. İnsanların sevinci qursaqlarında qaldı. Bundan sonra hətta Azərbaycanın əleyhinə işləyəcək yazılar da yazmağa başladılar. Bir çoxları bunu bilərəkdən etdi, bir çoxları bunu siyasi məqsədləri üçün istifadə etdi, bir çoxları isə bunu nadanlıqlarından və cahilliklərindən etdilər. Ermənilər də bundan çox yaxşı istifadə etdi. Bu günə kimi xalqımızın müxalifətli, iqtidarlı eyni nöqtəyə vurduğu bir məqam olmamışdı. Heç bir zaman birinci Qarabağ savaşından sonrakı dövrdə şəhidlərin bu şəkildə torpağa tapşırılması mərasimləri də həyata keçməmişdi. Xalqımız ayağa qalxdı. Göründü ki, xalqımızda vətənpərvərlik ruhu ölməyib, onlar yenə də torpaqlarımızın azadlığı uğrunda ölümə getməyə hazırdılar. Bu çox yaxşı bir məqam oldu.

Əgər biz müharibə aparırıqsa şəhid olacaq. Biz hücuma keçən tərəf olduğuna görə və eyni zamanda gedəcəyimiz yer yüksəklik olduğuna görə əslində müdafiə olunan tərəfdən 3-4 dəfə daha çox itki verməyə məhkumuq. Təbii ki, Azərbaycan bir neçə yüksəklik və yaşayış məntəqəsini işğaldan azad edib və şəhid vermişik. Şəhid vermədən bir qarış torpaq almaq olmur. Biz onsuz da 4 günlük müharibə apardıq. 4 gündə şəhid verdik, bizə qarşı təzyiqləri gözləyirdik, kaş elə bu 4 gündə dayanmadan, susmadan daha çox ərazini işğaldan azad edərdik. Onsuz da bizi dayandıracaqdılar. Dünyanın düzəni elədir ki, müstəqil siyasət aparmağa imkan vermirlər, Azərbaycan kimi kiçik dövlətlər üçün isə bu daha çətindir. Kaş ki, daha çox irəliləyə bilsəydik. Heç olmasa idi bir neçə rayonu azad edə bilərdik. Əgər bu baş versə idi, Azərbaycanın əli danışıqlarda daha da möhkəmlənərdi.

– Siz də bir müxalif partiya sədrisiniz. Baş verən proseslərdə ümumiyyətlə müxalifətin müharibəyə köklənməsindən razı qaldınızmı?

– Ümumilikdə müxalifətin Dağlıq Qarabağda baş verən son hadisələrə münasibəti məni çox qane etdi. Hər bir kəs dövlətin yanında olduğunu bəyan etdi, biz də bunu ilk edənlərdən olduq və həmin mövqeyimizdə qalırıq. Düşünürəm ki, hal-hazırda müxalifətlə iqtidar arasında Dağlıq Qarabağ savaşı ilə bağlı fərqli bir baxış yoxdur. Müxalifət də, iqtidar da Dağlıq Qarabağın azad olunmasını istəyir. Bu məsələdə yalnız fərqli baxış ola bilər. Düşünürəm ki, bu gün Azərbaycanda kimin prezident olub-olmamasından asılı olmayaraq, Dağlıq Qarabağın azad edilməsinin məsuliyyətini tək daşımamalıdır. Bu mümkün də deyil. Bu gün İlham Əliyevi Dağlıq Qarabağın azad olmaması üçün kimsə tənqid edirsə haqlı ola bilməz. Sabah mən prezident olaramsa, mənim partiyam iqtidar olarsa Dağlıq Qarabağı ildırım sürəti ilə azad edəcəyik, dünyanı Dağlıq Qarabağı bizim hissəmiz olaraq qəbul etməsinə, ermənilərin cəzalandırılmasına nail olacağıq desək, bu papulizmə yönəlik bir addım olardı. Bu mümkün deyil. Çünki dünyanın düzəni, geopolitikası və Azərbaycana olan baxışları fərqli rakursdandır. Biz bunu bilirik və hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq dünyanın Azərbaycana, Dağlıq Qarabağa olan münasibəti dəyişməyəcək. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının günahını İlham Əliyevdə, YAP-da axtarmaq ədalətsizlik olardı. Biz bununla bağlı təklif hazırlamışıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası yaradılsın. Düşünürəm ki, verdiyimiz bu təklif indiyənə qədər təklif olunan planlar arasında ən mütərəqqisidir. Təsəvvür edin, İlham Əliyev danışıqlara gedir və düşünür ki, Azərbaycana qayıdan zaman onu necə qarşılayacaqlar. Prezidentin əlini gücləndirmək üçün, narahatlığı aradan qaldırmaq üçün Vahid Qərar Şurasının yaradılması məqbul olardı.

– Atəşkəs elan olundu. İnsanlar daha çox şəhid xəbərlərinin üzərinə getdi. İnsanlar daha çox “məmur övladı şəhid olmadı, ancaq kasıb övladı həlak oldu” kimi fikirlər bildirirdi…

– Bu doğrudur. Hər bir zaman üçün də doğru olub. Bu, Azərbaycanda qüsurlu bir mentalitetdir. Bu gün biz Rusiya və digər dövlətləri qarşımıza alıb müharibə edəcəyiksə və qələbə qazanmaq istəyiriksə, bütün məmurların, prezidentdən tutmuş, ən kiçik məmura kimi hər birinin övladı ön cəbhədə olmalıdır. Bəzi əlaqədar nazirliklər Gəncə şəhərinə köçməlidir. Hər bir şəxs düşünməlidir ki, mənim, ailəmin, övladımın həyatı ortaya qoyulub. Həmin məmurlar gecə-gündüz qələbə üçün, övladını, ailəsini qorumaq üçün çalışacaq. Eyni zamanda sosial bərabərsizlik aradan götürüləcək.

– Hansı nazirliklər Gəncə şəhərinə köçürülməlidir?

– Prezident tez-tez cəbhəyanı ərazilərdə olur. Ancaq döyüşlər başlayan zaman prezident bir qərargahını da cəbhədə yaratmalıdır. İclaslar birbaşa cəbhə bölgəsinə yaxın bir yerdə keçirilməlidir. Müdafiə Nazirliyinin generallarının Bakıda oturmasına heç bir ehtiyac yoxdur. Əgər müharibə olarsa, bir çoxları işini dayandırıb cəbhə üçün çalışmalıdır.

– Əli Kərimlinin evinin qarşısında aksiya keçirdilər. Bu nə qədər doğru idi?

– Mənim buna münasibətim çox mənfidir. Belə bir durumda buna lüzum yox idi. Əli Kərimlinin evinin qarşısında aksiya keçirən insanların oraya toplaşması Əli Kərimliyə etdikləri ən böyük xidmətdir. Bundan böyük xidmət olmazdı. Biz müxalifətə yeni insanlar, yeni simalar gətirmək istəyirik, ancaq kimlərinsə marağındadır ki, Əli Kərimlini müxalifətə yenidən gətib pərçimləsinlər və qəhrəman obrazında təqdim etsinlər. Bu gün Əli Kərimliyə erməniyə satılıb, erməni dəyirmanına su tökən deməklə bunu heç kimə inandırmaq olmaz. Bu baxımdan bu aksiyanı çox qüsurlu gördüm.

– Son günlər sosial şəbəkələrdə başladılar ki, Müdafiə Nazirliyi şəhidlərimizin dəqiq sayını versin. Bəzi saytlar şəhidlərimizin siyahısını yayımladı, yayımlanan siyahıda olanlardan bir neçəsi hətta sağ çıxdı. Ermənilər bundan çox yaxşı istifadə etdilər.

– Həmin o məlumatı Əli Kərimli də paylaşmışdı. Bu çox qüsurlu hərəkət idi. Bunu qınayıram. Bu cür məlumatları paylaşanları da qınayıram. Əgər əmin olsam bu qədər şəhid olub və gizlədilib, bu zaman onun aşkara çıxarılması üçün hər cür addım atardım. Əlimizdə fakt varsa və bunu biliriksə onu yayımlamaq olar. O cür yalan xəbərin siyasətçilər tərəfindən paylaşılması qüsurludur. Mətbuatın bu tipli məlumatı yayımlaması başa düşüləndir. Onlar məlumat axtarışındadır. Bəzi media qurumlarında bütün dəyərlər arxada qalır, yalnız reytinq və birinci xəbər vermək prinsipi önə çıxır. Ancaq siyasətçilərin yoxlanmamış xəbərləri paylaşması və bundan siyasi aponentinə qarşı istifadə etməsi düzgün deyil. Dağlıq Qarabağ məsələsindən siyasi aponentlərinə qarşı istifadə edilməsi biabırçılıqdır, yöndəmsizlikdir. Bu elə xəyanətə bərabər bir məsələdir. Əli Kərimlinin o cür məlumatı paylaşması da düzgün deyildi, eyni zamanda onun evinin qarşısında aksiyanın keçirilməsi də eybəcər idi. Bu cür hallara baxdıqda görərik ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsindən bir-birinə qarşı istifadə etdi.

– Cəbhədə olduğu kimi virtual aləmdə də informasiya müharibəsi gedirdi. İnformasiya müharibəsi necə getdi?

– Düşünürəm ki, Azərbaycan 90-cı illərdə olan Azərbaycan deyil. Azərbaycanın xaricdən oxunan mətbuatı var. Azərbaycanın səfirlikləri məlumatları xarici dillərə tərcümə edib xarici mediaya ötürür. Azərbaycan bir çox ölkələrdə lobbi təşkilatları yarada bilib. Azərbaycanın haqq işi ilə bağlı dünya mətbuatında kifayət qədər yazılar dərc olundu. Azərbaycan bir neçə ildir ki, informasiya müharibəsində Ermənistana uduzmur. Əksinə Azərbaycan kifayət qədər önə çıxıb. Bir zamanlar diaspora təşkilatlarımız yox idi, erməni lobbisi güclü idi, Azərbaycan təklənmişdi.

Son baş verən hadisələrdə Azərbaycana qarşı qərəz Rusiya mətbuatında oldu. Rusiya bütün məqamlarda Azərbaycanı aşağılayaraq, günahkar kimi təqdim etdi. Əlavə olaraq, Rusiya mətbuatı Ermənistanı qalib kimi göstərməyə çalışdı. Onlar yayırdılar ki, Ermənistanın əks hücumu ilə Azərbaycan ordusu geri oturduldu və böyük itkilər verdi. Rusiya mətbuatı Azərbaycanın adına yazılası məlumatları Ermənistanın adına yazıb dünyaya sırımağa çalışdı. Rusiya mətbuatı Azərbaycana qarşı o qədər qərəzli idi ki, adamda ikrah hissi oyadırdı.

– Ermənistan informasiya müharibəsində ölkəmizdə olan etnik xalqları qızışdırmaq üçün xəbərlər yayırdı.

– Azərbaycanda etnik xalqlarla bağlı problem yoxdur. Ancaq bu problemin olmasını istəyən qüvvələr mövcuddur. Düşünürəm ki, tarix boyu bizim ermənilərdən başqa heç bir xalqla tarixi düşmənçiliyimiz olmayıb. Biz eyni coğrafiyada yaşayırıq. Hamımız Azərbaycan vətəndaşıyıq. Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik xalqların nümayəndələri də həlak olublar. Azərbaycanda yaşayan xalqlar arasında ayrıseçkilik yoxdur. Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır.

– Cəbhədə atəşkəs elan olunduqdan sonra bir çox siyasilər partiya lideri şəklində yox, millət vəkili səviyyəsində cəbhə xəttinə yollandılar. Hərbçilərimizlə, camaatla görüşdülər. Sizdə belə bir plan varmı?

– Təbii ki. Biz bu məsələni partiya daxilində müzakirə etdik. Bakıya gələn şəhidlərimizin yas mərasimində iştirak etdik. Əlimizdən başqa heç nə gəlmir. Rayon şöbələrində olan üzvlərimiz rayonlardakı yas mərasimlərinə qatılırlar. Bir çox üzvlərimiz cəbhə bölgəsinə getdilər. Biz Tərtərə getmək istəyirdik. Bir neçə yerlə məsləhətləşdik, danışdıq. Bizə getməməyi məsləhət gördülər. Müxalifət kimi gedib kimlərləsə görüşlər keçirməyimiz alınmayacaq. Əfsuslar olsun ki, Azərbaycanın siyasi mədəniyyəti o dərəcə aşağıdır ki, artıq müxalifətin gedib cəbhədə əsgərlərə dəstək verməsi düzgün qarşılanmır. Elə başa düşürlər ki, biz bundan siyasi məqsədlərimiz üçün istifadə edəcəyik. Bəli, o cür müxalifət partiyaları var. Özümüz haqlı ikən haqsız duruma düşməmək üçün bu səfərimizdən imtina etdik. Ancaq istəyirəm ki, hakimiyyət içərisində bunun dəstəkləndiyi ifadə olunsun. Müxalifət də gedib əsgərlərimizlə görüşsün, əsgərlərimizə dəstək olsun. Cəbhənin ən qaynar nöqtəsinə getməyə hazıram və bizim bütün üzvlərimiz də hazırdır.

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment