Ötən seçkilərdə cəzalanmış icra məmurları bu dəfə necə davranacaq?
Razi Nurullayev: “Söylənilənlərin arxasında praktik addımlar olmasa…”
Azərbaycanda ildən-ilə seçki təcrübəsi təkmilləşir. Belə demək mümkünsə, artıq seçki mədəniyyəti formalaşıb. Ötən seçkilərdə bir sıra hallarda bəzi məmurlar tərəfindən seçkilərə müdaxilə halları baş vermişdi. Lakin bunun qarşısı vaxtında alınırdı. Belə ki, ötən bələdiyyə seçkilərində prosesə müdaxilə edən bəzi icra hakimiyyəti başçıları cəzalandırıldı.
Bir çoxları vəzifəsilə vidalaşmalı oldu. Ölkə indi parlament seçkilərinə hazırlaşır. Artıq prosesə qızğın hazırlıq gedir. Bu günlərdə seçkilə bağlı keçirilən tədbirdə Prezident Administrasiyası ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbənin müdiri Zeynal Nağdəliyev də çıxış edərək, məmurlar tərəfindən edilə biləcək qanunsuz seçki müdaxilələrinə qarşı, həmişə olduğu kimi, bu dəfə də kəskin mübarizə aparacaqlarını deyib: “Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb. Son bələdiyyə seçkilərində Azərbaycan demokratiya yolunda növbəti addımlar atdığını nümayiş etdirib. 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib. Bu pozuntuya yol verən icra strukturları cəzalandırılıb. O cümlədən, Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkilərində bu mövqe daha da sərtləşəcək. Biz əldə olunan təcrübəni daha da təkmilləşdirməliyik”. Bu çıxış ondan xəbər verir ki, hakimiyyət, həmişə olduğu kimi, bu dəfə də seçkiyə hər hansı qanunsuz müdaxiləyə yol verməyəcək. Bu baş verdikdə isə onu edənlərə qarşı, kimliyindən asılı olmayaraq, qanunun imkan verdiyi çərçivədə amansız olacaq. Bəzi icra strukturlarının seçkilərə qanunsuz müdaxilələrə görə cəzalandırılması təcrübəsi, heç şübhəsiz, digərləri üçün də bir nümunə olmalıdır. Amma görəsən olacaqmı? Həmin təcrübə növbəti seçki ərəfəsi icra hakimiyyətlərinin davranışına necə təsir edəcək?