Faciə üzərində pul qazanmaq
Ukrayna gizli yolla Ermənistana reaktiv yaylım atəş sistemi və daşınan zenit-raket kompleksi satışı həyata keçirir.
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev “Deyerler.org”a bunları deyib: “İtaliyalı yazıçı Mario Pyuzonun “Xaç atası” romanında Maykl deyir ki, şəxsi heç bir məsələ yoxdur, bu sadəcə olaraq biznesdir. Mənə elə gəlir ki, Ukrayna vəziyyətdən istifadə edərək, özünün silahını satıb, iqtisadiyyatını gücləndirmək istəyir. Bu baxımdan mən burada Azərbaycana qarşı bir addım görmürəm. Məsələnin mənəvi tərəfi çox təəssüfedicidir. Çünki Azərbaycanla Ukrayna arasında çox yaxın münasibətlər var. Azərbaycan xalqının faciəsi üzərində pul qazanmaq heç də yaxşı hal deyil. Ukraynanın bu addımı Azərbaycanla Ukrayna arasında müəyyən münasibətlərin gərginləşməsinə gətirib çıxaracaqdır. Ukrayna tərəfi məsələ ilə bağlı çox ciddi şəkildə açıqlama verməlidir. Heç bir dövlət bir dövlətin faciəsi üzərində pul qazanmağa meyl etməməlidir”.
Qeyd edək ki, material hazırlanarkən Ukraynanın Azərbaycandakı səfirliyi yayılmış məlumatla bağlı bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 8 avqust 2012-ci il tarixdə Ukrayna saytlarından birində yerləşdirilib və saxtadır. Səfirlik hesab edir ki, bu təxribatın məqsədi ənənəvi Ukrayna-Azərbaycan dostluq münasibətlərinə zərər vurmaqdır.