Interviews

Rusiya Azərbaycanı sıxışdırmaqda davam edəcək

Razi Nurullayev, AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini
Razi Nurullayev,
AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini

Razi Nurullayev: «Rusiya Azərbaycandan Gömrük Ittifaqında əməkdaşlıq istiqamətində ilkin addımları gözləyir»

Regionumuzdakı hazırkı gərgin geosiyasi durum bölgə ölkələrindən çevik xarici siyasət kursu tələb etsə də, Azərbaycanın yürütdüyü siyasət bu reallıqlara cavab vermir. Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində istər Qərbin, istərsə də Rusiyanın rəsmi Bakıdan konkret mövqe sərgilənməsini tələb etməsi Azərbaycanı seçim qarşısında qoyub. Əksər ekspertlərin fikrincə, Azərbaycan bu dəfə iki güc mərkəzi arasında manevr edə bilməyəcək. Mövzu ilə bağlı bu və başqa sualları AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevə ünvanladıq

– Düşünürəm ki, Azərbaycan hakimiyyəti yenə də həm Rusiya, həm də Avropa Birliyi arasında seçim etməyəcək. Azərbaycanın Avropa Birliyinə birmənalı inteqrasiya kursu tutacağını bəyan etməsi Rusiyanın Azərbaycana qarşı misli görünməmiş hücumları ilə müşayiət oluna bilər. Ona görə Azərbaycan belə bir riskə getmək istəməyəcək. Bu baxımdan Azərbaycanın Vilnüs şəhərində Avropa Birliyi ilə viza sadələşdirilməsinə dair sənəd imzalayacağı gözləniləndir. Avropa Birliyi ilə assosiativ üzvlüyün imzalanması az inandırıcıdır. Çünki bu istiqamətdə heç bir iş görülməyib. Yalnız viza məsələsiylə bağlı Azərbaycanın razılığı əldə olunub. Digər məsələlərlə bağlı isə Azərbaycandan razılıq alınmayıb. Avropa Birliyi ilə əməkdaşlığı daha da dərinləşdirə biləcək dövlət yalnız Ukrayna ola bilər. Ukraynadan sonra bu addımı ata biləcək ölkə Gürcüstan sayıla bilər. Düzdür, Azərbaycandan həm Rusiya, həm Avropa Birliyi konkret mövqe gözləyir. Amma Azərbaycan bu əməkdaşlığa hazır deyil. Ona görə hər iki qurum Azərbaycandan asılı vəziyyətdə qalacaq və Azərbaycan birmənalı olaraq mövqeyini açıqlamayacaq.

– Amma Azərbaycan üçün bu dəfə Rusiya və Avropa Birliyi ilə eyni məsafədə qalmaq bir qədər çətin olacaq. Azərbaycanın konkret mövqe bildirməməsi nəylə nəticələnə bilər?

– Azərbaycana Avropa Birliyi ilə işləmək daha asandır. Azərbaycan Avropa Birliyi ilə danışıqları uzada, danışıqlarda bu qurumu gözlədə bilir. Bu məsələlərə Avropa Birliyi daha dözümlü yanaşır və Azərbaycana öz yolunu müəyyən etmək üçün vaxt ayırır. Bu baxımdan Azərbaycan eyni mövqeyi Rusiyaya qarşı sərgiləyə bilmir. Rusiyaya qarşı Azərbaycanın kəskin mövqeyini ortaya qoymaq imkanları çox azdır. Rusiya Azərbaycandan qəti mövqe gözləyir. Amma Azərbaycan Rusiyaya da qəti mövqeyini bildirə bilməyəcək. Azərbaycanın Gömrük Ittifaqına üzvlüklə bağlı yekun qərara gələcəyi inandırıcı deyil. Putinin prezident seçkilərindən öncə Azərbaycana səfəri onun Azərbaycan rəhbərliyi ilə müəyyən razılıqları olub, müəyyən danışıqlar gedib. Rusiya bundan həvəslənib və bu həvəsdən də çıxış edərək Azərbaycana təzyiqlərini davam etdirir. Amma Azərbaycanın Rusiyanın Gömrük Ittifaqı modelini seçməsi bu hakimiyyətin sonu demək olacaq.

“Rusiya Azərbaycandan mövqe gözləyir”

– Hazırda Rusiyadan Azərbaycana qarşı çeşidli təzyiqlər var. Bu sırada Rusiyada yaşayan azərbaycanlı miqrantların sıxışdırılmasını göstərmək olar. Ukrayna da hazırda Rusiyanın təzyiqləri ilə üz-üzədir. Nə baş verir? Əgər seçkidən əvvəl Putinin Bakı səfəri zamanı münasibətlərin normallaşdığı təəssüratı yaransa da, seçkidən sonra bu görüntü itdi. Hazırda cərəyan edən prosesləri necə dəyərləndirərdiniz?

– Rusiyanın hesablamalarına görə, bu ölkədə yaşayan azərbaycanlılar il ərzində külli miqdarda vəsaiti öz ölkələrinə göndərirlər. Bu faktoru nəzərə alaraq Rusiya Azərbaycanın Gömrük Ittifaqına üzv olacağını düşünür. Rusiya Azərbaycana bu istiqamətdən təsir göstərmək istəyir. Miqrantalara göstərilən təzyiqlər, onların Rusiyadan deportasiya olunması Azərbaycana ən böyük təzyiqdir. Ona görə düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında konsensusun tapılmaması üzündən azərbaycanlılar Rusiyadan deportasiya olunacaq. Çünki Putinin Azərbaycana səfərindən sonra bu istiqamətdə müəyyən razılıqlar əldə olunmuşdu və seçkidən sonra bu istiqamətlər üzrə öhdəliklərin icrası gözlənilirdi. Öhdəliklərlə bağlı müəyyən eyhamlar vurulmuşdu. Ona görə Rusiya Azərbaycandan qəti mövqeyin nümayişini tələb edir. Amma Rusiya Azərbaycandan Gömrük Ittifaqının müəyyən proyektlərində iştirakı, ilkin addımları gözləyir. Rusiyanın əlində təzyiq vasitələrindən biri Qarabağ kartıdır. Rusiya Qarabağ kartından Azərbaycana qarşı istifadə edə bilər. Rusiyanın Azərbaycana təzyiq rıçaqlarından biri isə ölkənin müəyyən bölgələrində təxribatçı qrupların iğtişaşlar törətməsidir. Azərbaycanla razılıq əldə olunmasa, Rusiya bu təzyiq vasitələrindən yararlanmağa çalışacaq.

– Ağ ev son bəyanatında Gürcüstanın yeni seçilmiş prezidentini xüsusi ifadələr işlətməklə təbrik edib. Seçkiləri Gürcüstanda demokratiyanın qələbəsi kimi qiymətləndirən Ağ ev Saakaşvili və Ivanişvilinin xidmətlərini də qeyd edib. Bu təbrik Azərbaycana ünvanlanan təbrikdən köklü sürətdə fərqlənir. Bunun səbəbi nədir?

– ABŞ səfirliyi, Avropa Birliyi, ABŞ-ın Dövlət Departamenti Azərbaycandakı prezident seçkisindən dərhal sonra ATƏT-in seçkilərə verdiyi rəylə tam razılaşdıqlarını bəyan etmişdilər. Həmin hesabatda Azərbaycandakı seçkinin dünya standartlarına cavab vermədiyi vurğulanmışdı. Bu o deməkdir ki, ABŞ Azərbaycandakı seçkinin nəticələrindən narazıdır. ABŞ-dan gələn təbrikdə Amerika seçkinin nəticələrini tanımağa məcbur olsa da, seçkinin azad və demokratik keçirildiyi düşüncəsində deyil. Səfir Morninqstar mətbuata açıqlamasında vurğulamışdı ki, ABŞ seçkinin nəticələrindən narazı qalıb. Amma ABŞ yenə də Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edərək, ölkədə demokratik cəmiyyət quruculuğuna çalışmaq istəyir. Bu üzdən Ilham Əliyevə ünvanlanan məktubda təbrik sözü yox idi. Məktubda Ilham Əliyevə sadəcə olaraq uğurlar arzulanırdı. Bu isə seçki prosesinin demokratik olmamasından irəli gəlir. Səslərin sayılmasında baş verən pozuntular da beynlxalq aləmlə yanaşı, ABŞ-ın da diqqətindən yayınmayıb.

“Insan haqları və demokratiyanın daha önə çəkilməsi”

– Səfir açıqlamasında daha sonra vurğulayır ki, demokratiya və insan haqları ABŞ ilə münasibətlərdə önəmli məqamlardan olacaq. Azərbaycan hakimiyyətinin hazırda demokratiya və insan haqlarını kobud şəkildə pozduğu halda bu açıqlamanı necə dəyərləndirirsiniz?

– Maraqlı məqamdır. ABŞ səfiri, ümumiyyətlə, ABŞ rəsmiləri son zamanlar Azərbaycanda baş verənlərlə bağlı maraqlı yanaşma ortaya qoyurlar. Amerika diplomatları ritorikalarında insan haqları və demokratiyanı daha önə çəkirlər. Onlar ABŞ-ın Azərbaycanla bağlı siyasətində birinci prioritet olmağa çox yaxındır. Çünki ABŞ-ın Azərbaycanla bağlı bir sıra prioritetləri var. Həmin prioritetlərin də önündə insan hüquqları və demokratiya dayanır. Bu gün artıq ABŞ Azərbaycanla bağlı insan hüquqları və demokratiyanın prioritet olmasını önə çəkir. Bu çox şeydən xəbər verir. Bu onu deməyə əsas verir ki, ABŞ Azərbaycandakı demokratik proseslərə müdaxiləsini daha çox artıracaq, vətəndaş cəmiyyəti ilə işləməyə çalışacaq, hökumətə daha çox təzyiqlər edəcək. Çünki 2014-cü ilin sonlarında ABŞ-ın hərbi kontingenti Əfqanıstandan tamamilə çıxarılacaq. Bundan sonra Azərbaycan ərazisindən istifadə olunması zəifləyəcək. Yəni Azərbaycanın bu istiqamətdə önəmi azalacaq. Digər tərəfdən, ABŞ ilə Iran arasında münasibətlər müəyyən qədər təkmilləşməyə başlayıb. Belə bir şəraitdə Azərbaycanın bu sahədəki önəmi azala bilər. Yəni demokratiya və insan haqları məsələsi ilə təhlükəsizlik məsələsi ABŞ-ın Azərbaycana münasibətindəki prioritetlərində yerini dəyişir. Artıq biz bu dəyişməni müşahidə edirik.

– Seçkidən sonra azad mətbuata qarşı basqılar nəylə bağlıdır? Hakimiyyətin mətbuata qarşı siyasətini aqressivləşdirməsi nəyə hesablanıb? Seçkinin nəticələri ilə bağlı ciddi problemlər yaşayan hakimiyyət söz və mətbuat azadlığını boğmaqla özünə əlavə beynəlxalq problemlər yaratmış olur. Hadisələrin bu cür inkişafı hakimiyyətə lazımdırmı?

– “Azadlıq” qəzeti hakimiyyətin əsaslarının, qanundan kənar hadisələrin sarsıdılmasında önəmli rol oynadığına görə hədəfdədir. Yeganə qəzetdir ki, heç nədən çəkinmədən, ad çəkmədən qorxmadan bütün gördüklərini olduğu kimi cəmiyyətə çatdırır. Ona görə “Azadlıq” qəzeti vətəndaşların ölkədə baş verənlərlə bağlı gözlərinin açılmasında önəmli rol oynayır. “Azadlıq” son zamanlar ən oxunaqlı qəzetlərdən birinə çevrilib. “Azadlıq” qəzetinin saytındakı məqalələrin bəzisini yüz minlər oxuyur. Hakimiyyət bundan narahat olaraq qəzetin susdurulmasına qərar verib. Burada məqsəd “Azadlıq” qəzetinin yazdıqlarının geniş insan kütləsinə çatmamasıdır.

Azadlıq qəzeti, 19 noyabr 2013-cü il

Related Articles

Back to top button