Allahu-Əkbər kəlməsini baş kəsmək və qan tökməklə eyniləşdirməsi İslama münasibəti dəyişdirib
4 yanvar 2015.
Son aylar Avropada İslama və müsəlmanlara münasibət mənfi yöndə dəyişməkdədir. Yalnız İsveçdə keçən il məscidlərə 13 dəfə basqın olub, partladılıb, şüşəsi sındırılıb, molotov kokteyli atılıb. Bu ilin keçən 3 gün ərzində yenə də bu ölkədə məscidlərə 3 dəfə basqın olub.
İsveç rəsmiləri narahatlıqlarını bildirir və ölkələrinin bütün dinlər üçün dözümlü ölkə olaraq qalacağını bəyan edirlər. Bu bəyanatlara, tam olaraq inanıram.
Məni narahat edən başqa məqamlardır. Əslində, Avropalılarda ciddi günah görmürəm. İŞİD dini radikal qruplaşmasının qılınc çəkib baş kəsməsi, Allahu-Əkbər kəlməsini baş kəsmək və qan tökməklə eyniləşdirməsi İslama münasibəti dəyişdirib.
Başqa bir problem də var. Avropaya səfər etdiyimdə müsəlmanların kütləvi yaşadıqları yerləri çox natəmiz, səliqəsiz və kortəbii yer kimi tanımışam. Hətta, soruşmuşam da. Onların cavabı, şəhər rəhbərliyinin onların yaşadıqları küçələrə ögey münasibəti. Amma, bəs zibillər, natəmizliklər, küçə biznesi? Bunu şved sizin yerinizə edən deyil ki…
Bir problemi də müşahidə etmişəm. Avropa ölkələrində sığınacaq tapanlar yaşadıqları ölkənin sakinlərinə yuxarıdan aşağıya baxırlar. Onları bəyənmirlər. Onların qaydalarına xor baxırlar. Mədəni olmaq və təhsilli olmaq istəmirlər.
Bu mənasız yekəxanalığı isə heç anlaya bilmirəm.
Bildiyimə görə, bizim vətəndaşlarımız arasında belələri çox azdır. Buna çox sevinirəm. Amma, müsəlmanlara münasibətin dəyişməsi bizə də təsirsiz ötüşmür.