Fransada baş verən terror aktı bəşəri cinayətdir
Fransada baş verən terror aktı, təbii ki, bəşəri cinayətdir. Terror haqq uğrunda törədilsə belə, yenə də zərrə qədər də dəstək almamalıdır. Bu hücum, Avropada yaşayan müsəlmanların vəziyyətini ciddi şəkildə kəskinləşdirəcək.
Bir məsələni unutmaq olmaz. İnsanların inancını lağ obyektinə çevirmək və onu təhqir etmək də yolverilməzdir. Məhəmməd peyğəmbərin (s) karikaturalarının yaradılması və onun aşağılanması da söz azadlığı deyil. Bunu da Avropa dərk etməlidir. Azadlığın da çərçivəsi var. Sərhədləri aşılanda anarxiya yaranır.
Problem varsa, onun kökünü qazımaq lazım. Avropa uzun müddət müşahidəçi qaldığı və qətiyyət göstərmədiyi məsələlərdə zərbə alıb. Terror qrupları Sovetlərə qarşı Qərb tərəfindən də dəstəklənib.
İŞİD yeni ayaq açanda Fransa qarışıq çox dövlətlər gözləmə mövqeyi tutdu. Fransa Afrikada göstərdiyi qətiyyəti göstərmədi və bu gün də bədəlini ödəyir.
Bu son deyil. Ox yaydan çıxıb və yeni qurbanlar istəyir. Yəqin ki, yeni terror dalğaları baş verə bilər. Avropa siyasətini sərtləşdirdikcə terrorçular da sakit oturmayacaq. Bu bəla ilə birgə və səmimi mübarizə aparmaq lazımdır.
Bu terror ən çox Putinin işinə yarayacaq. Fransa Rusiya ilə dostluğa meyllənirdi və yəqin ki, artıq bu açıq müstəviyə keçəcək.