InterviewsPublic speaking

ƏLİ KƏRİMLİNİN MÜAVİNİNDƏN YENİ TƏKLİFLƏR

AXCP-nin “Yeni Müsavat”dan gözləntiləri var

Müsavat Partiyası ilə AXCP-nin bəzi dairələrdə vahid namizədləri müəyyənləşdirməsində problemlərin ortaya çıxması sözügedən təşkilatların funksionerlərində narahatlıq yaradıb. AXCP sədrinin müavini Razi Nurullayev əməkdaşımızla söhbətində bu barədə bildirib. O, problemin həlli üçün bir neçə təklif də irəli sürür.

R.Nurullayev hesab edir ki, Müsavatla AXCP-nin vahid namizədlərlə seçkiyə getməsi və birləşməsində “Yeni Müsavat” qəzetinin də mövqeyi mühümdür: “Yeni Müsavat” qəzeti ictimai rəyə, partiyaların üzvlərinin mövqeyinə təsir edə, fikir, ictimai rəy formalaşdıra bilir. Yəni bu qəzetin apardığı təbliğat öz təsirini göstərir. Ona görə də “Yeni Müsavat”dan, şəxsən Rauf Arifoğlundan vahid namizədlərin problemsiz müəyyənləşməsi və bu iki partiyanın birləşməsinin alınması üçün gözləntimiz var. Təklif edirəm ki, qəzet problemli dairələrdə üz-üzə gələn şəxsləri bir araya gətirib onların diskussiyasını təşkil etsin. Orada hər kəs şansları, imkanları haqda danışa və sonda kimlərin şansının daha çox olması ortaya çıxa bilər. Həmin diskussiyanın stenoqramının qəzetdə dərci ictimaiyyətin də məlumatlanmasına səbəb olar. Hamı görər ki, kim vahid namizəd olmalıdır”.
R.Nurullayevin növbəti təklifində Müsavat Partiyasının Divanı ilə AXCP-nin Rəyasət Heyətinin birgə iclasının keçirilməsi nəzərdə tutulur: “Birgə iclasda mətbuat da iştirak etsin. Konkret olaraq birləşmə və seçki bloku mövzusu müzakirə edilsin. Orada bəlli olsun ki, bu iki məsələnin reallaşmasına kimlər mane olur, kimlər dəstək verir. ”Yeni Müsavat” həmin iclasdan reportaj hazırlasa, ictimaiyyət, sıravi partiya üzvləri üçün çox məsələlər aydın olar”.
AXCP yetkilisi hesab edir ki, birləşməni tormozlayan insanlar belə olacağını bilib ictimai qınağa tuş gəlməmək üçün mövqelərindən geri çəkilə bilərlər.

Etibar SEYİDAĞA

http://www.musavat.com/new/Siyas%C9%99t/82857-%C6%8FL%C4%B0_K%C6%8FR%C4%B0ML%C4%B0N%C4%B0N_M%C3%9CAV%C4%B0N%C4%B0ND%C6%8FN_YEN%C4%B0_T%C6%8FKL%C4%B0FL%C6%8FR

Related Articles

Back to top button