Interviews

Razı Nurullayev: “…Arzu Səmədbəyli deputat seçilməyəcəkdi”

“Mən 2005-ci il parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsində bütün seçki məntəqələrindən olan protokolları Arzu Səmədbəyliyə verdim.

Əgər həmin protokolları ona təqdim etməsəydim, deputat ola bilməyəcəkdi”. Bunu “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Razı Nurullayev millət vəkili Arzu Səmədbəylinin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. R. Nurullayev bildirib ki, o A. Səmədbəylini müdafiə edən bəyanata imza atıb: “O zaman da onların mənə qarşı münasibəti mənfi idi. Amma mən böyük bir jest göstərdim, Müsavat Partiyasının qərargahına gedərək həmin bəyanata imza atdım. Ona görə də mənim haqım var ki, Arzu Səmədbəylidən güzəşt gözləyim, o başqa dairədən namizəd olsun. Biz bu məsələni həll etməliyik. Həll olunmayacaqsa, deməli ikimizdə bu dairədən namizəd olacağıq”.

R. Nurullayev sözügedən dairədən namizədliyə iddia etməsi və bunun sosial şəbəkələrdə müzakirəyə çıxarmasına belə reaksiyanın olacağını gözləmədiyini bildirib: “Çünki mən etikadan kənar ifadə işlətməmişəm. Arzu Səmədbəylinin mənim barəmdə belə fikirlər işlətməsindən incidim. O deyir ki, 2005-ci il seçkilərində mən 9-cu yeri tutmuşam. Bu belə deyil, mən 6-cı yeri tutmuşdum. İlk dəfə idi seçkilərdə iştirak edirdim və bu yeri tutmaq normal idi. Arzu Səmədbəyli o dairədən səs aldığı üçün “Azadlıq” blokuna sağ ol deməli idi. Ona görə də heç kim öz gücünə güvənməməlidir, də biz partiyalara arxalanmalıyıq. Mən də partiyaya və müxalifətin gücünə arxalanıram”.

A. Səmədbəylinin onu siyasi naşı adlandırmasına gəldikdə, R. Nurullayev bildirib ki, ola bilsin ki, o bəzilərinin düşündüyü çirkin seçki texnologiyaları sahəsində naşıdır: “Amma siyasətin əlifbasını A-dan Z-yə qədər bilirəm. Mən özümü siyasətdə naşı hesab etmirəm. Amma Arzu Səmədbəyli belə fikirləşirsə, mən də düşünəcəyəm ki, harada naşılıq etmişəm”.

http://www.qafqazinfo.az/news.php?id=155

Related Articles

Back to top button