Articles

ABŞ-ın və Avropa dövlətlərinin aça bilmədiyi İran kartı

Razi Nurullayev,AXCP sədrinin xarici əlaqələr üzrə müavini

https://blog.razinurullayev.com

ABŞ-ın dövlət katibi Hillari Klinton Iranın dini liderlərinə səslənərək hakimiyyəti ələ almağa çağırıb. Bu çağırış birbaşa Iran rəsmiləri tərəfindən hakimiyyət çevrilişinə çağırış kimi dəyərləndirilib. Maraqlıdır ki, BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 65-ci sessiyasında Iran prezidenti Mahmud Əhmədinejad da iştirak edir və onun ABŞ-a səfəri ərəfəsində bu fikir dövlət katibi tərəfindən səsləndirilib. Irana qarşı bu il tətbiq olunan sanksiyalar Iranın iqtisadiyyatını çökdürə bilmədi və demək olar ki, Iran dövləti daha qəti və kəskin siyasət yeritməyə başladı. Sanksiyaların işlək dövründə Iran dövləti bir neçə dəfə yaxın və uzaq mənzilli raketlərin də sınağını keçirməyə müvəffəq oldu. Avropa səmasına buraxılmayan köhnə Iran sərnişin təyyarələrinin yeniləri ilə əvəzlənməsi başlayıb. Bu o deməkdir ki, Iran Latın Amerikasında və Şərqdə olan dostlarının köməyi ilə sanksiyaların nəticəsini heçə endirməyə çalışır. Venesuela prezidenti Hüqo Çaves aşkarcasına Iranı müdafiə etməkdədir. Kuba inqilabının lideri Fidel Kastro Irana müharibə elan olunacağı təqdirdə 3-cü Dünya müharibəsinin başlanacağını proqnozlaşdırır və dünya dövlətlərini Amerikanın bu planına qarşı çıxmağa səsləyir.
Avropa dövlətlərinin daxilində də Iranla bağlı qəti fikir yoxdur. Irana qarşı sanksiyaların tətbiqi zamanı Avropa həmrəyliyi üstün gəlsə də, birlik daxilində Iranın tərəfini saxlayan dövlətlər də var. Bunlardan biri Italiyadır. Italiya daha çox iqtisadi bünövrələr və münasibətlər üzərində qurulan əməkdaşlığın tərəfdarıdır. Italiyanın və Şərqi Avropa dövlətlərinin nə dünya səhnəsində, nə də Avropa Birliyi daxilində birincilik savaşı aparmaq niyyətləri olmadığından Iranın güclənməsində də özləri üçün bir o qədər təhlükə görmürlər. Qışda soyuqdan əziyyət çəkən bu dövlətlərə Irandan idxal olunan qaz daha sərfəlidir. Bu dövlətlər hesab edir ki, Iranı susdurmağa və dərsini verməyə çalışan dövlətlər həm də malik olduqları siyasi gücü bölüşmək istəmirlər.

Almaniya və Fransa

Almaniyanın Irana qarşı sərt mövqe tutması Iranda 2009-cu ilin iyununda keçirilən və saxtalaşdırıldığı iddia edilən prezident seçkilərindən sonra baş verib. Buna qədər isə Almaniya ABŞ-dan, Fransadan və Ingiltərədən Iranın uranın zənginləşdirilməsilə bağlı gördüyü işlər barədə faktlar istəyirdi. 2007-ci ilin danışıqlarında Fransa Almaniyadan daha qəti olmağı və Avropa Birliyinin Irana sanksiya tətbiq etməsini dəstəkləməsini istəsə də, Almaniyanın o vaxtkı XIN başçısı Frank-Walter Steinmeier buna qarşı çıxmışdı. Almaniyanın mövqeyinin dəyişməsində Iranın 2009-cu ildən başlayaraq uranın zənginləşdirilməsilə bağlı kartlarını açması və Iranda demokratiya cücərtilərini boğması oldu. Almaniya üçün Iranın demokratikləşməsi daha vacib sayılır, nəinki onun nüvə proqramı ilə mübarizə aparmaq. Məlumat üçün deyək ki, Iranin Buşəhr nüvə layihəsi Almaniya şirkəti tərəfindən 1970-ci ildə tikilməyə başlamış və 1979-cu il Islam Inqilabından sonra isə tərk edilmişdi. Rusiya onu tamamlamaq üçün 1995-ci ildə Iranla müqavilə imzalamışdı.
Iranı bu sahədə sıxan dövlətlər kifayət qədərdir. Super güclər üçün Iranın dövlət kimi zəiflədilməsi daha vacibdir və dünyanın yeni düzəninin əmələ gəlməsi, Irana xüsusi yerin ayrılması heç bir dünya dövlətinin gündəmində yoxdur. Almaniya dövləti 2010-cu ilin iyun ayında keçirilən Iranın mübahisəli prezident seçkilərindən sonra təqib olunan 10 nəfərə sığınacaq verdiyini bəyan etmişdi. Bu günə kimi isə onların sayının artıq 50 nəfərə çatdığı məlumdur.
Fransanın da mövqeyi çox maraqlıdır. Onun Iranda güclü biznes maraqları da mövcuddur. Amma o bunlardan geri çəkildi və Avropa Birliyi dövlətləri içərisində ən çox haray-həşir salan da odur. Irana qarşı ən sərt mövqe sərgiləməklə yanaşı, danışıqlarda da birinci olmağı önə çəkməkdədir. Fransa Avropa Birliyi dövlətləri içərisində söz sahibi olduğunu və digər dövlətlərin də bunu qəbul etməli olduğunu sanki onların nəzərinə çatdırır. Məhz Iranla bağlı yeritdiyi siyasət və sərt mövqeyi də bununla əsaslandırılır. Istənilən bir beynəlxalq məsələnin həllində Fransa masa arxasında oturmağa öyrəşib və əgər bundan mərhum edilərsə, o zaman əvvəl yeritdiyi siyasətə əks siyasət yeritməkdən də çəkinmir. Bu, hazırda Irana qarşı sərgilədiyi münasibətdə özünü göstərməkdədir. Analoji situasiya ABŞ-ın Əfqanıstan və Iraqla apardığı müharibə zamanı da özünü göstərmişdi. Fransa birmənalı olaraq bu müharibəyə qarşı çıxmış və nəticədə ABŞ-la diplomatik münasibətlərin az qala kəsilməsinə gətirib çıxarmışdı. CNN və BBC Fransanı ələ salan və tənqid edən reportajlarını bir-birinin ardınca yayımlamağa başlamışdı. Bundan sonra Fransa prezidenti Jak Şirak dünya səhnəsində Fransanın önəmli rol oynamasını təmin etmək üçün bütün dünyaya yayımlanan və Fransanın nəzarətində olan bir TV kanalının açılacağını bəyan etmişdı. Bu plan hələ də qüvvədədir.
Fransa tarix boyu Avropada hegemonluq uğrunda mübarizə aparıb və daim qarşısında Ingiltərəni görüb. Almaniya isə Fransanın yolunda 20-ci əsrin əvvəllərindən görünməyə başlayıb – 1914-cü ilin 1-ci Dünya Müharibəsi zamanı, həmçinin 2-ci Dünya Müharibəsində Hitler tərəfindən məğlub edilməsi. Sonrakı dövrlərdə Almaniyanın militarist siyasətdən əl çəkərək, iqtisadiyyat üzərində cəmlənməsi Fransa üçün bir rəqib qoyub: Ingiltərə

İngiltərə

Ingiltərə elə bir ənənəvi dövlətdir ki, konservatizm meyllərini həmişə saxlamaqdadır. O, həmişə güc olub, heç vaxt yenilməyib və dünya siyasətinin formalaşmasında əsas rollardan birini oynayıb. ABŞ-ı Ingiltərə yaradıb. Böyüdüb boya-başa çatdırdığı “oğlu” indi onun özündən güclüdür. Nə qədər ixtilafları olsa da, maraq dairələri nə qədər müxtəlif olsa da “ata-oğul” sonda bir yerdə olmağı bacarır. Buna görə də Ingiltərə ABŞ-ı heç vaxt tək qoymaz. ABŞ yanlışlıq etsə də, Ingiltərə onu müdafiə edəcək. “Oğul” da “ata”nı eyni səylə qoruyacaq. Buna görə də, ABŞ-Ingiltərə siyasəti Irana qarşı eyni mərkəzdən hazırlanır və yönəldilir. Ingiltərə ABŞ üçün Avropa qitəsini əlində saxlamaq baxımından güclü bir yumruqdur.

İsrail İranı vura bilərmi?

Əgər ABŞ bunu istəsə, bəli. Iranın nüvə silahına malik olması Israil dövlətinin de-fakto dünya xəritəsindən silinməsi ilə nəticələnə bilər. Buna görə də Iranın nüvə silahı əldə etməmişdən öncə vurulması qaçılmazdır. Bunun Israilin əli ilə həyata keçirilməsi planlaşdırılsa da, əməliyyatlarda ABŞ-la yanaşı, Ingiltərə, həmçinin bir sıra digər Avropa dövlətləri də iştirak edəcək. Türkiyə bu əməliyyatlara qarşı çıxsa da, hərbi müdaxiləni dayandırmaq iqtidarında olmaya bilər. Iranın bu müdaxiləni dayandırmasının yeganə yolu danışıqlara başlamasıdır. Əks halda, Iranı ona dost olan ölkələr də qoruya bilməyəcək.

Çin və Rusiya hansı mövqedə dayana bilər?

Çin və Rusiyanın Iranla bağlı mövqeyinin dəyişməsində və ona qarşı sanksiyanı dəstəkləməsində əsas rol siyasi gücün bölüşdürülməsi oldu. Bu dövlətlər kənarda dayanaraq oyunpozanlıq etməkdən və cığal görünməkdən çəkindikləri üçün bu addımı atmalı oldular. ABŞ istənilən halda, istədiklərinə gec-tez nail olur. Amma bu zaman ABŞ-ın tək super güc olduğu da vurğulanır. Bu gücü bölüşmək, eyni zamanda haqlı məsələnin yanında olaraq, xarici siyasətini yeritmək daha asan başa gəlir. Fikir versək, Çin və Rusiyanın Irana qarşı sanksiyanı dəstəklədikdən sonra daha xoş məramlarla adları çəkilir və hətta Rusiyanın NATO-ya üzv olması da gündəmə gəlir.
Gözlənilir ki, Çin və Rusiya Iran məsələsində sanksiyaların daha da sərtləşməsinə də etiraz etməyəcəklər. Lakin Iran kartından istifadə edərək, ABŞ və Avropa Birliyi dövlətlərindən daha çox siyasi və iqtisadi güzəştlər almağa nail olacaqlar. Buna görə də Irana qarşı hərbi əməliyyatların başlanacağı təqdirdə Iranın Çin və Rusiyadan dəstək gözləməsinə dəyməz.

Nəticə

Iranın xarici siyasətinin tam düzgün olduğunu vurğulamaq olmaz. Yeridilən siyasət təhrik və meydanoxuma kimi başa düşülür. Doğrusu, Iran hakimiyyətinin beynəlxalq güclərlə hədə dili ilə danışması onun maraqlarına ziddir. O, meydan oxuduqca, ətrafında qurulan çərçivə daha da daralmaqdadır. Hazırda yaranmış vəziyyət üç istiqamətdə inkişaf edə bilər:
1. Iranın nüvə silahını əldə etmək üçün potensialının olmaması barədə əldə edilən kəşfiyyat xəbərləri və nəticədə Iranla bağlı diplomatik masaya qayıdış;
2. Kəşfiyyatın Iranın nüvə silahını əldə etməyə yaxın olduğunu bəyan etməsi, bu zaman Iranın vurulması və bölüşdürülməsi;
3. Kəşfiyyatın məlumatlarının dəqiq olub-olmadığı anlaşılmır, şübhələrə son qoymaq yolu tutulur. Bu o deməkdir ki, gələcək mümkün təhlükələrin qarşısını almaq üçün Iran vurulur və siyasi səhnədən çıxarılır.

http://azadliq.info/koshe/Azad-Blog/4056.html

Related Articles

Back to top button