Articles

«SÜRİX 2»- TÜRKİYƏ VƏ AZƏRBAYCAN ÜÇÜN YENİ İMTAHAN…

İsveçrə Sürix prosesinə yenidən can vermək istəyir. Oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Sürix şəhərində diplomatik münasibətlərin bərpa olunması barədə protokol imzalayacağı gözlənilir. Oktyabrın 4-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin Türkiyə və Ermənistan arasındakı normallaşma prosesində yenidən dövrədə olduğu və telefon diplomatiyası apardığı haqda xəbərlərə münasibət bildirərkən deyib: “proses bitməyib ki, yenidən başlasın”. Daha sonra isə nazir qeyd edib ki, bu proses Qafqazlara sülh gələnə qədər davam edəcək.

Əlbəttə, ikinci cəhd daha ciddi səylərlə müşayiət olunacaq. Hələ birinci cəhd davam edərkən, necə deyərlər, prosesin içindəykən qiymət verməyin çətin olduğu bəzi mətləblər indi aydınlaşıb. Məsələn, belə məlum olur ki, ABŞ və prosesi başladan digər tərəflər Dağlıq Qarabağ münaqişəsinin ən azı bu yaxın illər ərzində həll olunmayacağını gözəl anlayıblar. Ona görə də əslində nəticə etibarilə regionda sabitlik planı kimi təqdim olunan «Sürix planı»na Dağlıq Qarabağ məsələsi daxil edilməmişdi. Halbuki, söhbət həqiqətən də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasından gedirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli bu planda birinci yerdə durmalı idi. Amma bütün proses boyu müşahidə etdiyimiz cəhdlər ondan ibarət idi ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsində Dağlıq Qarabağ münaqişəsinə, daha dəqiq desək, Azərbaycana məhəl qoyulmadı. Bu bir yandan Azərbaycanın xarici siyasətinin iflası idisə, digər tərəfdən isə ölkəyə və bölgəyə yönəlik ədalətsiz plan idi.  Bu cür ədalətsiz plan isə təbii ki, həyata keçə bilməzdi. Təkcə ona görə yox ki, Türkiyə öz xarici siyasətində ədalət prinsipini əsas götürdü. Həm də ona görə ki, Azərbaycan bölgədə olduqca strateji əhəmiyyətlərə malik olan bir ölkədir və bu ölkənin mənafelərinin üstündən xətt çəkmək, bu ölkəylə münasibətləri pisləşdirmək, Türkiyə üçün sadəcə, mümkünsüz oldu.
Rusiya faktoru
Yeniləşməkdə olan dünya siyasətindəki fərqli  səbəblər ona gətirdi ki, Rusiya da ABŞ-ın bilavasitə arxasında durduğu «Sürix planına» qol qoydu. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məşhur «Edik, idi podpişi» mesajının arxasında nələr dururdu?
Əgər bir müddət öncə bu hərəkəti Rusiyanın birmənalı olaraq Türkiyə-Ermənistan dostluğuna xeyir-dua verməsi kimi qiymətləndirmək olardısa, indi mənzərə başqa cürdür. Proses nəticə verməyib: Türkiyə bir qədər irəli getdikdən sonra Dağlıq Qarabağ şərtilə çıxış edib; Ermənistan Konstitusiya Məhkəməsi isə soyqırım məsələsinin gündəmdə saxlanılması üçün hüquqi zəmindən imtina etməyən qərar çıxarmaqla Türkiyəni kələkləmək istəyib. Haşiyə çıxaraq xatırladaq ki, bu qərar verilməzdən əvvəl Lavrov Yerevana səfər etmişdi.
Beləliklə, «Sürix planı» fiaskoya uğramış sayıla bilərdi. Lakin, İsveçrənin «Sürix-2» üzərində işə başlaması masada yeni kartların və yeni oyunçuların ola biləcəyindən xəbər verir. Məlumata görə, ötən gün Berndə Ermənistan parlamentinin rəhbəri Ovik Abramyanla bir araya gələn İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey İsveçrənin bu prosesdə dönüş nöqtəsi olacaq irəliləyiş əldə etməkdə qərarlı olduğunu bildirib. Sözsüz ki, «Sürix 2»ni hazırlayanlar burada əvvəlki səhvlərə yol verməməyə çalışacaq, prosesin reallaşması üçün bu dəfə daha detallı şəkildə məsələləri nəzərə alacaqlar. Amma… Dağlıq Qarabağ münaqişəsinin həlli bu planda yenə də olmayacaq! Niyə? Çünki bu münaqişənin yaxın zamanlarda ədalətli həllini nəzərdə tutan plan mövcud deyil.

Münaqişənin həlli mexanizmi tamamilə yanlış və absurd istiqamətdə axtarılmaqdadır. Yəni, bütün dünya bilə-bilə ki, burada söhbət bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsindən gedir, məsələni tamamilə başqa bir qəlibə salıb, orada həll etmək istəyirlər. Azərbaycan diplomatiyası isə, Minsk həmsədrlərinin vəzifə borcu müstəvisindən qaynaqlanaraq hazırlanan sənədlərə gah “hə”, gah da “yox” deməklə özünün də münaqişənin həllində qəti mövqeyinin olmadığını göstərməkdədir. Azərbaycan diplomatiyasının mövqeyinin birmənalı olması masa üzərinə əlverişsiz həll planlarının qoyulmasının da qarşısını alardı.  Məsələn, istər Madrid planı olsun, istər başqa adla rəsmi və qeyri-rəsmi təqdim olunan həll planlarında belə təsəvvür yaradılır ki, sanki Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasındakı mübahisəli ərazidir və hal-hazırda bütün cəhdlər bu «mübahisəli» ərazinin iki dövlətin razılığı ilə bölünməsinə yönəlib. Məsələn, tutaq ki, iki və ya üç və ya beş rayonun boşaldılması, Dağlıq Qarabağda isə referendum keçirilməsi, yaxud da «ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə azadlığı» kimi, əslində Azərbaycanın — hüquqlarını tamamilə pozan təkliflər nə deməkdir?

Təklif olunan sülh variantlarının məhz bu cür qurulması birmənalı olaraq onu deməyə əsas verir ki, qərb ölkələri, Avropa, ABŞ, Rusiya – bir sözlə dünya  – Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın düşündüyü tərzdə və beynəlxalq hüququn imkan verdiyi çərçivədə ədalətli şəkildə həll etmək niyyətində deyil və ya Ermənistanı öz adıyla çağırmaq istəmir.

Bu vəziyyəti daha sadə dillə belə izah etmək olar. Hal-hazırda dünya dövlətləri, böyük dövlətlər Azərbaycana onun maraqlarına qətiyyən uyğun gəlməyən həll təklif edirlər. Əks halda isə münaqişənin ən azı indiki vəziyyətdə saxlanılmasına tərəfdardırlar. Azərbaycan isə bu cür həll variantları ilə razılaşmır. Eyni zamanda münaqişənin bu vəziyyətdə saxlanılması da Azərbaycan üçün zərərlidir.
Bütün bunları nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən azı «Sürix prosesi»nin reallaşacağı illərə təsadüf etməsinin qeyri-reallığı tamamilə aydın görünür. Ona görə də ikinci cəhdin yenə də Dağlıq Qarabağ münaqişəsinin həllindən yan keçəcəyini əminliklə söyləmək olar. Belə olan halda, Türkiyə və Azərbaycan daha sərt imtahan qarşısında qalacaqlar.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi adı altında müxtəlif təzyiqlərə, hiylə və siyasi həmlələrə, Türkiyə isə yersiz qınaqlara tuş gələcək. Deməli, «Sürix 2» -yə qarşı hər iki dövlətin birgə hərəkət planı olmalıdır. Zatən buna, iki qardaş ölkə arasında 16 avqust 2010-ci il Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı iki ölkə prezidentinin imzaladığı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” də imkan yaradır.

Razi Nurullayev, AXCP sədrinin xarici əlaqələr üzrə müavini https://blog.razinurullayev.com

http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/86488-%C2%ABS%C3%9CR%C4%B0X_2%C2%BB-_T%C3%9CRK%C4%B0Y%C6%8F_V%C6%8F_AZ%C6%8FRBAYCAN_%C3%9C%C3%87%C3%9CN_YEN%C4%B0_%C4%B0MTAHAN%E2%80%A6

Related Articles

Back to top button