Bir daha Astana barədə…
…və ya «Astanada heç nə olmadı» deyənlərin diqqətinə
(Ilk yazım bu linkdə: http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/90076-ASTANADA_FIRTINA%E2%80%A6)
ATƏT-in Astanada keçirilən iki günlük sammiti öz işinə yekun vurdu. Hətta sammiti kənardan izləyənlər belə onun kifayət qədər qalmaqallı və söz-söhbətli keçdiyni hiss etdilər. Məsələn, sammitdə iki günlük iştirakı nəzərdə tutulan Dmitri Medvedyev tədbiri yarımçıq tərk etdi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmadı və sairə. Sammitin qalmaqallı keçməsinin ən bariz nümunəsi isə onun yekun bəyannaməsinin qəbul olunmasının mümkün olmaması idi. Dekabrın 2-də axşama doğru sammit öz işinə yekun vursa da, gecə saatlarına qədər onun bəyannaməsini qəbul etmək mümkün olmamışdı. Nəhayət, dekabrın 3-də bəyannaməni qəbul olunması xəbəri yayılsa da, onun mətnini əldə etmək xəbər agentlikləri üçün müşkülə çevrilmişdi. Budur, nəhayət Reqnum agentliyi çoxsaylı xahişlərdən sonra ATƏT-in mətbuat xidmətindən bəyannamənin mətnini əldə edir. Ancaq necə? Dolğun bir rəsmi sənəd formasında deyil, əlyazma şəklində. «Reqnum» isə məmuniyyətlə onsuzda yarı-yarımçıq olan bu sənədi olduğu kimi deyil, qol-qabırğasını sındırmaqla yayımlamışdı.
Rusiya və Ermənistan xəbər agentlikləri bu barədə heç nə yazmasalar da, başqa mənbələrdən öyrənmək olurdu ki, bəyannamənin qəbulunun gecikməsi və sonradan qəbul olunan variantda dondurulmuş münaqişələrlə bağlı heç bir bəndin olmaması məhz Rusiyanın xidməti olub.
Beləliklə, hətta siyasətdən kənar müşahidəçi belə bu sammitdə xüsusən pərdə arxasında kifayət qədər ciddi dartışmaların baş verdiyni hiss edə bilərdi. Məsələn, Rusiya prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın ənənəvi siyasətindən kənara çıxa biləcəyi ilə bağlı yaratdığı görüntünü kənara qoyub əsil simasını göstərməli oldu. Cənubi Qafqazdakı münaqişələrdən danışan hər bir qərb sözçüsü sammitdə istər-istəməz hədəf kimi Rusiyaya üzünü tutmuş oldu. Klinton açıq-aşkar ATƏT-in Gürcüstanda məhz Rusiyanın tələbiylə dayandırılmış missiyasının bərpasını tələb etdi. Və nəhayət Rusiya prezidenti sammiti tərk etməli oldu.
Halbuki Rusiya bu sammitə
1. Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vasitəçi rolunda çıxış edərək, hər hansı bir görüntü xarakterli sənəd, bəyanat ortaya çıxarmaq;
2. Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasını təşkil etmək və bunu yekin bəyannaməyə salmağa müvəffəq olmaq;
3. Ən əsası isə bu sammiti məhz bu ikinci bəndin müzakirə poliqonuna çevirmək planı və ya ümidi ilə getmişdi.
Bu məsələlərin heç biri reallığa çevrilmədi. Rusiya sammitdə diqtə etmək müstəvisindən ittiham olunan müstəvisinə yuvarlandı.
ABŞ dövlət katibinin açılışdakı çıxışı, ardınca qərb nümayəndələrinin məhz Qarabağ məsələsini hədəf götürən bəyanatları Rusiyanın planlarını alt-üst etmiş oldu. Hamının gözü qarşısında Medvedyev pərt vəziyyətdə sammiti tərk edibsə, buna əlavə sübut axtarmağa lüzum varmı?
Halbuki, coğrafi məkan və psixoloju üstünlük Rusiyanın tərəfində idi. Məhz, elə Astana summiti öncəsi Rusiyanın təşkilatçılığı ilə Həştərxan görüşü baş tutmuşdu. Məhz, bu görüşdə qeyd olunmuşdu ki, Ermənistan və Azərbaycan dekabrın 1-2-də keçiriləcək ATƏT-in Astana zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılaşdırılımış prinsipləri qəbul edə bilərlər. Astanada keçirilən bu zirvə toplantısı Moskva tərəfindən irəli sürülmüş və əsasən də Avropanın yeni təhlükəsizlik arxitekturası barəsində mövzuları müzakirə edəcəkdi. Plana görə, diktə edən tərəf də Rusiya olacaqdı. Amma, donmuş münaqişlər qaldıqca yeni təhlükəsizlik arxitekturasına ərazisində donmuş münaqişələr olan ölkələr razılıq verməyəcək və qəbul ediləcək sənədlərə münaqişələrlə bağlı xüsusi bəndlərin əlavə olunmasını tələb edəcəkdilər. Buna görə də, rəsmi Moskva canfəşanlıqla Azərbaycan və Ermənistanı əsas prinsiplərə razı salaraq, qəbul ediləcək sənədlərə mane olmamağa sövq etmək niyyəti güdmüşdü. Amma, axıra kimi buna müvəffəq olmamışdı.
Məsələ burasındadır ki, Rusiya hələ də imperativ və imperialist meyllərdən əl çəkmək istəmir. O, hər bir məsələyə öz milli maraqları prizmasındna yanaşır və qarşı tərəfin maraqlarını də öz maraqları çərçivəsində nəzərə alır. Bax elə buna görə də Rusiya Astana sammitində iflasa uğradı. Lakin, Rusiyanın iflası digər dövlətlərin mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Hətta, bir az da irəli gedib deyə bilərəm ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da diqtəsi bundan sonra şübhə altına alına bilər. Onun regionda güc olması imici ciddi şəkildə zədələndi.
İndi isə qəbul edilən bəyannamə barədə. Əvvəla xatırlatma etmək istərdik ki, ATƏT-in 11 il öncə keçirilən İstanbul sammitindən bəri bi ilk bəyannamədir. Gözlənildiyi kimi, bu sammit də dondurulmuş münaqişələrin həlli ilə bağlı irəliləyiş əldə etmədi. Yekun bəyannamədə qeyd olunur ki, münaqişələr BMT-nin nizamnaməsinin və Helsinki Yekun Aktının qəbul etdiyi beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Heç bir münaqişə ocağının adı çəkilmir. Əvəzində, Azərbaycan və Ermənistan prezidentlərinin və həmsədrlərin birgə bəyənatı qəbul edilib. Bu isə, sadəcə bir parça kağızdır və tərəflərin üzərinə hər hansı bir öhdəlik qoymur. Əminliklə demək olar ki, münaqişələrin həllində bu sammit heç bir rol oynamadı.
Beləliklə, bir daha vurğulamaq istərdim ki, ATƏT-in Astana sammitində Azərbaycan üçün əhəmiyyətli hadisələr baş verdi.
Birincisi və ən vacibi Rusiyanın, daha dəqiq desək, onun hazırki prezidenti Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həllində Putindən fərqli düşüncəyə və mövqeyə malik olmadığı sübut olundu. Rusiya bu sammitdə küncə qovuldu, dondurulmuş münaqişələrin həllini tələb edən bəyannaməyə ondan razılıq istənildi. O isə buna açıq etiraz etməklə ənənəvi siyasətindən əl çəkmək niyyətində olmadığını ortaya qoymuş oldu və beləliklə, ifşa olundu. Necə deyərlər, maska yırtıldı. Halbuki Rusiyanın son vaxtlar bu münaqişəylə bağlı danışıqlarda fəal yer alması məhz Medvedyevə qərbin, əsasən də Nobel sülh müakafatçısı Barak Obamanın etimadı idi. Astanada Rusiyanın təkidiylə «çöpdana» atılmalı olan bəyannamənin birinci mətniylə birgə bu «etimadnamə» də cırılıb atılmış oldu. Başqa sözlə desək, sammit Rusiya üçün imtahan və ya tələ funksiyasını oynadı.
Burada son vaxtlar ABŞ-la ilişkilərlə meyllənmiş Qazaxıstan prezidentinin Rusiyayla münasibətlərinin necə olacağı və sammitin Rusiyaya qarşı çevrilməsində bu ilişkilərin nə dərəcədə rol almasını da müzakirə etmək olar. Lakin bu, bizi əsas fikrimizdən yayındırar deyə, mövzunu Azərbaycan üçün önəmli olan bir sualı cavablanıdrmaqla davam etmək istərdik.
ATƏT ləğv olunsunmu? Bəli, ideya Rusiya prezidenti tərəfindən sətiraltı səsləndirilib, erməni ekspertləri tərəfindən davam etdirilməkdədir. Biz elə sammitin ilk günündəcə Medvedyevin Astananı tərk etdiyi saatlarda erməni saytlarına nəzər salsaydıq, ATƏT-in BMT və NATO ilə birgə necə top-tüfəngə tutulmasını görərdik. «ATƏT ikinci dünya müharibəsindən sonra Avropadakı münaqişələri tənzimləmək üçün yaradılmış qurumdur və bu quruma artıq ehtiyac qalmayıb» deyən erməni politoloqları ilə bir sırada durmaq Azərbaycan üçün nə qədər məqsədə uyğundur? Artıq bəlli oldu ki, ATƏT vasitəçi kimi oyundan çıxarılsa, münaqişənin birbaşa Rusiyanın nəzarətinə keçməsi təhlkəsi ilə üz-üzə qalacağıq. Ən azı bu təhlükəni nəzərə alıb, bu qurumun əleyhinə yönəlmiş fikirlərdə ehtiyatlı olmaq lazımdır. Doğrudanmı, bu qədər az müddətdə biz ATƏT-in Astana sammitindən Qarabağ münaqişəsinin həlliylə bağlı ciddi irəliləyiş, irəliyə bir addım gözləyəcək qədər maksimalist düşüncəyə sahib olmuşuq? Axı sammit öncəsi bütün politoloqlar bir nəfər kimi sammitdən ciddi bir addım gözləmədiyimizi demişik. Bir günün içərisində nə dəyişdi?
Sammitdə Azərbaycan əleyhinə Ermənistanı çıxmaq şərtilə mənfi fikir səslənmədi. Ümumulikdə götürən zaman, Azərbaycanın ərazisinin işğal altında olduğu bird aha təsdiqləndi. Dünya qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu torpaqlar ona qaytarılmalıdr. Azərbaycanın Dağlıq Qarabağla bağlı maraqları tapdanmadı və biz sammiti bü müstəvidə niyə pisləyək? Əgər sammit getdiyi anlarda erməni xəbər mənbəsi «sammit qovorit na karabaxskom yazıke» deyərək təşviş keçirirsə, biz günün ikinci yarısında həmin xəbər mənbələrinə qoşularaq, niyə sammiti tənqid atəşinə tuturuq. Ona görə ki, Medvedyev sammiti tərk etdi?
Və hətta ATƏT-in 11 ildən sonrakı toplantısı alınmasaydı belə biz buna sevinməməliydik. Başa düşmək lazımdır ki, Astana sammitində müsbət nəticənin alınmaması Rusiyanın ucbatından və onun siyasəti ilə baş verdi. Buna görə ATƏT-i yox, Rusiyanı qınamaq lazım idi. Eyni zamanda, Azərabycan iqtidarını qınamaq lazımdır ki, atdığı hər bir addımda Rusiyanın maraqlarını nəzərə alır və nəticədə ATƏT-in və ABŞ-ın göstərdiyi bir çox təşəbbüslər nəticəsiz qalır. Məlumdur ki, Rusiya Cənubi Qafqazda maraqlarını təmin etmədən Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyəcəkdir. Bu münaqişənin həllinə imkan vermək, eyni zamanda Gürcüstanın mövqeyini möhkəmləndirərdi. Buna rəğmən, DQ münaqişəsinin həlli ürcüstan ərazisində donmuş münaqişələrin həlli ilə bağlı da ola bilər. Bu məsələnin də ciddi analizlərə ehtiyacı var.
Və bizim «geopolitik taleyimiz» elə gətirib ki, nəinki ATƏT-in hətta qərarlarının həyata keçirilməsi üçün heç bir rıçaqlara malik olmayan Avropa Şurasının da qorunub saxlanılmasına çalışmalıyıq.
İstənilən halda ümid edirəm ki, ATƏT-in Astana sammitinə «tavandan» baxıb qiymət verənlər və ya məsələnin dərinliklərini bilmədən və bu dərinliklərə varmadan onu uğursuz adlandıran politoloqlar kimin dəyirmanına su tökdüklərinin fərqinə varacaqlar. Bunu onların bilməyərkdən etdiklərinə ürəkdən inanıram. Bilərəkdən edənlərlə isə bizim işimiz yoxdur.
Yaxşı olardi ki, ATƏT-in demokratiya məsələlərində tutduğu mövqe tənqid olunsun. Rusiya və Qazaxıstanın köməkliyi ilə bu sammit bu dəfə də demokratiya məsələlərinə etinasız qaldı. Yekun bəyanamədə bir cümlə ilə qeyd olunur ki, insan hequqları və fundamental azadlıqlar təmin olunsun. Buna da şükür. Amma, ATƏT-in imkanları bundan da böyükdür və azadlıqlara daha ciddi yanaşmalar olmalıdır. Məhz, elə demokratik cəmiyyətlərin qurulması da münaqişələrin həllində ciddi məsələlərdən biridir. Azərabycanda demokratik durum, azad seçkilər və sərbəst toplaşmaqla bağlı ciddi qüsurlar ortadadır və bunlar həll olunmayana kimi də, məncə DQ münaqişəsinin həllində də ciddi irəliləyişlər olmayacaq. Azərbaycanın xarici siyasətinin də uğurlarından danışmaq olmur. Bu gün, Azərbaycan iqtidarını uğur kimi qələmə verdiyi diplomatik irəliləyişlər, əslində, həqiqət və haqqın təntənəsidir. Azərbaycanın xarici diplomatiyası gözlə görünən həqiqəti, reallığı həqiqət kimi təsbit etmək üçün düz 17 ildir ki, çalışır. 17 ildir ki, bu münaqişəni həll edə bilmir. Məgər, reallığın təsbit olunması üçün bu qədər vaxta ehtiyac var idimi? AXCP-Müsavat hakimiyyəti 10 ay ərzində bu həqiqətləri təsbit edə bilmişdi…
P.S. Indi Rusiya xəbər agentlikləri dekabrın 7-də keçiriləcək Rusiya-Avropa Birliyi sammiti barədə yazırlar. Gündəlikdə Avropada təhlükəsizlik məsələləri dürür. Həmçinin, Qarabağdan danışılacaq. Yəqin ki, «konkret» bir sənəd də qəbul olunacaq. Bu da ATƏT-in Astana sammitinə rişxənd edənlərə «nəticəli sammit». Buyurun, istədiyiniz qədər tərifləyin…
http://bizimyol.az/?mod=news&act=view&nid=43327