Articles

Yeni prezident Azərbaycana nə vəd verir?

04.06.2011 | 08:45

Razi Nurullayev

AXCP sədrinin müavini

www.twitter.com/RaziNurullayev

Andris Berzinş Latviyanın yeni prezidenti seçilib. 1988-ci ildən siyasətdə olan, Latviyanın Ticarət Palatasının sədri olmağa da macal tapan sabiq bankir Berzinşi Latviya seyminin deputatları seçiblər. Latviya parlament respublikası olduğundan, prezident də millət vəkilləri tərəfindən seçilir. Səsvermənin II turunda Berzinş 100 deputatdan 53-nün (51 nəfərin səs verməsi yetərli idi) səsini qazanaraq rəqibi, Latviyanın indiki dövlət başçısı Valdis Zatlersi məğlub edib. Zatlersin namizədliyinin lehinə 41, əleyhinə isə 56 deputat səs verib.

Hazırkı prezidentin səlahiyyətləri bu ilin iyulun 7-də başa çatacaq. Maraqlı faktdır ki, Valdis Zatlers, Latviyada ikinci səlahiyyət müddətinə seçilməmiş ilk prezidentdir. Ondan öncə prezident olan Dr Vaira Vike-Freiberga, Guntis Ulmanis hər ikisi iki dəfə prezident seçiliblər.

Zatlersin ikinci müddətə seçilməməsinin səbəbi kimi, keçən Şənbə günü Seymanın deputatlarını korrupsiyaya qarşı mübarizədə yumşaq davrandıqlarını görə sərt tənqid etməsi və Seymanın buraxılmasını təklif etməsini göstərmək olar. Digər tərəfdən Zatlersin ikinci dəfə seçilməsinə qarşı iri oliqarxlar da müəyyən addımlar atırdı. Zatlers seçiləcəyi təqdirdə oliqarxların korrupsiyalaşmış nüfüz dairələrinə qarşı radikal islahatlar aparacağını açıqlamışdı.

Latviya dünyada baş verən maliyyə böhranından ən çox əziyyət çəkən dövlərdən biridir. Son zamanlar, ölkədə iqtisadi sahədə sağalma proseləri getməkdədir. Digər tərəfdən, Latviya üzərində ciddi monitorinq mexanizmləri var. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi Latviyaya böyük həcmdə borclar ayırıb və adı çəkilən qurumların şərtlərinə boyun əyməyə məcbur olan Latviya bir çox müstəqil addımlar atmaqdan mərhum olub.

Latviyada yeni prezidentinin seçilməsi Azərbaycan üçün nə vəd verə bilər?

Iqtisadi sahədə

Ilk növbədə, Latviya Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Latviyanın regional inkişaf və ətraf mühit naziri Raymond Veyonisin başçılıq etdiyi nümayəndə heyəti də Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədilə iyunun 6-dan 9-dək Bakıya səfər edəcək.

Latviya Azərbaycanla kimya, əczaçılıq və informasiya texnologiyaları, həmçinin ərzaq sənayesi və maliyyə sektorları üzrə əməkdaşlıq qurmağa daha çox meyllənir. Eyni zamanda, tikinti, metal emalı, enerji, elektronika, nəqliyyat və logistika, o cümlədən təhsil sahələrində böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanların olduğunu qeyd etməkdədir. Digər yandan dilçilik texnologiyaları sahəsində də uğurlu əməkdaşlıq yaradıla bilər bə maraqlıdır ki, online rejimdə Latış-Azərbaycan lüğət sistemi də istifadəyə verilib.

Latviya, həmçinin Azərbaycan investisiyalarını cəlb etmək niyyətindədir. Latviya, sərmayə qoymaq baxımından çox cəzbedici ölkə olduğundan Azərbaycan biznesmenlərinin marağını oyadacağına ümid edir. Yeni seçilən prezident də iqtisadiyyat üzrə mütəxəssis olduğundan bu sahəyə önəm verəcəyi gözləniləndir. Dünya Bankının “Doing Business” hesabatındakı reytinqdə Latviya biznes inkişafı baxımından ən uğurlu ölkələr sırasında olaraq 24-cü yeri tutur. Son il ərzində o üç pillə irəliləmişdir. Latviya, eyni zamanda bütün Avropa İttifaqında ən aşağı korporativ vergiləri təmin edən ölkələr sırasındadır. Korporativ gəlir vergisinin səviyyəsi, Latviyada 10 faizdən aşağıdır. Məhz, bu baxımdan Azərbaycan sərmayələrinin cəlb olunması üçün münbit şərait var.

Siyasi sahədə hansı addımlar atıla bilər?

2009-cu ilin avqustunda Riqada Azərbaycan-Latviya Biznes Forumu keçirilən zaman Latviya Prezidenti Valdis Zatlers belə bir cümlə işlətmişdi: “Deyə bilərəm ki, islahatların aparılmasında bizim təcrübəmiz, bu sahədə olan nailiyyət və uğursuzluqlarımız Latviyanın ən dəyərli ixracat məhsullarından biri olmuşdur. Biz Azərbaycanın islahat səylərində bilik və təcrübəmizi təklif etməyə də hazırıq”.

Latviya, Azərbaycanın Avropa İttifaqına və NATO-ya daxil olmaq üçün yardımçı ola bilər. Lakin, əlbəttə, Azərbaycan belə siyasi islahatların keçirilməsində və Latviya təcrübəsini öyrənməkdə maraqlı olarsa. Mən belə düşünürəm ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə müqavilə imzalayandan sonra, məhz Latviya Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün layihələrin içraçısı kimi seçiləcəkdir. Avropa İttifaqı Baltikyanı ölkələrin iqtisadi və siyasi təcrübəsinin Cənubi Qafqaz ölkələrində tətbiq olunmasında maraqlıdır. Çünki, bu təcrübə Avropaya və NATO-ya inteqrasiya üçün ən uğurlu təcrübələrdən biridir.

Latviya və Rusiya

Latviyada yeni prezidentin seçilməsi ilə Rusiya ilə münasibətlər kifayət qədər yaxşılaşa bilər. Yeni seçilmiş prezident də bu məsələdə maraqlı görünür və bu həm də Rusiya sərmayəsini cəlb etmək baxımından cəzbedici görünür. Hal-hazırda Latviyada əhalinin 18 % vətəndaşlıq ala bilmir. Bu 300,000 yaxın və əsasən köhnə Sovetlər Birliyindən olan vətəndaşlardır. Onlar arasında isə çoxluq, əlbəttə Rusların tərəfindədir. Yeni prezident Rusiya ilə əlaqələrin yaxşılaşıdırılması müstəvisində Rusların bələdiyyə seçkilərində seçib-seçilmə hüququnu tanıya da bilər. Rusiya ilə danışıqlarda prioritet mövzulardan birinin də bu olacağı gözlənilir.

Related Articles

Back to top button