Articles

Soçi Görüşü – nəticə olacaqmı? – Razi Nurullayevin 3 nöqtə qəzetinə şərhi

Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Dimitri Medvedyevin dəvəti ilə avqustun 9-da Rusiyaya səfər edəcək. Prezidentin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas müzakirə predmeti olacağı sirr deyil. Onu da nəzərə almaq lazımdır ki, uğursuz Kazan görüşündən və Medvedyevin tərəflərə göndərdiyi təklif məktubundan sonra gerçəkləşən ilk səfər olduğu üçün Soçi görüşünün necə nəticələnəcəyi də sual doğurur.

Azərbaycan prezidentinin Rusiyaya səfərini şərh edən politoloq Razi Nurullayev dedi ki, bu səfər nəzakət xarakteri daşıyır: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri bu danışıqlardan müsbət nəticə gözləmirlər. Çünki Azərbaycan düzəlişlərini edib və Medvedyev tərəfindən təklif olunan və edilən düzəlişlər birbaşa Azərbaycanın mövqeyinin zəiflədilməsinə, eləcə də Dağlıq Qarabağın perspektivdə Azərbaycandan ayrılmasına xidmət edir. Hesab etmirəm ki, Azərbaycan prezidenti Azərbaycan xalqının iradəsinə qarşı çıxaraq belə bir sənədə imza ata bilər. Lakin Medvedyev itirilmiş nüfuzunu bərpa etmək istəyir. O, saziş olmasa da, ən azından prezidentləri bu görüşdən müsbət aura ilə yol salmaq istəyir. Ancaq buna nə dərəcədə nail olacağını danışıqlardan sonrakı mərhələ göstərəcək. Açığını deyim ki, bu danışıqlardan heç bir nəticə gözləmirəm. Çünki Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə yönəlmiş davranışlar sərgiləyir. Ermənistan hesab edir ki, Dağlıq Qarabağ artıq neçə ildir fəaliyyət göstərir və o tanınmalıdır. Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Onları kompromisə getməyə vadar edən səbəblər də hal-hazırda ortada yoxdur. Medvedyevin də Ermənistanı kompromislərə məcbur etmək niyyəti olmadığından düşünürəm ki, görüş nəticəsiz alınacaq”.

Medvedyevin Gürcüstan hadisələri ilə bağlı bəyanatını şərh edən politoloq bu bəyanatın Azərbaycana daha çox aidiyyatının olduğunu dedi. O, fikrini onunla əsaslandırdı ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bəyanatlar səsləndirir. Ermənistan üçün isə hazırkı status-kvo sərf edir. “Bu baxımdan düşünürəm ki, Medvedyevin bu bəyanatına adekvat cavab verilməlidir. Hələki Azərbaycan tərəfindən belə bir cavab verilməyib. Bu birbaşa Azərbaycanı şantaj etmək idi. Eyni zamanda, üç prezident arasında baş verən və onun müəyyən mənada gizli qalmasına dəlalət edən şərtlər ortada olduğu halda, Medvedyevin bunu birbaşa açıqlaması Azərbaycan və Ermənistan prezidentlərinin nüfuzuna ciddi şəkildə xələl gətirdi. Burada maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycan tərəfi müharibə ritorikası ilə danışır və Azərbaycan prezidenti də bu ritorika ilə çıxış edir. Medvedyevin bu bəyanatı ilə Azərbaycan tərəfi çətin duruma düşüb. Hesab edirəm ki, Medvedyevin bu addımı etik cəhətdən də düzgün deyil. Çünki bu cür açıqlamalar münaqişənin həllinə deyil, onun dərinləşməsi yönəlikdir. Fikrimcə, Medvedyev dedi ki, Azərbaycan Dağlıq Qarabağın işğaldan azad olunması üçün müharibəyə başlayarsa, Gürcüstanın başına gətirdiyimizi Azərbaycanın da başına gətirəcəyik. Buna baxmayaraq Azərbaycandan buna adekvat cavab verilməyib. Digər kontekstdən baxdığımız zaman Medvedyevin bəyanatını belə də qiymətləndirmək olar ki, Ermənistan danışıqlarda sadəcə oyunçudur və Rusiya əsas tərəfdir. Onlar hesab edir ki, Dağlıq Qarabağla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu Rusiyanın iradəsi ilə qəbul edilməlidir. Ermənistan Dağlıq Qarabağla bağlı təkbaşına qərar verə bilməz. Bu isə bir daha göstərir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur”.

Bu arada, Rusiya mətbuatının Kremldəki mənbəyinə istinadən yazdığına görə, D.Medvedev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı özünün mövqeyi barədə həmkarları İlham Əliyevə və Serj Sarqsyana göndərdiyi məktubunda Azərbaycan tərəfinin təqdim etdiyi bir sıra təklifləri dəstəklədiyini bildirib. Kremldəki mənbə “Moskovski Novosti” qəzetinə deyib ki, Medvedev Kazan görüşünün nəticəsiz bitməsinin səbəbləri ilə bağlı müzakirələr aparıb. Bəlli olub ki, rus və erməni diplomatları tərəfindən Bakının gedə biləcəyi siyasi kompromislərin miqyası həddən artıq qiymətləndirildiyi üçün Kazan görüşü iflasa uğrayıb. Bundan sonra, vəziyyətə müdaxilə edən D.Medvedev tabeçiliyində olanların səhvlərini təcili şəkildə düzəltəməyə vadar olub.

Məhərrəm Ağalaroğlu

Related Articles

Back to top button