İranı çətin sınaqlar gözləyir
24.01.2012. Razi Nurullayev: “İran iqtisadiyyatını çökdürmək siyasəti həyata keçirilir”
Ərəb inqilabı gec-tez İrana çatacaq. Artıq dünya birliyi bununla bağlı qərar qəbul edib. Bunu “OLAYLAR”a açıqlamasında politoloq Razi Nurullayev deyib. Onun sözlərinə görə, ərəb inqilabının İrana çatması üçün bir sıra dövlətlər İran daxilində iş aparır: “Bir sıra dövlətlər İran müxalifətinin gücləndirilməsi istiqamətində iş aparır. İranda molla rejimindən narazı olan qüvvələrin bir araya gəlməsi, rejimə qarşı vahid güc şəkilində mübarizə üçün həyata keçirilən tədbirlər intensivləşib”.
Politoloq onu da qeyd edib ki, hazırda İranla bağlı həyata keçirilən tədbirlərin soyuq xarakter alması dünya birliyinin İrana qarşı atacağı addımlarda müəyyən tərəddüd etməsi ilə bağlıdır. Politoloq onu da bildirib ki, hazırda İrana qarşı olan sanksiyalar yaxın zamanlarda özünü daha qabarıq şəkildə göstərəcək: “İran iqtisadiyyatının çökdürülməsi istiqamətində dünya birliyi kəskin mövqe nümayiş etdirir. Avropa ölkələrinin İran neftindən imtina etməsi, İran məhsullarının boykot edilməsi bu qəbildən olanlardır. Yaxın vaxtlarda isə İrana qarşı yeni sanksiyalar gözlənilir ki, bu sanksiyalardan sonra İranı çətin sınaqlar gözləyir”.
R.Nurullayev onu da bildirib ki, İrana qarşı həyata keçirilən proseslərdən sığortalanmaqdan ötrü Azərbaycan hakimiyyəti İranla bağlı münasibətlərini konkretləşdirməlidir.