Qətliama məruz qalan Arakan müsəlmanları barədə siz də bilin
Heç Arakan müsəlmanları barədə eşitmisinizmi?
Zülmə səssiz qalmamaq, xalqın üzləşdiyi acınacaqlı vəziyyəti xatırlatmaq üçün Arakanla bağlı məqaləni yenidən təqdim edirik.
Qadağalar ölkəsi olan Arakanda müsəlmanlar evlənmək, təhsil almaq, səyahət etmək və digər bir çox hüquqlarından məhrumdurlar. Beynəlxalq ictimaiyyət isə bu insanlıq faciəsinə etiraz səsini ucaltmır. Osmanlı dövlətinin süqutunun ən faciəvi nəticələrindən biri də Anadolu insanının islam dünyası ilə olan dinamik münasibələrinin qəfildən kəsilməsi olmuşdur…
Görəsən, aramızda neçə nəfər Arakan, burada yaşayan müsəlman xalq haqda məlumat sahibidir? Vaxtilə arakanlı müsəlmanlar Arakan İslam Dövlətinin sərhədləri daxilində əmin-amanlıqda xoşbəxt ömür sürürdülər. Ancaq əvvəlki adı Birma, yeni adı Myanmar olan ölkənin işğalı nəticəsində Arakan müsəlmanların həyatı büsbütün dəyişdi, alt-üst oldu. Belə ki, bir şəhərdən digərinə yollanmaları, hətta evlənmələri belə qadağan edilən arakanlı müsəlmanlara edilən zülm qarşısında insan: “Bu qədər də yox”, – demək istəyir.
Cənub-şərqi Asiyada yerləşən Arakan Banqladeş, Hindistan və Çin ilə həmsərhəddir. Əvvəllər Arakanın ərazisi 50 min kvadrat kilometr idisə hazırda bu rəqəm 10 min kvadrat kilometr təşkil edir. Elə bölgədə yaşayan müsəlmanların sayı da iki milyonadək azalıb. Bu arada onu da qeyd edək ki, İslamın Arakana ilk dəfə VIII əsrdə bölgəyə ayaq basan ərəb tacirləri və dərvişlər vasitəsilə gəldiyi güman edilir.
XIII əsrdə bütün arakanlıların İlamı qəbul etməsindən sonra 1430-cu ildə regionda Arakan İslam Dövləti yaradılır. Bu dövlətin ilk sultanı Süleyman Şah olmuşdur. Bu dövlət 1784-cü ilədək bölgədə mövcudluğunu qoruyub saxlamışdır. Müsəlmanların hakimiyyəti illərində Arakan İslam Dövləti regionun ticarət və elm mərkəzinə çevrilir. Portuqallar, hollandlar və digər millətlərdən olanlar uzun illər boyu Arakanla ticarət əlaqələri qurmuşlar ki, bu da sonra islam dövlətinin güclənməsinə gətirib çıxarmışdır.
İslam dövlətinin hüznlü vidası
Bugün neft və təbii qaz ehtiyatları baxımından cənub-şərqi Asiyanın ən zəngin ərazisi olan Arakan düz 350 il islam şəriəti əsasında idarə olunmuşdur. XVIII əsrin əvvəllərindən etibarən buddist Birma sultanlığının hücumlarına məruz qalmağa başlayan Arakan İslam Dövləti müsəlman xalqın əzmkar müqavimətinə rəğmən 1784-cü ildə süquta uğrayır. Tarixi mənbələrdə islam dövlətinin süqutuna şahid olan arakanlı qadınların günlərlə göz yaşı tökdüyü öz əksini tapmışdır. Birma sultanlığı Arakan İslam Dövlətini dağıtmasına rəğmən bölgədə hakimiyyəti tam əlinə keçirə bilmir. XIX əsrdə Arakan yeni müstəmləkəçi güc olan İngiltərənin işğalına məruz qalır. Süqut etmiş islam dövlətini iliklərinə qədər istismar edən, müsəlmanları mədən ocaqlarında zorla qul kimi işlədən İngiltərə regionu tərk edərkən Arakanı Birma sultanlığına təhvil verir. İngiltərə Yaxın Şərqdə oynadığı oyunun bənzərini Asiyada oynayır; regionda cədvəllərlə sərhədlər müəyyənləşdirərək, arxasınca bir çox problem qoyaraq, bölgəni tərk edir.
Arakanlıların əzablı günləri
Hazırkı Myanmar dövlətinin əvvəlki adı Birma sultanlığı idi. Ancaq Birma sultanlığını devirən hərbçilər ölkənin adını Myanmar kimi dəyişmişdir. Hazırda Myanmarın əhalisinin sayı 51 milyon nəfər təşkil edir və xalqın 80%-i Buddizmə etiqad edir. Arakanın müsəlman əhalisi islam dövlətinin süqutundan sonra mütəmadi şəkildə dinlərini dəyişdirməyə məcbur edilsələr belə heç bir vəchlə bu təzyiqlərə boyun əyməmişlər. Məhz bu səbəbdən birmalı buddistlər hakimiyyətdə olan hərbçilərin dəstəyinə də arxalanaraq, Arakan müsəlmanları kütləvi şəkildə qətlə yetirməyə başlamışlar. İlk dəfə 1942-ci il mart ayının 28-də Minbya şəhərinin Çanbilli kəndində başlayan, sonradan bütün Arakan ərazisini bürüyən kütləvi qətliam nəticəsində 150 min müsəlman şəhid edilmişdir. Qətliam əsnasından yüz minlərlə arakanlı vətənini tərk edərək, qonşu ölkələrə sığınmışdır.
Ne Vin arakanlılara müharibə elan etmişdir
Torpaqları işğal edilən Arakan müsəlmanlarına qarşı ikinci hücum dalğası 1962-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən communist general Ne Vin tərəfindən başladılmışdır. Yüzlərlə müsəlman aliminin qətlinə fərman verən Ne Vin Arakandakı bütün məscidlərin fəaliyyətini qdağan edərək, Allah evlərini əyləncə məkanlarına çevirir. Ne Vinin ən böyük əzazilliyi isə arakanlı qadınlara etdiyi zülmdür.
Belə ki, bir çox arakanlı qadın hərbçilər tərəfindən zorla düşərgələrə göndərilərək, burada cinsi zorakılığa məruz qalmış, təcavüz nəticəsində hamilə qalanları zorla buddist kişilərlə evləndirilmişdir. Bu dövrdə müsəlmanların həcc ziyarətinə getmələri, camaat halında namaz qılmaları və digər ibadətlərini yerinə yetirmələri qadağan olunmuşdur. İnsan haqları təşkilatları tərəfindən açıqlanan rəsmi rəqəmlərə görə, 1962-1984-cü illərdə Arakanda 200 min müsəlman qətlə yetirilmişdir, bir milyonadək arakanlı isə qonşu ölkələrə, xüsusilə Banqladeşə üz tutmuşdur.
İcazəsiz uşaq sahibi olmaq qadağandır
Arakan müsəlmanları bu gün də Myanmar hərbi diktaturası tərəfindən bir çox təzyiqə məruz qalırlar. Belə ki, hətta evlənmək və ya övlad sahibi olmaq üçün hökmən dövlətdən icazə alınmalıdır. Bu səbəbdən evlənə biləcək yaşı çatan arakanlı gənclərin əksəriyyəti ölkələrindən qaçaraq, digər ölkələrdə ailə həyatı qururlar.
Arakanlı müsəlmanlara qoyulan başqa bir qadağa isə səyahət qadağasıdır. Ölkə daxilində bir şəhərdən digərinə getmək üçün yaxud evinizdə qonaq qəbul etməzdən qabaq bu barədə müvafiq qurumlar məlumatlandırılmalıdır.
İnsanı heyrətə gətirən başqa bir qadağa isə Arakan müsəlmanlarının təhsilinə qoyulan qadağadır. Belə ki, arakanlı azyaşlılar yalnız ibtidai təhsil almaq hüququna malikdirlər. Arakanlı gəncin lisey və ya universitetdə təhsil alması üçün hökmən dinini dəyişdirərək, Buddizmi qəbul etməsi tələb olunur. Hazırda Arakanda azan ifa etmək və ya uşaqlara Quran dərsi keçmək buna “yol verən” şəxsin öldürülməsi üçün kifayətedici səbəbdir.
Myanmarın bütün şəhər və rayonları elektrik enerjisi ilə fasiləsiz təmin edildiyi halda Arakanın müsəlmanlar yaşayan rayonlarına gündə yalnız dörd saat elektrik enerjisi verilir. Həmçinin, arakanlı müsəlmanların internet kimi əlaqə vasitələrindən istifadəsi də hərbi rejimin qərarı ilə qadağandır.
Arakanlı müsəlmanlarla qardaşlığımız nə qədər möhkəmdir?
Təbii ki, Arakanda baş verənlər yuxarıda qeyd edilənlərlə məhdud deyildir. Belə ki, yuxarıda qeyd edilənlər yalnız aparılan qısa araşdırma nəticəsində əldə edilən məlumatlardır. Ölkədə insanların davamlı təzyiq altında saxlanılmasından dolayı ölkə xaricinə dəqiq informasiya ötürülməsi də olduqca müşküldür. Arakan müsəlmanlarının gündəlik həyatlarında nə kimi sıxıntılarla üzləşdiyi barədə kim məlumatlıdır? Bu gün Arakan müsəlmanlarının bütün islam dünyasının qardaşlığına, dəstəyinə və dualarına böyük ehtiyacı vardır. Onlar bizdən Fələstin, İraq, Patani, Çeçenistan, Əfqanıstan və Somali üçün etdiyimiz duaların sonuna Arakanın adının da əlavə edilməsini, onlara qol-qanad açmamızı istəyirlər. İnşallah, onların bu məsum və mənalı istəkləri bir gün reallığa çevrilər.
Bir xatirə
Aşağıda yazdığım hadisə bir müddət Arakanda baş verib. Təkcə bu hadisə belə arakanlı müsəlmanların hansı təzyiqlərlə üz-üzə olduqlarını bütün çılpaqlığı ilə nümayiş etdirir.
Arakanda yaşayan bir qrup müsəlman dövlətdən icazə almadıqları üçün icazəsiz olaraq, avtobusla Sittve şəhərindən Ranqun şəhərinə yollanmaq istəyirlər. Yola çıxanların məqsədi Ranqun şəhərindəki yaxınlarına baş çəkmək idi. Müsəlmanlara hökumət tərəfindən 1988-ci ildən bəri səyahət qadağası qoyulduğunu bilən arakanlılar buddist qiyafəsində yola düşdülər. Sittve şəhərinin yaxınlığındakı Min Çaunq körpüsündə əsgərlər tərəfindən dayandırılan arakanlı müsəlmanların buddist olmadıqları məlum olduqda bütün sərnişinlər həbs edilir. Məhkəmə müsəlmanların səyahət qadağasına riayət etmədiklərinə görə, altı ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarır.
Arakanın dünəni, bu günü
Birmanın bugünkü hakim elitası Burman, Şan, Kaçin, Karen, Kayah, Mon, Çin və Raxin (arakanlı buddistlər) kimi səkkiz müxtəlif etnik qrupdan ibarət 135 etnik alt qruplara parçalanmış yerli birmalılarının əksəriyyətinin monqoloid irqinə mənsub olduğunu iddia edirlər. Belə olan təqdirdə hakim elita Rohinyalar (Arakan müsəlmanları) kimi Aryan irqindən gələn birmalıların mövcudluğu həqiqətini inkar edirlər. Bu gün Birmada hindli kimi xarakterizə edilən “kala”lar uzun illər boyu sözügedən ərazidə məskunlaşmalarına rəğmən yadelli hesab edilirlər.
Məsələ orasındadır ki, tarixi həqiqətlərdən bixəbər olan əksər sıravi müşahidəçilər hindlilərə bənzəyən bu insanları cənub-şərqi Asiyanın bir çox ölkəsində olduğu kimi ingilis müstəmləkəçiliyi vaxtı ölkələrini tərk edərək, Birmaya gələn hindistanlı mühacirlərin övladları ilə səhv salırlar.
Rohinyalara qarşı birmalıların bir qismi və Arakandakı qardaş topluluq olan maqlar tərəfindən aparılan yanlış propaqanda həqiqətin üstünü əhəmiyyətli dərəcədə örtmüşdür. Ancaq sua edilməsi vacib olan əsas məsələ əslində Arakanda kimin “qonaq” olduğudur.
Görəsən, Arakan təmiz monqoloid irqinin yaşadığı ərazidirmi?
Tarixə nəzər saldıqda Arakanın Birmanın tərkib hissəsindən daha çox Şərqi Hindistanla sərhəddə əyalət olduğu görünür. Lap qədim dövrlərdən monqolların və Tibet-birmalıların X əsrdə bölgəyə gəlişinədək olan zaman kəsimində Arakan Benqala oxşar əhalisi ilə hind ərazisi idi. Həmin dövlərdə İslam dini tanış olan Arakanın, xüsusilə 1203-cü ildə Benqalın müsəlman olması ilə birlikdə islam mədəniyyəti ilə daha yaxından təmas qurduğu məlumdur.
Birmalıların monqol nəslindən gəldikləri ehtimal edilən arakanlı buddistlər (Raxin) əslində VIII əsrdə Hindistanın Bihar əyalətindən köç edən, sonradan işğalçı monqollar tərəfindən assimilyasiyaya məruz qalan Aryan Maqhada buddistlərinin nəvələridirlər. 1430-cu ildə Arakan Süleyman Şah (Narameykla) tərəfindən yaradılan Mrauk-U xanədanından əvvəl birmalılar və monların bir sıra maneələri ilə qarşılaşsa belə həm müsəlman, həm də buddist əhali ilə həmişə müstəqil statusa malik olmuşdur.
Arakanda 1430-1638-ci illər arasında hökm sürmüş bütün hökmdarlar – bir neçə zorba padşah istisna olmaqla – sonradan İslamı qəbul etmiş və Benqal kralı Sultan Cəlaləddin Məhəmməd Şah tərəfindən taxta gətirilmiş Süleyman Şahın soyundandırlar. 1430-1530-cu illər arasındakı 100 illik dövrdə Arakan ilə Benqal arasında elə sıx münasibətlər qurulmuşdur ki, tarixçilər bu dövrü Arakanın Benqalın “qulu-köləsi” olduğu dövr kimi xarakterizə etmişlər. Arakan Benqal sultanı tərəfindən ələ keçirilərkən tarixinin ən geniş sərhədlərinə çatmışdır. Ancaq 1538-ci ildə Benqalda iqtidar dəyişikliyi nəticəsində Arakan kralı Zabuk Şah ilk dəfə 1540-cı ildə Çittaqon əyaləti də daxil olmaqla Benqalın cənub-şərq vilayətlərini işğal etmiş, bununla belə Benqal sultanları sonralar sözügedən ərazidə nəzarəti yenidən əllərinə keçirmişlər. Benqalın cənub-şərq vilayətləri təxminən 100 il – 1582-1666-cı illərdə Arakanın tərkib hissəsinə daxil olmuşdur.
1430-cu ildən bəri Benqal sultanlığı ilə isti münasibətlərin formalaşdırılması və bugünkü Çittaqonq və Arakan torpaqlarının təxminən bir əsr boyu keçmiş Arakan sultanlığı tərəfindən idarə olunduğu və ingilis müstəmləkəçiliyindən əvvəl Arakanın Çittaqonq əhalisi ilə mədəni və dini baxımdan yaxınlaşması nəzərə alınarsa, burada müsəlman yaşayış məskənlərinin olmadığını iddia etmək mümkündürmü? Heç bir dürüst tarixçi Arakandakı müsəlman yaşayış məskənlərinin erkən orta əsrlərdən bəri mövcudluğu faktını dana bilməz. Həqiqət ondan ibarətdir ki, müsəlmanların sayının artması və bölgədə güc sahibinə çevrilmələri yalnız Süleyman Şah tərəfindən qurulan Mrauk-U xanədanı sayəsində tədricən mümkün olmuşdur.
1582-ci ildə Çittaqonqun işğal edilməsindən sonra Arakan kralları Benqala nəzarət edən monqollara qarşı portuqallar ilə birgə qarşı çıxmaq məcburiyyətində qalmışlar. Ancaq 1638-ci ildən sonrakı dövrdə baş verən hadisələrlə birlikdə gücü əhəmiyyətli dərəcədə azalan Arakan buddist kralları portuqallardan elə asılı vəziyyətə düşmüşlər ki, Çittaqonq sərhədləri portuqal dəniz quldurlarının “baş çəkdiyi” yerlərə çevrilmişdir. Səyyahlardan biri 1650-ci ildə bunları yazırdı: “Portuqallar Çittaqonqda bir növ hakimiyyət quraraq, hər millətdən olan quldurlarla əməkdaşlıq etdilər… Onlar istər suda, istərsə də quruda soyğunçuluqla məşğul oldular”.
Həmçinin, portuqalların Aşağı Benqal regionunu yağmalayaraq, ərazidən insanları qovmaları nəticəsində bölgə çölə çevrilmişdir. Portuqalların bu vəhşi davranışlarına maqlar da qoşulmuş, hərəkətlərindən dolayı üz qızardan “quldur” “ünvan”ını əldə etgmişlər. Bax bu səbəbdən bu gün heç bir arakanlı buddist bu ada sahib çıxmaq, yiyə durmaq istəmir.
Arakanın buddist kralı Sanda Tudammanın taleyi gətirməyən monqol şahzadəsi Şah Şücaya mühafizəçilər ayırdıqdan sonra onu qətlə yetirməsi onsuz da yaxşı vəziyyətdə olmayan Arakan-Minqol münasibətlərinin kəskin pisləşməsinə gətirib çıxarmış, bu hadisə Çittaqonqun bir daha geri qaytarılmamaq üzrə itirilməsi ilə nəticələnmişdir. Şah Şüca və tərəfdarlarıın qətlə yetirilməsindən sonra Arakanın Birmanın tamamilə işğal edilməsinədək iki qardaş cəmiyyət arasında birmalıların Arakanı işağl etməsinə qədər gedib çıxan amansız mübarizə baş vermişdir.
Birmalıların ingilislərdən müstəqilliklərini əldə etmələri prosesində Arakanın işğalını haqlı göstərə bilmələrinə rəğmən tarix həqiqətlərdən şübhə edilməyən bir çox hadisələrlə doludur. Belə ki, birmalılar da Arakanda yadelli təcavüzkarlar və işğalçılar olaraq qalmışlar.
Birma zehniyyəti Arakan tarixinin bir gün təkrarlana biləcəyi və sonda ərazidən tamamilə geri çəkilmək məcburiyyətində qalacaqları ilə daim məşğul olmuşdur. Onlar hadisələrin belə inkişafının qarşısını ala bilmək üçün həll yolunu “potensial təhlükə” sayılan arakanlı müsəlmanları kütləvi qətlə yetirməkdə görürlər. Rohinyalara qarşı vaxtaşırı aparılan etnik təmizləmə əməliyyatları kökləri çox dərinə gedib çıxan bir qorxunun təzahürüdür.
Adəm Özkösə