Articles

Terrorçu və müsəlman

25.07.2011 | 10:31

Razi Nurullayev
AXCP sədrinin xarici məsələlər üzrə müavini

Terrorçunun vətəni və milləti olmur. Onlar həm də yalnız, müsəlmanlardan ibarət deyil. Terror qlobal bir epidemiyaya çevrilməkdədir və bunun qarşısını bütün millətlər, konfessiyalar və dinlər birlikdə almalıdır. 91 nəfərin ölümü ilə nəticələnən bu terror ABŞ-da baş verən 11 sentyabr hadisələrinə bənzəyir. O zamandan bəri Xristian dünyasında baş verən ən dəhşətli terror aktıdır. Bu hadisə dünyaya baxışı 180 dərəcə bucaq altında dəyişəcək. Artıq hər bir dövlət, müsəlmanı yox, həm də digər dinlərin nümayəndələrini potensial terrorçu kimi görməlidir.

Bundan öncə isə, terroru törədən səbəblərin də kökünü qazımaq lazımdır. Bu səbəbləri doğuran dünya dövlətlərinin ikili siyasəti, sosial ədalətsizlik, işsizlik, aclıq və mənəviyyatın deqradasiyaya uğramasıdır. Mənəviyyat, ənənələr və insanların biri-birinə hörməti itdikcə, cinslər arasında anlaşılmazlıq dərinləşdikcə, dinin siyasi məqsədlər üçün istifadəsi artdıqca, terror bizimlə yaşayacaq. Dünyada baş verən hadisələrə Avropa Birliyi və ABŞ daha diqqətlə yanaşmalı və ikili siyasətdən tam imtina etməlidir. Hal-hazırda bunun təzahürlərini görürük və alqışlayırıq.

Əfsuslar ki, yaşadığımız Yer Planeti ədalətsizliklərlə doludur. ABŞ-da yerləşən Dünya Aclarının Təhsili Xidmətinin (World Hunger Education Service) bu il açıqladığı statistikaya görə planetin 7 milyard əhalisinin 925 milyonu aclıq içindədir. Bu dünya əhalisinin 13.1% və ya hər 7 nəfərdən biridir. Hal-hazırda, 1,345 milyon nəfər gündəlik $1.25 dollara yaşayır. Sosial ədalətin bərpası, varlı dövlətlərin kasıb dövlətlərə daha çox yardım etməsi vacibdir.

Dünyanın yeni düzəninə demokratiya yaratma müstəvisindən də baxmaq vacibdir. Dünyanın 50-dən çox ölkəsi demokratiya üçün mücadilə aparmaqdadır. Demokratik təşəbbüslərə daha çox dəstək vermək vacib, bu yöndə demokratik təsisatların yaradılmasına sərmayələr da yatırılmalıdır. Xalqların azadlıq və hürriyyət təşəbbüslərinin boğulması terrorun yeni növ dalğalarının əmələ gətirilməsinə də çıxara bilər. Bununla yanaşı, azad və ədalətli məhkəmə sisteminin olması da bu şərtlərdəndir. Haqqını məhkəmədə tapa bilməyən, ədalətsizliyi, düşdüyü məhrumiyyətləri, məhkəmədə sübut etməyən şəxslər digər vasitələr üzərində düşünür.

Terrorun psixoloji səbəbləri də var. Gənclərin terrora meyllənməsi, əsasən, onların sevgi həyatında yaşanan problemlərlə, həm də ailədə valideynlər arasında baş verən təlatümlərlə də bağlıdır. Həyatda sevgisini tapa bilməyən, sevgilisindən ayrılan, atılan və əvvəlki həyatına dönüş edə bilməyən gənclər terrora meyllənirlər. Onlar, düşdükləri vəziyyətə görə, cəmiyyətdən, günahsız insanlardan qisas almağı düşünürlər. Norveçdə baş verən terrorun da kökünü araşdıran zaman bu məsələyə diqqət vermək lazımdır.

Bunları qeyd etməklə yanaşı, terrorun tarixinə də nəzər salmaq vacibdir. Terror Fransa inqilabı ilə start götürüb. Bunu David Andress də “Terror” kitabında qeyd edir. “Terror dalğası 1793-cü ildə Kral XVI Lüdoviqin edamından sonra başladı. Birinci qurban Mariya Antuanetta oldu. O Luisdən ayrılandan sonra uşaqları ilə birlikdə həbs olunmuşdu. Ilk öncə onun oğlunu ondan ayırdılar. Sonra oğlu yoxa çıxdı. Sonra Mariya Antuanetta özü də gilyotin üzərində başını itirdi…”.

Bu terror dalğası nəticəsində yalnız Paris şəhərində 2,400 nəfər gilyotin üzərinə başını qoydu. Bütün Fransada isə 30,000 insan həyatını itirdi. Bu terror ona görə həyata keçirildi ki, inqilabın düşmənlərinə dərs olsun və əks tərəfin inqilabının qarşısı alınsın.

Terror dalğası Fransadan başlayıb və bu gün də dünyanı təlatümdə saxlamaqdadır. Terror müsəlman dünyasında başlamasa da, sonradan müsəlmanların ayağına yazıldı. Terror gilyotinlə başladı. İndi Fransa başladığı terror dalğasını yatırmaq üçün daha çox səylər göstərməlidir.

http://qafqazinfo.az/TERROR%C3%87U_V%C6%8F_M%C3%9CS%C6%8FLMAN-2048-xeber.html

Related Articles

Check Also
Close
  • Viza
Back to top button