Razi Nurullayev təkzib etdi və bu sayaq məlumatların müxalifətin birliyinə xələl gətdirdiyini vurğuladı
12.01.2012. Bu gün qafqazinfo portalında (http://qafqazinfo.az/%C4%B0SA_Q%C6%8FMB%C6%8FRIN_%C6%8FLEYHIN%C6%8F_S%C6%8FS_VER%C6%8FNL%C6%8FRIN_ADLARI_M%C6%8FLUM_OLDU-10845-xeber.html) mənim də adımın hallandırıldığı bir məlumat verilib. Guya ki, “AXCP daxilində Razi Nurullayev kimi intellektlər bu mini seçkidən sonra hesab edirlər ki, xalqın İsa Qəmbərə münasibəti daha yaxşı olduğundan onun başqanlıqdan gedərək, ümummüxalifət lideri olması məqsədəuyğundur”.
Bu tip məlumatın mənim adımdan verilməsini təxribat kimi qiymətləndirir və təşkilatçılara qəti etirazımı bildirirəm. Verilən bu məlumat həqiqəti və düşüncələrimi əks etdirmir və təmamilə yanlışdır. Mən AXCP rəhbərliyində təmsil olunan bir şəxsəm və AXCP-nin və onun sədri Əli Kərimlinin Azərbaycanda siyasi dəyişiklik yaratmaq üçün bütün şəxsi və mənəvi imkanlara malik olduğu düşüncəsindəyəm.
Bütün varlığımla inanıram ki, Azərbaycanda müxalifətin və bütün siiyasi liderlərin bir yerdə olması vacibdir. Əsas missiyamız dəyişiklik yaratmaqdır. Əsas hədəflərimizdən biri İctimai Palatada birliyimizi və əməkdaşlığımızı saxlamaqdır. Bu tip informasiyalar isə bizə müxalifətə mənfi münasibət bəsləyən oponentlərimiz tərəfindən şişirdilə, digər səmtə yozula və əməkdaşlığımıza xələl gətirə bilər. Ümid edirəm ki, Müsavat və AXCP arasında əməkdaşlıq daha da dərinləşəcək və hər iki tərəf bu tip informasiyaların meydana gəlməsinə rəvac verməyəcək. Əks halda, təhlükəli bir cərəyan əməkdaşlığımıza ziyan vura bilər.