Interviews

İqtidarda və müxalifətdə insanlar haqqında deyilən satqınçılıq fikrini qəbul etmirəm

Razi Nurullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici əlaqələr üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin İdarə Heyətinin sədri, politoloq Razi Nurullayevin müsahibəsi:

– Razi bəy, bayramı necə keçirirsiniz?
– Bayramı çox gözəl keçirdim. Ailəmlə – həyat yoldaşım, iki qızımla keçirdik və süfrəmizin şəklini də çəkərək yerləşdirdik Facebook və Twitter-ə. Bayram süfrəsinin hazırlamasına – şəkərburanın bişirilməsinə, paxlavanın hazırlanmasına birbaşa özüm də kömək eləmişdim. Bu fikrimi dostlarımla da bölüşmək istədim və ailəmlə çəkdirdiyim şəkilləri də Facebook-a qoydum. Artıq 300-ə yaxın “like” və şərh gəlib. Bizim üçün də xoş oldu ki, orada xoş sözlər yazıldı və bizim üçün əlavə bayram ovqatı yarandı.

– Bazarlığı özünüz edirsiniz?

– Mənim ümumiyyətlə bazarlıq etməkdən çox xoşum gəlir. Məsələn, marketə girib saatlarla nəyisə alıb arabaya yığa bilərəm. Çox xoşuma gəlir. Müxtəlif cür yeni ərzaq növünü öyrənmək, yeni ərzaqlara baxmaq, dadmaq və s. Vaxtım olandan-olana həyat yoldaşımla super marketlərə gedərək bazarlığımızı edirik. Bayram bazarlıqlarını da bir yerdə elədik. Amma çox vaxt vaxtım olmadığı üçün edə bilmirəm.

– Necədir qiymətlər?

– Çox bahadır. Mənim müqayisə etmək imkanım var. Məsələn, ərzaq Azərbaycanda Avropanın istənilən bir ölkəsindən daha bahadır. Mənə belə gəlir ki, Azərbaycanın indiki əmək haqqı və sosial statusu ilə bu, bəzi insanlar, o cümlədən bizim üçün də həyatla yaşayış uğrunda mübarizəyə bərabərdir. Bəlkə də digərləri bunu görmədiyi üçün müqayisə apara bilmir, amma mən bunu gördüyüm və müqayisə apardığım üçün daha çətin olur. Amma məcburuq. Baha da olsa alırıq. Çünki onsuz da yaşamaq olmur. Bazardan və qiymətlərdən çox narazıyam və bilirəm ki, bir çox qiymətlərin baha olmasının da arxasında birbaşa bir sıra yüksək çinli məmurların monopoliyası dayanır.

– Qiymətin Avropadan çox baha olduğunu dediniz. Bu Avropada necə tənzimlənir ki, əhalinin çıxarı gəlirindən az olur?

– Sizə bir misal çəkim. Berlində olan zaman marketə girdim və gördüm ki, növbədir. Soruşdum, dedilər ki, bunlar Almaniya hökumətinin bu tip super marketləridir ki, burada əsasən növbəyə durmaq istəyən, yaxud bir az ucuz qiymətə mal almaq istəyənlər üçündür. Gördüm ki, xüsusi ilə asiya millətlərindən olan miqrantlar böyük arabalarla ərzaqları daşıyırdılar. Mən də 10 günə yaxın qalmalıydım və mənə lazım olan ərzaqları aldım. Aldığım şeylərin şəklini çəkərək Facebook-a da yerləşdirdim. Həmin şəkil orada yenə də qalır və çoxlu da şərhlər gəldi. Orada mənim 15 avroya yaxın pulum çıxdı və hesabladım ki, Azərbaycanda 60-70 manata mənə başa gələrdi. Hələ mən 2008-ci ildən söhbət edirəm. Bu doğurdan da böyük bəladır. Avropanın bir çox ölkələrində insanlar bu tip marketlərdən çox ucuz qiymətə bazarlıq edə bilərlər. Məsələn, deyək ki, burada kartofun kiloqramı 1 manata yaxındır, ancaq orada elə vaxt olur ki, 20-25 sentə almaq olur. Ən bahası 30-40 sentə ola bilər. Azərbaycanda daha çox banan müzakirəsi gedir. Deyək ki, Azərbaycanda 2-2.5 manata marketlərdə qoyulub. Ən ucuzu 2 manata bir az xarab olmuşunu almaq olar. Ancaq Avropa ölkələrində 40-50 sentə, birinci sort meyvələri isə 55-60 sentə almaq olar. Bu cür ucuzluqdur və özünüz müqayisə edə bilərsiniz.

– Müxalifətin zəif olduğu deyilir. Doğurdanmı müxalifət zəifdir?

– Mən müxalifətin zəif olması fikri ilə razı deyiləm. Azərbaycanda müxalifət zəif deyil. Çünki Azərbaycandakı hazırkı siyasi reallıqlar çərçivəsində müxalifət necə olmalıdırsa, o cür də müxalifət var. Bundan artıq olmaq mümkün də olmur, amma əlbəttə ki, biz gücümüzü artırmaqla məşğul oluruq. Bu gün Azərbaycan müxalifətinin güclü olmasına dəlalət edən bir sıra faktorlar var və bu faktorlar da Azərbaycan müxalifətinə siyasi toplaşmaq azadlığının təmin edilməməsi və onlara yer ayrılmamasıdır. Martın 17-də gənclərə yer ayrıldı və 2 min nəfərə yaxın gənc orada öz sözünü dedi. Bu Azərbaycan cəmiyyəti və siyasi reallığı üçün böyük rəqəmdir. Azərbaycan müxalifətinə yer ayrılarsa və Azərbaycan müxalifəti orada sanksiyalaşdırılmış icazəli mitinq keçirərsə və kənardan hakimiyyətin inzibati qanadları onlara maneçilik törətməzsə, bir gündə 10, 20 min adamın toplaşacağını düşünürəm və növbəti mitinqlərdə isə 50, 100 minlərə çata bilər. Bu sahədə problem görmürəm. Digər tərəfdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının ofisi yoxdur. Biz ofisimiz olmadan küçələrdə fəaliyyət göstəririk, digər sirdaş partiyaların ofislərində yığışırıq, sıravi cəbhəçilərin ofislərində yığışıb iclaslarımızı keçiririk. Belə bir şəraitdə bizim gücümüzü müqayisə etmək və müxalifəti zəif adlandırmaq məncə ədalətli deyil və məntiqdən də kənar olardı.

– Deyirsiniz ki, mitinqə icazə verilərsə, müdaxilə olmazsa, 10, 20 min nəfər çıxarmaq mümkündür. Bu aksiyanı iqtidarın icazə verdiyi, məsələn, Bibiheybətdə, yaxud gənclərin mitinq keçirdiyi 20-ci sahə ərazisində keçirmək mümkün deyilmi? Məxsusən şəhərin mərkəzimi olmalıdır?

– Artıq İctimai Palata aprel ayının 8-ə mitinq müəyyən edib. Hakimiyyətlə danışıqlar aparacağıq. İstənilən halda hakimiyyətlə razılaşdırmağa çalışacağıq. Əgər hakimiyyət Bibiheybəti təklif edərsə, düşünə bilərik. İctimai Palata bununla bağlı qərar qəbul edə bilər, ancaq biz daha məqbul bir yer gözləyirik. İstənilən halda İctimai Palata hakimiyyətlə razılaşdırılmış mitinqlərin keçirilməsinə razılığını verib və yəqin ki, aprelin 8-də müxalifətin on minlərin iştirak etdiyi mitinqinin şahidi olacağıq.

– Qarşıdan yay gəlir. Razi Nurullayev harada dincəlməyi xoşlayır?

– İstirahət etmək üçün ciddi maliyyə resurslarının olması birinci şərtdir. Ancaq müxalifətin ciddi maliyyə resursları yoxdur. Mən də müxalifət partiyasının rəhbərliyində təmsil olunan bir şəxs kimi özüm üçün maliyyə resursları yaratmaq imkanlarından mərhumam, işləmirəm. Ancaq mən bir sıra konsultasiyalar keçirməklə, bir sıra beynəlxalq hesabatların hazırlanmasında iştirak edirəm və bu tip yollarla yaşamımı təmin edirəm. Bunun üçün də ciddi istirahət haqqında düşünə bilmirəm. Bununla belə mənim hələ tələbəçilik illərində aldığım bağ evim var. Çünki mən o zaman xarici təşkilatlarda işləyirdim və Azərbaycan reallığı üçün kifayət qədər pul qazanırdım və öz həyatımı qura bilmişdim. İstirahətimi də bağ evimdə edirəm.

– Bəzi insanlar dincəlmək üçün təkliyə çəkilir. Sizdə necə olur?

– Doğrusunu desəm, mən təkliyə çəkilən insan deyiləm. Mən, idman paltarımı geyinib dostlarıma zəng edirəm. Onlarla birlikdə ya hansınınsa bağına, yaxud dəniz kənarına gedirik, şəkil çəkdirməyi xoşlayıram, şəkil çəkdiririk, çoxlu məzəli əhvalatlar danışırıq, bir-birimizin həyatı ilə maraqlanırıq, sonra yüngül bir kafedə oturub, bir az əylənirik. Mən bu cür istirahət edirəm.

– Müxalifətin birlik nümayiş etdirmə problemi var. Müxalifət niyə birlik nümayiş etdirə bilmir?

– Bu da yəqin ki, Azərbaycan reallığından irəli gələn məsələdir. Zamanı ilə Azərbaycan müxalifəti mühüm məsələlərdə kifayət qədər böyük tərkibdə birləşə bilmişdi. Mən bunu 2003-cü ilə aid edirəm, 2005-ci ildə “Azadlıq bloku” oldu, 2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat bloku yarandı, amma əlbəttə ki, daha böyük siyasi birliklər yarana bilərdi. Burada məlum səbəblər var. Bu gün istədik-istəmədik Azərbaycanda bəlli real qüvvələr var. Bu real qüvvələrdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyası və bizim müttəfiqimiz olan Müsavat Partiyasıdır. Mənə belə gəlir ki, bizim başqa partiyalara birləşmək təklifimiz səmimidir. Sadəcə olaraq burada müəyyən şəxsi ambisiyalar da rol oynayır. Bu gün daha çox məhrumiyyətlərə məhkum olan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, Müsavat Partiyasıdır, o cümlədən digər partiyalardır. Bəlkə bizdə də müəyyən qədər qısqanclıqmı, barışmamazlıq var ki, biz bu qədər məhrumiyyətlərə düçar oluruq, bu qədər hakimiyyətin üzərinə gedirik və bütün körpüləri özümüz üçün yandırırıq. Bunun fonunda körpüləri yandırmaq istəməyən insanlar da var və bizimlə eyni çəkini, eyni dividendi, eyni bərabərliyi bölüşmək istəyirlər. Bəlkə də bizim partiyamızın içində olan müəyyən insanlar var ki, bunu qəbul etmək istəmirlər. Reallıqda bu da var. Amma rəhbərlik səviyyəsində bizim birlik istəyimiz müqabildir, qətidir və səmimidir. Biz istəyərdik ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə daha yaxından əməkdaşlığımız olsun. Bu və ya digər səbəbdən Mirmahmud Mirəlioğlu orada iştirakdan imtina etdi, ancaq KXCP olaraq rəsmi rəhbərlik və üzvləri fəaliyyət göstərirlər. Azərbaycan Milli İstiqlal Partiyası zamanında kifayət qədər çox güclü partiya olub, liderli partiya olub. Onlar da İctimai Palatada təmsil olunur, amma ciddi birlik nümayişi üçün onların da qeyd-şərtsiz bizimlə bir cəbhədə olmasını istəyərdik, Demokrat, Liberal partiyaları ilə də bir yerdə olmaq istəyərdik. Yəni bu partiyalar müəyyən zaman çərçivəsində özlərini doğrultmuş partiyalardır və hesab edirəm ki, Lalə Şövkət Hacıyeva da Azərbaycanın siyasi spektrında öz yeri və çəkisi olan bir xanımdır. Bu gün də bir yerdə ola bilərik. Eyni zamanda Sərdar Cəlaloğlu ilə də zamanında bir yerdə çox olmuşuq, bu gün də bir yerdə olmağımızda heç bir sakınca yoxdur. Bu tip misalları uzada bilərəm. Yəqin bilirsiniz ki, “Beşlik” səviyyəsində görüş olub və adlaırnı yuxarıda çəkdiyim siyasilərlə də İctimai Palata rəhbərliyində təmsil olunan Əli Kərimli və İsa Qəmbərin görüşü olub. Hər şey yaxşılığa doğru gedir.

– Bayaq qeyd etdiniz ki, müxalifətin birləşə bilməməsində şəxsi ambisiyalar rol oynayır. Bir zamanlar gündəmdə olan və əhalidə ajiotaja səbəb olan AXCP-Müsavat birliyinin də baş tutmamasını bununla əlaqələndirmək olar?

– AXCP-Müsavat partiyalarının birləşməsi, super partiyanın yaradılması ilə bağlı bir sıra açıqlamalar oldu, səy göstərildi və Azərbaycan Xalq Cəbhəsi Partiyası birtərəfli qaydada Müsavatla birləşməkdə bir sakınca görmədiyini öz qurultayında elan etdi. Bu təklif də Müsavat başqanı İsa Qəmbər tərəfindən səsləndirilmişdi. Bu gün bizim partiyalar arasında səmimi müttəfiqlik var, yenə də bir yerdəyik. Bir partiyada birləşməsək də bir ideya ətrafında, İctimai Palatada birləşmişik. Əlbəttə, partiyalar birləşsəydi yaxşı olardı. Mənə belə gəlir ki, burada da obyektiv səbəbləri də nəzərdən keçirmək lazımdır. Məsələ Əli bəylə İsa bəyin birləşməkdə nə qədər səmimi olmasında deyil. Onların hər ikisi istəklərində səmimi idi, amma partiyalar təkcə liderlərdən ibarət deyil. Partiyanın rəhbər orqanı var, fəalları, düşüncə tərzində olan bir çox insanları və onun ideologiyasını öz yazıları ilə müəyyənləşdirən insanlar var. Onların da fikirləri mütləq şəkildə nəzərə alınır. Çünki siyasi partiyada ictimai rəy mühüm şərtdir. Digər bir tərəfdən, mən həm də Müsavat Partiyasında ortaya iddia qoymuş və partiyanın yükünü çiyinlərində çəkmiş bir sıra insanların da başqan olmaq haqqının olduğunu düşünürəm. Bunları da onların əlindən ala bilmərik. Əgər, bu gün Arif Hacılı partiya başqanı olmaq istəyirsə, digər partiya üzvləri kimi bu onun haqqıdır. Bu gün Arif bəy yenə də demokratiya uğrunda məhrumiyyətlərə düçar olaraq həbsdədir. Fürsətdən istifadə edib ona azadlıq arzu edirəm. Anası da xəstədir və ona da şəfa diləyirəm. Hakimiyyətə də çağırış edirəm ki, onun anası ilə görüşməyinə mütləq şəkildə icazə verilməlidir. Bu haqq hamıya tanınmalıdır. Bunun üçün də biz burada heç bir təhlükə görmürük. Partiyalar birləşərsə, daha yaxşı, birləşməsələr də biz bunu problem kimi görmürük.

 “İctimai Palatanın lideri nə Əli Kərimli, nə də İsa Qəmbərdir”

– Sərdar Cəlaloğlu AXCP ilə Müsavatın müxalifətin birlik yaratmasına mane olmaqda ittiham edir. Partiyalar arasında nə baş verir?

– Bu tamamı ilə həqiqətdən uzaq bir fikirdir. Sərdar Cəlaloğluna bizim böyük hörmətimiz var. Fikirlərinə də hörmətlə yanaşmağa borcluyuq. Bununla bərabər deməliyəm ki, bu fikirdə kifayət qədər yanlışlıq var. AXCP və Müsavat birləşmək ideyasında və çağırışlarında tam səmimidir. Sadəcə olaraq bir sıra partiyalarla bağlı bizim də qəlbimizdə bir sıra narahatçılığımız var. Onlar birliyin yaranmasında kifayət qədər real olmayan təkliflər irəli sürürlər. İctimai Palatada qapılar hər kəsin üzünə açıq idi. Sərdar Cəlaloğlunun İctimai Palatanı qəbul etməməkdə məqsədi nə idi? İctimai Palatanın lideri nə Əli Kərimli, nə də İsa Qəmbərdir. Sərdar Cəlaloğlu də ora qoşulan zaman onun liderlərindən birinə çevrilir. Burada kimin dividendi daha çox götürməsi məsələsi deyil. Bu fikirdə olmaq, dividend bölüşmək və birinci olmaq iddiası da olmaq bu günkü Azərbaycan reallığında xalqı daha çox qıcıqlandıran məsələlərdəndir. Çünki bu cür problemlərin əsnasında şəxsi iddialar ortaya qoymaq, dividend qazanmaq iddiasında olmağı xalqa qarşı yaxşı hal kimi dəyərləndirmirəm. Çünki bu xalq 20 ilə yaxındır ki, biz müxalifətdən dəstək gözləyir, biz müxalifətin hakimiyyətə gəlməsini gözləyir və yaxud hakimiyyətdə ciddi siyasi-sosial dəyişikliklərə nail olmağımızı istəyir. Belə bir şəkildə iddialar ortaya qoymaq, bir-birini günahlandırmaq xalqın bizdən uzaqlaşmasına səbəb olur. Bununla bağlı da narahatlıqlarımı bir neçə dəfə bölüşmüşəm. Əgər bu gün Sərdar Cəlaloğlu İctimai Palataya gələrsə, onun qarşısını kim alır? Ora gələn digərlərinin qarşısını kim alır? Heç kim. Onlar da gedib başqa birlik yaradırlar. Məsələn, Rəsul Quliyev gedib Müqavimət Hərəkatı yaratdı.

“Müqavimət Hərəkatının yaradılması Azərbaycan müxalifətinin parçalanması üçün atılmış addım kimi dəyərləndirilə bilər”

Bu nə dərəcədə düzgün idi? Açığını deyim, Rəsul müəllimə böyük hörmətim var və bu fikirləri onu tənqid etmək üçün səsləndirmirəm. Sadəcə olaraq bu fikirlə razılaşmadığımı bildirirəm. Mənə belə gəlir ki, Müqavimət Hərəkatının yaradılması Azərbaycan müxalifətinin parçalanması üçün atılmış addım kimi dəyərləndirilə bilər, Azərbaycanda müxalifətin zəiflədilməsi üçün də atılmış addım kimi dəyərləndirilə bilər. Biz bunu belə qiymətləndirmirik, amma kənardan bu belə görünür. Azərbaycan reallığında biz zəif olmağa məhkumuq. Başqa addımlar ata bilmirik. Belə bir şəraitdə yenidən həmin toparlanan qüvvəni parçalamaq, onların birləşməsinə mane olmaq, şəxsi iddialar ortaya qoymaq düzgün deyil. Çünki Azərbaycanda – mən bunu qətiyyətlə deyirəm. Kimsə inciyirsə, incisin – heç bir partiya tək başına iqtidar ola bilməz. Bu mümkün deyil.

– Müxalifətin iki yerə – radikallara və konstruktivlərə parçalanmasının səbəbi nədir? Bəlkə kadr və ya ideologiya çatışmamazlığından irəli gəlir?

– Əlbətdə ki, Azərbaycanda kadr çatışmamazlığı var. Bu təkcə müxalifətdə deyil, iqtidarda da ciddi kadr çatışmamazlığı var. Azərbaycanın istənilən komitə və nazirliklərində ciddi şəkildə kadr çatışmamazılığı var. Bu Azərbaycanın təhsilinin problemidir. Müxalifət də bundan yan keçməyib. Bizdə də kifayət qədər müxalifət nümayəndələri, ziyalılar olub, ancaq onlar zaman-zaman ya siyasətdən gedib, ya da konstruktiv mövqedə dayanmağa üstünlük veriblər. Bu gün konstruktiv olmaqla radikal olmağın sərhədləri müəyyənləşməlidir. Bunun sərhəddi nədir? Azərbaycan Xalq Cəbhəsi Partiyası radikaldırmı? Müsavat Partiyası radikaldırmı? İctimai Palata radikaldırmı? Mən onların heç birini radikal qüvvə hesab etmirəm. Mən özümü də radikal qüvvə hesab etmirəm. Çünki AXCP bu gün Azərbaycanın reallıqlarını deyir. Deyir Azərbaycanda ciddi islahatlar getməlidir. Əlbəttə getməlidir. Burada radikallıq nə var? 2010-cu ildə parlament seçkiləri keçirildi və AXCP və Müsavat partiyalarından Parlamentə heç kim düşə bilmədi. Bu reallıqdırmı. Bu gün Azərbaycanın iki əsas aparıcı müxalifət partiyalarından olan nümayəndələrdən heç kim Parlamentə düşə bilmir. Bu reallıqdırmı? Xeyir, bu reallıq deyil. Biz həqiqəti görürüksə, başqa bir şeyimi deyək? Deyək ki, bir Parlamentə düşə bilmədik, bağışlayın bunu sizə keçirik. Bu dəfə düşə bilmədik, gələn dəfə düşəcəyik. Konstruktivlik budurmu? Əgər konstruktivlik budursa, mən də, partiyam da bunu qəbul etmir. Əgər kimsə düşünürsə biz, gördüyümüz yalanlara, bizə qarşı olan məhrumiyyətlərə, bizə qarşı olan haqsızlıqlara qarşı səsimizi ucaltmamalıyıq, danışmamalıyıq və bunun da adını konstruktivlik qoymalıyıq, biz belə konstruktivliyi qəbul edə bilmərik. Əgər biz Azərbaycanda müxalif silahlı qüvvələrin yaradılması dəstəkləsəydik, xalqı qanlı inqilablara səsləsəydik, başqa xarici qüvvələrlə əməkdaşlıq edib Azərbaycanın dövlətçiliyinə ziyan gətirmək istəsəydik, bu radikalizm adlandırıla və dövlətimizə zərbə kimi dəyərləndirilərdi. Biz bunlardan kənarıq. AXCP və Azərbaycan müxalifətində təmsil olunan insanlar Azərbaycana müstəqillik qazandırmış insanlardandırlar. Bu insanlar Azərbaycanın bu günə gəlib çıxmasında və müstəqilliyinin qazanmasında canlarını əsirgəməyən insanlardır. Onlar heç bir zaman xarici qüvvələrlə əməkdaşlıq etməzlər. Heç bir zaman Azərbaycanda qanlı inqilablara çağırış edə, Azərbaycanı təhlükəyə atacaq heç bir addımı ata bilməzlər. Bunun üçün də biz özümüzü çox vətənpərvər – torpağımıza, millətimizə bağlı insanlar sayırıq. Bunun üçün də bizə qarşı  istənilən ləkənin bizə yapışmayacağı iddiasındayıq və indiyə qədər də buna nail ola bilmişik.

– Siz qeyd edirsiniz ki, Azərbacan müxalifətində təmsil olunan insanlar heç bir zman xarici qüvvələrlə əməkdaşlıq etməz. Ancaq tez-tez müxalifət liderləri, misal olaraq sizin partiyanın sədr müavini Gözəl Bayramlı “Ərəb baharı”nın gərgin vaxtlarında bildirirdi ki, biz nəyəsə nail ola bilməsək Avropadan, Amerikadan kömək istəyəcəyik.

İqtidarda və müxalifətdə insanlar haqqında deyilən satqınçılıq fikrini qəbul etmirəm

– Ümumiyyətlə mənə belə gəlir ki, bu Azərbaycan insanının və dövlətinin özünə inamının olmamasından, eləcə də bizim siyasi reallıqlarımızdan irəli gəlir. Gözəl Bayramlı o cür danışan zaman heç də demirdi ki, biz Amerika Birləşmiş Ştatlarından və Avropa dövlətlərindən xahiş edəcəyik ki, NATO qüvvələrini Azərbaycana yeritsin və Azərbaycan hakimiyyətini devirsin. Xeyir. Sadəcə olaraq biz bunu tez-tez işlədirik ki, beynəlxalq təşkilatlara müraciət edəcəyik. Bu nədən irəli gəlir? Azərbaycan ATƏT, Avropa Şurası, Avropa Birliyi və eyni zamanda BMT qarşısında öhdəliklər götürüb. Bu onun beynəlxalq öhdəlikləridir və müəyyən zaman çərçivəsində mərhələ-mərhələ yerinə yetirməlidir. Biz həmin öhdəliklərin yerinə yetirilməsi üçün çağırışlar edirik ki, həmin beynəlxalq təşkilatlar öz qanunlarına, qərarlarına hörmət etsinlər. Azərbaycan hakimiyyətini vadar etsinlər ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, amma biz heç bir zaman başqa dövlətlərə müraciət edə bilmərik ki, Azərbaycanda silahlı qarşıdurmanın yaranmasına kömək etsin, hakimiyyətin devrilməsində iştirak etsin. Biz sivil bir partiyayıq və Azərbaycanın qanunları ilə fəaliyyət göstəririk. Hərçənd ki, Azərbaycanın qanunları bizim xeyrimizə işləyən zaman tətbiq olunmur. Ancaq biz, istənilən halda Azərbaycan qanunlarından və Konstitusiyasından kənara çıxacaq heç bir addım atmarıq və atmayacağıq. Bundan əmin ola bilərsiniz.

– İdmanı xoşladığıdediniz. Hansı idman ilə maraqlanırsız?

– Mən əvvəllər boksla məşğul olmuşam, amma sonradan zədə aldığıma görə bundan çəkildim. Ümumiyyətlə mən, idman sahəsində sabit insan deyiləm. Bir iki ay karate ilə məşğul olmuşam, sonra güləşlə məşğul olmuşam. Hərəsindən bir az. Hətta bir az da bodubildinqlə. Bodubildinq zamanı üç gün ərzində idmana getdim. Məşqçi mənə dedi ki, “iki saat ərzində bu qədər ağır alətlərlə məşğul olmaq olmaz. Sonra qalxa bilməyəcəksiniz”. Mən dedim yox. Onun sözünə qulaq asmadım mənə güldü və getdi. Mən üç gün getdim və sonra on gün yerimdən qalxa bilmədim. Onunla da həmin idman növünü atmalı oldum. İndi isə həftədə iki-üç dəfə, elə olur ki, hər gün gedirəm və yüngül atletika ilə məşğul oluram. Fitnes klubda müxtəlif qol və ayaq hərəkətlərini yerinə yetirirəm, turnikdə dartınıram və sair. Bir də üzgüçülük həyatımın bir hissəsidir.

– Dövlətin gənclərə dəstəyini necə qiymətləndirirsiniz?

Mən, bu gün qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda kifayət qədər maliyyə resursları var və bu gənclərə tətbiq oluna bilər. Hal-hazırda Azərbaycanın üzdə olan gəncləri – söhbət gedir bitərəf və hakimiyyət yönlü gənclərdən – təmin olunmuş gənclər sayılır. Onların özləri üçün maliyyə imkanları yaratmaq kimi problemləri yoxdur. Amma Azərbaycan gənci min, iki min nəfərdən ibarət deyil. Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi gənclərdən ibarətdir və bunların çoxu rayon, kənd yerlərində yaşayır. Onların həyatı çox bərbad vəziyyətdədir. Bu reallığı nəzərə alaraq Prezident 2011-2015-ci illər üçün nəzərdə tutulmuş “Gənclərin İnkişafı Proqramı” ilə bağlı sərəncam imzaladı. Bununla bərabər gənclər evləri tikilir, Gənclər Fondu yaradıldı və bu il üçün ora 5 milyon vəsait ayrılıb. Gənclər və İdman Nazirliyi gənclərin layihələrinə pullar ayırır və sairə, amma buna baxmayaraq yenə də ondan yararlanan bir qrup məlum gənclərdir. Gənclərin əksəriyyəti kənarda qalıb. Burada ciddi ayrı-seçkiliyə yol verilir. Bu gün kifayət qədər müxalif fikirli gənclər var. Bunları hamımız görürük. O gənclərin gənclər təşkilatı ya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb, çoxu qeydiyyatsız fəaliyyət göstərir, bir çoxları isə tənqidi fikirlərə yer verdikləri üçün həmin fondlardan pul ala bilmirlər. Bunun özü böyük problemdir. Bu səbəbdən də mənə belə gəlir ki, Azərbaycanda rayon, kənd gəncləri ilə şəhərdə yaşayan gənclər arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır, Müxalif yönlü, müxalif fikirli və iqtidar yönlü, iqtidar fikirli gənclər arasındakı fərq aradan götürülməlidir. Belə bir nümunə olmuşdu. Məncə iki-üç il bundan əvvəl gənclər və idman naziri müxalif gəncləri də qəbul etmişdi. Bu ənənə davam etdirilməlidir və onlara da dövlətin ayırdığı vəsaitlərdən pul ayrılmalıdır. Yəni bu qeyri-mütənasiblik aradan götürülməlidir. Hesab edirəm ki, kifayət qədər ciddi işlər aparılmalıdır ki, həmin fərqlər aradan götürülsün.

“Biz nə qədər ayrı-ayrı cəbhələrin bir kənarında dayanıb bir-birimizə məcazi mənada atəş açmaqla məşğul olacağıqsa, heç nəyə nail ola bilməyəcəyik”

– Diqqət yetirmisinizsə, – mən yaşlaşmış iqtidar, müxalifət liderlərini demirəm – ümumi gənclik arasında, iqtidar-müxalifət tərəfdarları arasında bir gərginlik var. Sanki düşmən mövqedə durublar. İqtidarın doğru addımını qiymətləndirəndə müxalif gənclər iqtidarın adamı kimi qiymətləndirir və satılmış adı altında “xalq düşməni” elan edirlər, müxalifətin doğru addımını qiymətləndirəndə isə, iqtidar tərəfdarları eyni addımı atır. Bu nədən qaynaqlanır və necə aradan götürmək olar?

– Ümumiyyətlə iqtidarda və müxalifətdə insanlar haqqında deyilən satqınçılıq fikrini qəbul etmirəm. Satqın insan yoxdur. Ümumiyyətlə bu məfhum haradan gəlir? Bunun insanlara yamaq kimi yapışdırılması qəbuledilməzdir. Hər bir insanın şəxsi fikirləri ola bilər. İnsan bu və ya digər zamanda siyasi ideologiyasını da, siyasi xəttini də dəyişə bilər. Bu normal qəbul olunmalıdır. Əgər bir insan bir partiyadan digər partiyaya keçirsə, o niyə satqın olmalıdır? Ümumiyyətlə bu məfhumun özündə bir qeyri-ciddilik var. Satqınçılığın meyarını kim müəyyənləşdirir? Satqınçılıq nədir? Biz görmüşdük ki, kiminsə kimdənsə söz aparıb ara vurmanı və yaxud vətənini xarici qüvvələrə satanı satqın adlandırardılar. Yəni kim dövlətini satırsa, dövlətinin maraqlarını başqa dövlətə, insanlara satırsa, insanların bölünməsində iştirak edirsə, vətəninə xəyanət edirsə, insanlarına, ailəsinə, əqidə yoldaşlarına xəyanət edirsə, o satqın adlandırıla bilər. O cümlədən, əgər kimsə kiminsə haqqında “donos” aparıb tutulmasında iştirak edirsə, bu satqınçılıqdır. Amma insan normal olaraq fikrini dəyişib başqa fikir söyləyirsə, iqtidarla normal münasibəti olan dostları da varsa, yaxud iqtidarda olan bir insanla müxalifətdə olan bir insanın görüşməsi baş verərsə, eləcə də onlar arasında ailəvi dostluq varsa, onları satqın adlandırmaq qeyri-ciddilikdir və bunu heç kim ciddi qəbul etməməlidir. Ümumiyyətlə mən bunu çox böyük bir pis hal kimi dəyərləndirirəm.

Mənə belə gəlir ki, biz nə qədər ayrı-ayrı cəbhələrin bir kənarında dayanıb bir-birimizə məcazi mənada atəş açmaqla məşğul olacağıqsa, heç nəyə nail ola bilməyəcəyik. Mənə belə gəlir ki, normal dialoq olmalıdır. Biz baxırıq qardaş Türkiyəyə. Orada uduzan da partiya olur, udan da. Seçkidən öncə bir-birini təhqir də edirlər, lakin seçkidən sonra bir-birlərini təbrik edirlər, qucaqlaşıb öpüşürlər. Bu bir siyasi mədəniyyət nümunəsidir. Azərbaycanda həmin siyasi mədəniyyət nümunəsi yoxdur. İstər gənclər arasında, istərsə də ahıl siyasətçilər, eləcə də partiyalar arasında belə bir siyasi mədəniyyət yoxdur. Əlbəttə ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Mənə belə gəlir ki, birinci addım hakimiyyət tərəfindən atılmalıdır. Biz əzilən tərəfik. Çünki biz əzilirik, məhrumiyyətlərə düçar oluruq və bizim haqqımız tapdanır. Biz iddia edirik ki, bizim haqqımızı tapdalayan digər tərəf – iqtidardır. Bunun üçün onlar ilk addımı atmalıdırlar. Belə bir siyasi mədəniyyətin formalaşması üçün azad və ədalətli seçkilərin keçirilməsi vacibdir. Əgər bu gün mən əmin olsam ki azad və ədalətli seçki keçirilib və uduzmuşam, opponentimi qucaqlayıb öpməyə də, uğur diləməyə də və bütün iddialarımı kənara götürməyə də hazıram.

– Siz ilk addımın hakimiyyət tərəfindən atılmalı olduğunu deyirsiniz, lakin xatırlayıram, ümummili ideoloq Əbülfəz Elçibəyin vəfatı zamanı ümummili lider Heydər Əliyev jest edərək vida mərasimində iştirak etdi, hətta fəxri qarovulda da durdu. Lakin Onun vəfatı zamanı belə demək mümkündürsə, müxalifətdən heç kim vida və dəfn mərasimində iştirak etmədi.

– Mənə belə gəlir ki, əgər insan rəhmətə gedibsə, onun siyasi əqidəsindən asılı olmayaraq dəfn mərasiminə getmək bizim milli mentalitetimizdir. Mən Heydər Əliyev rəhmətə gedən zaman onun dəfn mərasiminə qatılmaqda heç bir pis əlamət görə bilməzdim. Eyni zamanda belə dəfn mərasimlərinə hər iki tərəfin qatılmasını çox məqbul sayıram. Belə bir məsələlərdə ayrı-seçkilik qoymaq və siyasi don geyindirmək qətiyyən yolverilməzdir. Bu artıq tarixdir. O zaman müxalifət iştirak etməyib. O zaman müxalifətlə iqtidar arasında ciddi qarşıdurma, ciddi fikir ayrılığı var idi. Həmçinin bir-birinə belə deyək ki, nifrət dərəcəsinə çatan məqamlar olmuşdu. Bu tip məsələlər də yəqin ki, bu cür tendensiyaların yaranmasına səbəb olur. Bizim partiyanın sədri Əli Kərimli ilə bağlı televiziyalardan, qəzet səhifələrindən şər və böhtanlar yağdırıldı, Əli Kərimlinin evinin qarşısında bir çox öyrədilmiş gənclər nalayiq şüarlar səsləndirdilər, nalayiq şər atdılar. Bütün bunlar əlbəttə ki, bəzən siyasi müstəvidən şəxsi müstəviyə keçir. Mən bu gün Əli Kərimlini başa düşmək istəyirəm ki, şəxsiyyətinə alçaldıcı hərəkətlər olunursa, təhqir olunursa, o da insandır, onun da hissləri var. Belə hərəkətlər insana pis təsir edir və Əli bəy də özündən asılı olmayaraq bəzən şəxsi müstəvidə düşünməyə vadar olur. Mən hesab edirəm ki, insanların şəxsi həyatına müdaxilə yolverilməzdir. Bu reallıqdan kənardırsa, böhtandırsa, bir insanın şəxsi həyatına böhtanla müdaxilə edib biabır etmək cəhdləri qətiyyətlə yolverilməzdir. Mən də düşünürəm ki, bu tip məqamlar müxalifətlə iqtidar arasında həmin o mədəniyyətin yaranmasına da maneçilik törədən faktorlardandır.

“Yeni Azərbaycan Partiyası dialoqa gələn zaman hər hansı bir kompromisə hazır olmalıdır”

– Xocalı soyqırımının 20-ci ildönümü günü müxalifətlə iqtidar vahid mövqedən çıxış edərək yürüş keçirdi. Bundan sonra iki qüvvənin dialoq məsələsi yenidən gündəmə gəldi. Müxalifətlə iqtidar arasında dialoq məsələsi bizdə niyə alınmır?

– Ona görə bizdə dialoq baş tutmur ki, dialoqa gedən zaman kompromislərə hazır olmaq lazımdır. Qüsurlu analoq olsa da götürək Azərbaycan prezidenti ilə Ermənistan prezidentini, 18 ildir görüşürlər. Ortada nəticə varmı? Heç bir nəticə yoxdur. Niyə? Çünki Azərbaycan artıq bütün kompromis limitini tükədib, Ermənistan tərəfindən isə qətiyyətlə heç bir kompromis yoxdur. Onların danışığı da siyasi oyuna çevrilib. Biz də bilirik ki, hər hansı bir danışıqdan heç bir nəticə hasil olmayacaq. Bunun üçün də politoloqlar haqlı olaraq deyir ki, heç bir nəticə gözləmirik. Çünki əvvəlcədən bilirik ki, Ermənistan heç bir kompromisə getməyəcək, Azərbaycan da yeni bir kompromisə hazır deyil. Bu gün də danışıqlara gedən zaman kompromisə hazır olan və xüsusi bir predimet ətrafında müzakirələr aparılır və hər iki tərəfdən həmin o predimet üzrə danışıqlardan kompromis variantlar nəzərdən keçirilir. Hər iki tərəf həmin kompromislərə hazır olduğuna dair istəklərini ortaya qoyur. Bu istəklər yoxdursa, dialoq da yoxdur. Çünki Yeni Azərbaycan Partiyası (YAP) dialoqa gələn zaman hər hansı bir kompromisə hazır olmalıdır. Əgər gəlib oturub yenə də eyni şeyləri təkrar edəcəksə – Azərbaycanda insan hüquqları pozulmur, siyasi məhbuslar yoxdur, jurnalistlərə təzyiqlər yoxdur, sərbəst toplaşmaq azadlığı təmin olunur, müxalifət cığaldır, bizim verdiyimiz yerə getmək istəmir və sair, mən də əks tərəfdən deyəcəm ki, Konstitusiya hüququmuzu pozursunuz, bizim artıq “2 Aprel” hadisələrində siyasi məhbusumuz var, həbsdə olan jurnalistimiz var və faktlar gətirəcəm ki, “Fredum Haus” bunu dedi, ABŞ Departamenti, ATƏT hesabatında bunu açıqladı və sair. Sonra hərə öz işinə gedəcək və danışıqlar prosesi iki-üç il ləngiyəcək. Bunun üçün əvvəlcədən predmet müəyyənləşdirilməlidir, jurnalistlər də ictimai rəyi hazırlamalıdır ki, YAP hansı güzəştlərə, müxalifət hansı güzəştlərə hazırdır. Bundan sonra masa arxasında oturmaq olar.

– Bu gün Azərbaycanda heç kimin diqqət yetirmədiyi, ancaq genefondumuz üçün böyük təhlükə olan məqam var – regionlarda yetkinlik yaşına çatmayan qızların ailə qurması. Bəlkə başlanğıc üçün müxalifət bununla bağlı təklifini versin və iqtidarla bunun həlli yollarını birgə axtarsınlar? Dialoqa bundan başlamaq olarmı?

– Əlbəttə ki, bu bizim milli problemimizdir və bundan da başlamaq olar. Amma mənə belə gəlir ki, daha çox siyasi xarakterli məsələlərdən də başlamaq olar. Deyək ki, “Siyasi Partiyalar Haqqında” qanundan. Mən bunu sizə ilk dəfə açıqlayıram. Mənim ATƏT-lə və digər səfirliklərdə görüşüm olan zaman məndən soruşulmuşdu ki, iqtidarla müxalifət arasında hansı mövzular üzrə dialoq gedə və razılaşma ola bilər, mən o təklifi vermişdim ki, “Siyasi Partiyalar Haqqında” qanunu müzakirə etmək olar. Bu iqtidarla müxalifətin bir araya gəlməsində də rol oynaya bilər. Yəni biz, o dərəcədə aşağı səviyyədən başlaya bilərik. Bildiyimə görə, artıq ATƏT dialoq barədə düşünür və yəqin ki, baş tutacaq. Əsas odur ki, burada mövzu olsun və hər iki tərəf bunu müzakirə etməyə razı olsun. Artıq müzakirə əsnasında kompromislər də əldə oluna bilər.

“Onlar isə bizim təkliflərimizi qeyri-dəqiq adlandırdılar, onu lağ-lağı obyektinə çevirdilər”

– İqtidar təmsilçiləri tez-tez bildirir, konkret olaraq ANS TV-də keçirilən debatların birində YAP-çi millət vəkili Aydın Mirzəzadə açıq  şəkildə bildirdi ki, biz də müxalifətdə olsaydıq, deyəcəkdik ki, ölkədə bahaçılıqdır, insan hüquqları pozulur və sair və ilaxır. Müxalifətçilər konkret təklifləri ilə çıxış etsinlər. Bəlkə müxalifət özü dialoq təklifi ilə çıxış edə?

– Biz İctimai Palata olaraq hələ keçən il hakimiyyətə yumşaq demokratiyaya keçid layihəsini təklif etmişik. Orada müzakirə olunacaq çox ciddi məsələlər yer alıb və o məsələlərdən istəniləninin ətrafında müzakirə aparmağa hazırıq. Yəni təkliflərimizi keçən il təqdim etmişik. Onlar isə bizim təkliflərimizi qeyri-dəqiq adlandırdılar, onu lağ-lağı obyektinə çevirdilər, aşağıladılar və sair. Biz istənilən halda təkliflərimizi veririk və bu gün də verməyə hazırıq. Mənə belə gəlir ki, müxalifət heç bir halda dialoqdan qaçmır. Çünki biz başa düşürük ki, istənilən halda dialoq baş verməlidir.

– Dağlıq Qarabağ danışıqlarının sonunu necə görürsünüz?

– Hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə aparılan danışıqlar siyasi spekuliyasiya mərhələsinə keçib. Mən, həmsədrlərin vasitəçiliyi ilə prezidentlər arasında keçirilən danışıqlardan nəticə gözləmirəm. Hesab edirəm ki, istənilən halda Ermənistan Dağlıq Qarabağın müstəqillik qazanması ideyasından geri çəkilməyəcək. Eyni zamanda Azərbaycan tərəfi də indiki iddiasından geri çəkilməyəcək. Artıq Azərbaycanın kompromis limiti yoxdur. Mən bunun köklərinə səfər etmək istəyirəm. Ermənistan prezidenti kompromisə niyə hazır deyil? Çünki Serj Sarqsyan bilir ki, kompromisə getdiyi an Levon Ter-Petrosyanın taleyini yaşayacaq, onun hakimiyyəti devriləcək. Azərbaycan Prezidenti də çox gözəl başa düşür ki, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı hər hansı bir addıma razılaşarsa və gələcək perspektivdə buna imkan yaranarsa, o da Azərbaycanda hakimiyyətini itirə bilər. Çünki Azərbaycan xalqı və müxalifəti bununla razılaşmayacaq. Bunun nəticəsidir ki, prezidentlər hakimiyyət dövrlərində belə bir riskə getmək istəmirlər. Çünki münaqişənin həllində güzəştlərə getmək hakimiyyətin itirilməsi deməkdir. Bu səbəbdən də belə hesab edirəm ki, Ermənistanda və Azərbaycanda iqtidarlar müxalifətlə, aparıcı ictimai təşkilatlarla və xalqın ziyalı təbəqəsi ilə ciddi şəkildə məsləhətləşmələr aparıb kompromis variantını tapmalıdır. İlham Əliyev danışıqlar zamanı bilməlidir ki, mən nələri etsəm Bakıya qayıdan zaman müxalifətin və xalqın təpgisi ilə qarşılaşmayacam. Əgər o razılaşma olarsa, bu iqtidarla müxalifət arasında danışıqların mövzusu ola bilər. Biz nəyə hazır ola bilərik? Azərbaycan müxalifəti hansı məsələlərdə güzəştlərin tərəfdarı ola bilər? Güzəşt sərhədimiz haradır və Azərbaycan Prezidenti hara qədər güzəştə gedə bilər. Eyni proses də Ermənistanda baş verməlidir. Bu baş verməsə, mən heç bir beynəlxalq təşkilatın və dövlətin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağına inanmıram. Düşürürəm ki, münaqişənin həlli və siyasi iradə Ermənistanın və Azərbaycanın özündədir.

– Razi Nurullayev siyasətdə nəyi qazanıb, nəyi itirib?

– Mən siyasətdə ürəyimi boşaltmaq imkanları əldə etmişəm. Siyasətdə olmayan zaman dediyim fikirlər bəlkə də məni tanıyanlar və ya az insanlar tərəfindən eşidilirdisə, bu gün dediyim fikirlərin sərhədləri bütün Azərbaycana sirayət edir, Azərbaycan insanları oxuyur. Siyasətdə fikirlərimi açıq demək imkanı qazanmışam. Eyni zamanda, siyasi hakimiyyətimiz olan zaman, xarici siyasət sahəsində bir portfelə sahib olmaq şansı qazanacam və s.

Bütün siyasətdə olanlar kimi, mənim də itirdiklərim çoxdur. Siyasi baxışlarıma görə bir çox yerlərdə qəbul olunmuram. Xüsusi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və Əli Kərimlinin müavini olduğum üçün əvvəllər qəbul olunduğum yerlərdə də qəbul olunmuram. Siyasi baxışlarıma görə, bir çox yerlərdə rahat otura, danışa, hərəkət edə bilmirəm. Bundan əlavə siyasətlə məşğul olmağım mənim maliyyə imkanlarımın tam olaraq azalmasına gətirib çıxarıb. Mən partiyada olmayan zaman qeyri hökumət təşkilatı olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirdim. Bunun nəticəsində də maliyyə imkanlarım, çoxlu xarici səfərlərim olurdu. Məni bir neytral ekspert kimi bir çox yerlərə dəvət edirdilər. Bu dəvətlərə, etdiyim çıxışlara, məruzələrə görə kifayət qədər böyük məbləğdə pul ödəyirdilər. Amma indi bütün bunlardan məhrumam. Çünki heç bir xarici təşkilat da, donor da siyasi partiya mənsubiyyəti olan insanlarla işləməyə üstünlük vermir. Bunun da səbəbi odur ki, Azərbaycan hakimiyyəti ilə üz-göz olmaq istəmir. Bunu da başa düşmək lazımdır. Ancaq mən bundan peşman deyiləm. Çünki hesab edirəm ki, burda itirirəmsə xalqın istəyini də, hörmətini də qazanmağa başlamışam. Vətəndaşlar mənə hörmətlə yanaşırlar, bu mənə mənəvi zövq verir və itirdiklərimi yadımdan çıxarıram.

Razi Nurullayev özünə hansı sualı verir?

– Övladlarınızdan hansınınsa siyasətlə məşğul olmasını istəyərdiniz?

– Mənim iki qızım var. Onlara yaxşı təhsil verməyə çalışıram. Artıq azyaşlı olmaqlarına baxmayaraq rus dilini mükəmməl bilirlər, ingilis dilində danışmağı bacarırlar, kompüterdə müəyyən qədər işləyirlər. Düzdü mən imkan vermirəm ki, kompüterdə yarım saatdan artıq otursunlar. Onlara bir başa nəzarət edirəm ki, ədəbiyyat da oxusunlar. Yollarını özləri müəyyənləşdirəcəklər. Azərbaycanın indiki siyasi reallığında, belə bir şəraitdə onların siyasətdə olmasına imkan verməzdim. Çünki mən o məhrumiyyətləri görmüşəm. Düzdü Azərbaycan xalqı məhrumiyyətdə yaşayırsa mən öz qızlarım üçün böyük və çox gözəl gələcək yaratmaq iddiasında da deyiləm. Əgər xalq necədirsə, onlar da xalqın bir hissəsi olmalıdır. Çünki mənim bir siyasətçi kimi bu xalqın qarşısında öhdəliklərim var və mənim ailəm, övladlarım da həmin öhdəliklərə təhkim olmağa məhkumdurlar. Mən onlar üçün xalqdan fərqli həyat qurmaq istəməzdim. Eyni zamanda istərdim ki, onlar gözəl təhsilə sahib olsunlar və seçdikləri sahədə xidmət göstərsinlər. Yəni seçimlərində sərbəst olacaqlar və mən onlara təzyiq göstərməyəcəm. Məsləhətlərimi isə verəcəm!

Müsahibiniz Razi Nurullayev olsaydı, hansı sualı verərdiniz?

– Mən ona sual verərdim ki, sənin 20 yaşdan 30 yaşına gələnə kimi qarşında böyük imkanlar açılıb. Bu imkanları sənin özün yaratmışdın. Yəni, belə yaratmışdın ki, bir neçə dili mükəmməl bilirdin, xaricə tez-tez səfərlər edirdin, sənə ciddi təkliflər gəlirdi və əlində də kifayət qədər maliyyə resursları var idi. Mən sual verərdim ki, sən onlardan niyə yetərincə effektiv istifadə etmədin? Ciddi planlar qurmadın və əlindəki resursları imkanlara çevirə bilmədin? Niyə həmin o gözəl anları boşuna verdin və bu gün də onların nostalgiyası ilə yaşamalı olursan?

– Razi Nurullayev bu sualı necə cavablandırardı?

– Deyərdim ki, mənə ciddi şəkildə ağıl verən, düzgün yola çəkən və resurslardan düzgün istifadə etməyi öyrədən ağsaqqalım olmayıb. Bundan əlavə hansı çətinliklərin olacağını mənə başa salan da olmayıb. Bu səbəbdən də müstəqil addım atmışam və səhvlərə yol vermişəm. Amma bu səhvləri etməyə də bilərdim, amma etmişəm və əlimdən də bir şey gəlmir. Mən bunun günahını onda görürəm ki, tərbiyə aldığım ailədə çox uşaq olmuşuq, kasıb yaşamışıq, ailəmiz də fəhlə ailəsi olub, təhsil aldığım məktəb də aparıcı olmayıb. Mən öz başıma özüm çarə qılmalı olmuşam. Bakıya gələn zaman da Bakının yolunu tanımadan gəlmişəm. Öz ağlıma uyğun hərəkətlər etmişəm və bunlar da əlbəttə ki, kifayət qədər səhvlər etməyə məcbur edib. Ancaq mən deyim ki, peşman deyiləm. Çünki mənim başqa alternativim də olmayıb.

SON

Məhərrəm AĞALAROĞLU

Oxucu.info

Related Articles

Back to top button